Azərbaycanın iyun ayında ev sahibliyi edəcəyi Formula 1 yarışı ilə bağlı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai suallarımızı cavablandırıb.
- Nigar xanım, dekabrın 19-dan yarışlar üçün onlayn bilet satışına start verilib. Satışın ilkin mərhələsi haqda məlumat verə bilərsinizmi? Bu günədək nə qədər bilet satılıb?
- Bilet satışlarının başlanmasından artıq bir ay keçib və Formula 1 yarışını Bakıda izləmək istəyənlərin sayı hər ötən gün artmaqdadır. Bu günə olan məlumata görə, bilet alanların böyük hissəsi Rusiya və Azərbaycan vətəndaşlarıdır. Ən sevindirici hal odur ki, satılan biletlərin əksəriyyəti yəni 65%-i xarici ölkələrdən alınıb. Bu ölkələri müvafiq ardıcıllığa görə Rusiya, Böyük Britaniya, Ukrayna, Niderland Krallığı, Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri və Almaniya izləyir. Oturaq və ayaqüstü yerlər üçün ümumilikdə 30 minə yaxın bilet satışı nəzərdə tutulub. Azərbaycan vətəndaşları üçün bilet qiymətlərində 20-40 % nisbətində endirimlər təklif olunur. Biletlərin sayı məhduddur və yerdən asılı olaraq qiymətlər müxtəlifdir.
- Yarışlara hazırlıq hansı mərhələdədir? Forumula 1-in keçiriləcəyi tras tamamilə nə zamana hazır olacaq? Zəhmət olmasa, yarışla bağlı əməliyyatı həyata keçirən şirkət və mütəxəssislər barədə məlumat verərdiniz. Yerli mütəxəssislər bu işə cəlb olunubmu?
- Yarışa hazırlıq işləri müəyyən olunmuş plana əsasən həyata keçirilir. Yarış zamanı istifadə olunacaq yollarda yarana biləcək nasazlıqların qarşısının indidən alınması məqsədilə aidiyyəti qurumlar tərəfindən önləyici tədbirlər görülür. Məlum olduğu kimi, ötən il Birinci Avropa Oyunları ilə Bakıda infrastruktur baxımından, o cümlədən nəqliyyat, mehmanxana, bank, turizm-iaşə və başqa sahələr üzrə çox iş həyata keçirilib. Buna görə də Formula 1 yarışı üçün demək olar ki, tələb olunan infrastrukturun böyük hissəsi artıq hazırdır. Digər tərəfdən məhz Formula 1 yarışı üçün salınacaq asfalt qatının çəkilişi, tamaşaçı tribunalarının tikintisi, trek boyunca beton baryerlərin və Hökumət Evinin qarşısında Formula 1-ə aid xüsusi qurğuların quraşdırılması işləri plana uyğun olaraq mərhələli şəkildə aparılır. Bu işlərə yerli mütəxəssislərlə yanaşı xaricilər də cəlb olunub. BŞH artıq yarış üçün gərəkli olan daimi işçi heyətinin böyük əksəriyyətini işə cəlb edib. Əməkdaşların çoxu məhz yerli mütəxəssislərdir. Yerli mütəxəssislərlə yanaşı xaricilər də yarışın təşkilatçılığında yaxından iştirak edirlər. Onlar əsasən tikinti, təhlükəsizlik və satış xidmətləri işlərində fəaliyyət göstərirlər. Şirkət növbəti aylarda müvəqqəti işçilərin qəbuluna başlayacaq və işçi heyətinin ümumilikdə 250 nəfərə çatdırılması nəzərdə tutulub.
- Formula 1-ə qatılacaq pilotların adları artıq bəllidirmi? Hansı dünya şöhrətli idmançıların bu yarışlarda iştirak edəcəyi gözlənilir?
- Formula 1 yarışı hər il keçirilir. Yarışlarda, adətən, 10 komanda, hər komanda üzrə iki pilot olmaqla ümumilikdə 20 pilot iştirak edir. İndiki dönəmdə Formula 1 yarışına qatılan bütün komandalar bir qayda olaraq 2016-cı il üçün pilot heyətini formalaşdırmaq mərhələsindədirlər. Əminik ki, ötən ilki pilotların əksəriyyəti bu yay Bakıda keçiriləcək Avropa Qran Prisində yarışacaqlar. Bu məqamda bir yeniliyi nəzərinizə çatdırmaq istəyirəm. Formula 1 yarışlarına bu il amerikalıların rəhbərlik etdiyi “Haas” komandası qoşulub.
- Yarışmanın tamaşaçıları dünya şöhrətli ulduzları da görə biləcəkmi? Yarışın açılış mərasiminə dəvətlilər sırasında tanınmışlardan kimlər var?
- Yarış ərəfəsində yarış trekinə paralel olaraq Dənizkənarı Bulvarda Formula 1 şəhərciyi qurulacaq. Yarış cümə, şənbə və bazar günlərində baş tutacaq. Həftəsonu zamanı yarışı izləməyə gələn tamaşaçılar Bakının dənizkənarı bulvarında qurulacaq Formula 1 şəhərciyində gözəl vaxt keçirə biləcəklər. Biz burada müxtəlif yaş qrupları üçün fərqli əyləncə tədbirləri, o cümlədən yerli və xarici estrada ulduzlarının iştirakı ilə konsert proqramları təşkil edəcəyik. İsti yay günlərində həftəsonunu ailəsi ilə birgə keçirmək istəyənlər üçün burada əvəzolunmaz imkanlar olacaq. Lakin bunu da unutmayaq ki, Avropa Qran Prisi Formula 1 Dünya Çempionatının təqviminə əsasən keçiriləcək 21 Qran Prilər sırasında 8-cidir. Buna görə də, bu növ yarışlar üçün möhtəşəm açılış və bağlanış mərasimləri xarakter deyil. Ancaq yarışdan əvvəl milli mədəniyyətimizi əks etdirən 30-dəqiqəlik bir musiqili təqdimata yer verəcəyik və sonda təntənəli bir podium mərasimi təşkil olunacaq.
- Ötən il Azərbaycanda I Avropa Oyunları zamanı müxtəlif idman yarışları yerli auditoriyanın çox böyük marağına səbəb oldu. Formula 1 yarışında da analoji marağın olacağı gözlənilirmi? Ümumilikdə nə qədər turistin gələcəyi proqnozlaşdırılır?
- Formula 1 Yay Olimpiya Oyunları və futbol üzrə dünya çempionatlarından sonra ən çox izləyiciyə sahib böyük idman yarışıdır. Ümumilikdə 187 ölkədə 500 milyondan çox tamaşaçı Formula 1 üzrə keçirilən Qran Pri yarışlarını izləyir. Formula 1-in sadiq azarkeş kütləsi var, onlar yarışı izləyir, yarışın keçiriləcəyi ölkələrə səfər edir. Avropa Qran Prisini izləmək üçün Bakıya 10 mindən çox turistin gələcəyi gözlənilir.
- Üç gün davam edəcək yarış zamanı nəqliyyatın axınının tənzimlənməsi üçün hansı addımlar atılacaq?
- Yarış iyunun 17-dən 19-dək davam edəcək. Cümə günü məşq sessiyası, şənbə günü təsnifat yarışı və bazar günü də əsas yarış baş tutacaq. Bu günlər ərzində trek üzərinə düşən yollar yarış saatlarında tamamilə, qeyri-yarış saatlarında isə qismən bağlı olacaq. Bununla əlaqədar olaraq şəhər sakinlərinin maneəsiz hərəkəti üçün alternativ marşrutların hazırlanması üzrə müvafiq dövlət qurumları ilə iş gedir. Plan hazır olan zaman paytaxtda müvəqqəti infrastruktur dəyişiklikləri ilə bağlı müvafiq ismarıclar və təbliğat-maarifləndirmə işləri aparacağıq.
- Yarışın yayım hüququ hansı televiziyalara məxsus olacaq?
- Yarışlar Formula One Management (FOM) təşkilatının rəsmi yayım tərəfdaşlarının vasitəçiliyi ilə 187 ölkədə və 5 qitədə yayımlanacaq. Azərbaycanda isə uzun müddətdir bir sıra böyük idman yarışının, o cümlədən Formula 1 yarışının yeganə yayımcısı İdman Azərbaycan telekanalıdır. Ümid edirik ki, İdman Azərbaycan kanalı Avropa Qran Prisi üçün də yayım hüququ əldə edərək yarışı bizlər üçün işıqlandıracaq.
- Yarışda dörd min könüllünün iştirak edəcəyi haqda məlumat verilmişdi. Artıq könüllülərin seçiminə başlanılıb?
- Ötən ayın sonlarında Avropa Qran Prisi üçün Könüllülük və Marşal proqramlarına start vermişik. Hər iki proqramda iştirak könüllülük əsasındadır. Proqramların minimal tələblərini ödəyən hər kəs Avropa Qran Prisində könüllü olaraq işləyə bilər. Bu proqramlara maraq olduqca böyükdür. Fevral ayında Könüllülər Mərkəzini istifadəyə vermək niyyətindəyik. Həmin mərkəzdə könüllülərin seçimi prosesi həyata keçiriləcək. İntervyu və təlim sessiyalarından uğurla keçən namizədlər yarışın könüllüsü olacaqlar. Formula 1 kimi mötəbər tədbirin uğurla həyata keçirilməsi üçün yarış vaxtı qonaqları qəbul etmək, idman sahəsində işləmək və ya media üzvlərinə və fəxri qonaqlara kömək göstərmək kimi müxtəlif vəzifələrdə çalışacaq 5 mindən çox könüllü tələb olunur. Könüllü olaraq çalışmaq və yarış həyəcanını yaxından yaşamaq istəyən gənclər üçün əməliyyat şirkəti dekabr ayında “Könüllülər” proqramına start verib. Ötən bir ay ərzində proqrama maraq böyük olub və indiyədək 5 minə yaxın könüllü bu proqramda qeydiyyatdan keçib. Formula 1 yarışının həyəcanı və coşğusunu yaşamaq imkanı verən “Marşal” proqramına isə indiyədək 350-yə yaxın müraciət olub. Ümumilikdə 1000-ə yaxın marşalın cəlb olunmasını nəzərdə tutan proqram könüllülük prinsipinə əsaslanır. Əməliyyat şirkəti bu işi Azərbaycan Avtomobil Federasiyası ilə birgə aparır Eyni zamanda Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və bir sıra digər əlaqədar dövlət qurumları yarışa hərtərəfli hazırlıq işlərinin görülməsində BŞH-ə yaxından dəstək göstərir. Bundan başqa, Bəhreyn Avtomobil Federasiyası ilə qurulmuş tərəfdaşlıq çərçivəsində yerli marşallara xüsusi təlimlər keçirilir və bu ölkənin marşallıq təcrübəsi öyrənilir.
Nərgiz Ehlamqızı