YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə ölkədə bəzi məhsulların qiymətlərinin bahalaşması, bəzi iş adamlarının bundan sui-istifadə etməsi, eləcə də, süni qiymət artımının doğurduğu fəsadlarla bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
- Azərbaycanda süni bahalaşmanın olduğu bildirilir. Bu barədə nə deyə bilərsiz?
- Ölkə əhalisi, qiymətləri bahalaşdıranlar bilsinlər ki, xalq süni qiymət artımının qarşısını alacaq. Amma təəssüf ki, bəzi işbazlar qısa zaman ərzində müəyyən gəlir götürməyə çalışdılar. Öz gəlirlərini düşünənlərlə yanaşı, ümumi problemi öz problemi kimi qəbul edənlər də var. Görülən tədbirlər bir sıra məhsulların qiymətlərinin normal həddə düşməsinə səbəb olub.
- Ötən həftə bir neçə rayonda aksiyalar oldu. Bu aksiyaları necə qiymətləndirirsiz?
- Bir neçə rayonda aksiyalar oldu. Mətbuatdan tanış oldum aksiyalarla. Hər birinin özünəməxsus səbəbi var. Bəzi rayonlarda insanlar iş yerlərinin olmamasına etiraz edirdilər, başqa bir rayonda süni qiymət artımı, monopoliyadan narazılıq edilirdi, sosial problemlər qaldırılırdı və s. Görülən tədbirlər, insanlarla keçirilən görüşlər, onları dinləmək, əsasən qaldırılan məsələlərin həllinə imkan verib. O yerlərdə ki, insanlarla sıx işlənilir, vəziyyətlə bağlı maarifləndirmə tədbirləri görülür, yeni iş yerləri açılır, sahibkarlığa kömək edilir, orada sabitlikdir, narazılıq yoxdur. Mümkündür ki, insanlarla təmas zəif olduğu üçün aksiya keçirilən rayonlarda belə bir vəziyyət yaranıb. Qısa zamanda aksiyalarla bağlı tədbirlər görüldü, insanlar dinlənildi, problemlərin həllinə kömək göstərildi. Yəqin ki, bundan sonra əvvəlki vəziyyət bərpa olunacaq.
- Cəbrayıl İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev etiraz edən insanları aşağılayan ifadələr işlətdi və bununla bağlı mətbuatda videogörüntülər dərc edildi. Dövlət qulluqçusunun bu cür davranışı barədə nə deyə bilərsiz?
- Qeyd etdiyiniz video ilə tanış deyiləm, amma ümumi məlumatım var. Hesab edirəm ki, icra başçıları insanlarla işini həmişə müasir səviyyədə qurmalı, insanların müraciətlərini diqqətlə dinləməli, onları qəbul etməlidir. Heç bir halda vətəndaşı aşağılamaq, təhqir etmək olmaz. Bu gün onlar hansısa problemin həllilə bağlı icra hakimiyyətinin qapısını döyürlərsə, o qapı geniş açılmalıdır. İnsanların problemləri ümumiləşdirilib müvafiq nazirliklər, idarələrlə həll edilməlidir. Heç bir halda şəxsiyyətə toxunmaq, insanları acılamaq, onları qapı arxasında qoymaq olmaz. Mən respublikamızın çətin dönəmlərində, 93-97-ci illərdə əvvəlcə başçı köməkçisi, sonra müavin işləmişəm. Gün olub ki, 16-18 saat icra hakimiyyətinin binasında qalmışıq. Günlərlə evə getməmişik, sutkada yüzlərlə insanı qəbul etmişik. İndiki dövrlə həmin dövrü müqayisə etmək doğru olmazdı. Biz hər bir insanın icra hakimiyyətinin binasından razı getməsinə, problemlərinin həllinə çalışmışıq. Azərbaycanda belə rayon, şəhər icra hakimiyyətləri çoxdur. Təəssüf ki, bəzən dövlət qulluqçuları vətəndaşlara qarşı belə sayğısızlıq edir. Yəqin ki, həmin icra başçısı çıxış edib öz hərəkətlərinə görə üzrxahlıq edəcək.
Belə təəssürat yaranır ki, müxalifət partiyaları bu cür vəziyyətin yaranmasında, davam etməsində, problemin dərinləşməsində maraqlıdırlar. Bax, problemlərə yanaşmada Heydər Əliyev yolu ilə müxalifətin yolu arasındakı fərq bundadır. Hakim Yeni Azərbaycan Partiyası çalışır ki, problemlər həll edilsin, gərginlik aradan qalxsın, insanların sosial vəziyyəti pisləşməsin. Müxalifət isə hansısa gərginlik yarananda onun uzun müddət davam etməsini istəyir. Hesab edirəm ki, hər zaman olduğu kimi, bu gün də müxalifət yanaşmasında yanılır. Düşünürəm ki, problemlər həll ediləcək. Cənab Prezidentin rəhbərliyi altında Nazirlər Kabinetində keçirilən iclasda problemin kökü izah edildi, görülən və görüləcək işlərdən danışıldı. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu əmək haqları və pensiyaların artırılması ilə bağlı təkliflər hazırlayırlar. Hesab edirəm ki, həmin əhalinin müəyyən hissəsi özünün əvvəlki vəziyyətini bərpa edəcək.
- Deputat həmkarlarınızın ölkədə baş verən proseslərə reaksiyası sizi qane edirmi?
- Parlament hazırda qış fasiləsindədir. Fevralın 1-də Milli Məclisin yaz sessiyası başlayır. Amma buna baxmayaraq deputatlar mətbuatla sıx işləyirlər. Problemlərin həllinə çalışırlar, maarifləndirmə işləri aparırlar, öz təkliflərini verirlər. Əhali mətbuatda, telekanallarda öz səlahiyyət verdiyi şəxsin fəallıqlarını görür. Biz xalqın bir hissəsiyik, xalq bizə etimad göstərib, ona görə də bu məsələlərdə kənarda qala bilmərik.
Ramil