Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Teleqraf.com iclasda toxunulan məsələlərin aktuallığını nəzərə alaraq Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadənin fikirlərini öyrənib. Partiya sədri öncə Azərbaycandakı multikultralizmlə bağlı mühitə toxundu.

- Azərbaycanda multikultralizmin dərin kökləri var. Bu, bir növ bizim həyat tərzimizə çevrilib. Ölkəmizdə müxtəlif dinlərin, xalqların nümayəndələrinin mehriban şəraitdə yaşaması bir sıra problemlərin, yaşanan böhranın həllinə töhfə verə bilər. Azərbaycanda İslamın bütün qanadları tarixən qarşılıqlı hörmət, dözümlülük şəraitində yaşayıblar. ABŞ, Avropa ölkələrindən, İsraildən gələn qonaqlar buradakı tolerant mühütə həsəd aparırlar. Xüsusilə də, burada yəhudilərin həyatı onların marağına səbəb olub. Azərbaycanda Multikulturalizm Mərkəzi Şərq və Qərb arasında çox gözəl körpüdür.

- Amma bu gün Avropada fərqli dinlərdən, millətlərdən olanlara qarşı aqressiv münasibətin şahidi oluruq. Bu nə ilə bağlıdır?
- Bu, çox ciddi məsələdir və bizi narahat etməyə bilməz. Avropa və Yaxın Şərqdə müsəlmanlarla bağlı çox xoşagəlməz hadisələr baş verir. Aqressiv yanaşmalar müsəlmanlar üçün təhlükə mənbəyinə çevrilib. Bu mənada Azərbaycanın bəşəriyyət üçün dəyəri artıb.

- Azərbaycan Yaxın Şərqdə baş verən proseslərlə bağlı hansı mövqeni tutmalıdır?
- Prezident İlham Əliyev yanvarın 10-da keçirdiyi müşavirədə qeyd etdi ki, Yaxın Şərqdə baş verənlər, eləcə də, kəskinləşən Səudiyyə Ərəbistanı-İran, Türkiyə-Rusiya münasibətləri Azərbaycanı narahat edir. Biz münaqişələrin həllinə müsbət töhfə verməyə hazırıq. Qarşılıqlı hörmət və əməkdaşlığa üstünlük verən Azərbaycan bir sıra sahələr üzrə dünya üçün ciddi əhəmiyyət kəsb edir. Bizim bir sıra üstün cəhətlərimiz var ki, dünya ölkələri bundan müsbət mənada yararlana bilər.

- Kəskinləşən Səudiyyə Ərəbistanı-İran, Türkiyə-Rusiya münasibətlərində Azərbaycan tərəf tutmalıdırmı?
- Bu cür məsələlərdə Azərbaycan öz dəyərlərinə, maraqlarına arxalanmalıdır. Azərbaycanın xarici siyasətin üçün qarşıdurmaya meyllilik, qruplaşmalarda olmaq xarakterik deyil. Biz sülh və əmin-amanlığın tərəfindəyik.

- Dünyada gedən maliyyə böhranı Azərbaycan iqtisadiyyatına nə vəd edir?
- Azərbaycan iqtisadiyyatı üçün maraqlı sınaq dövrü başlanıb. Biz iqtisadi islahatları sürətləndirməli, enerji asılılığını azaltmalıyıq. İş adamlarının fəaliyyəti üçün hər cür şərait yaradılmalıdır. Prezident iqtisadi islahatların aparılması üçün lazımi sərəncamlar imzalayıb, göstərişlər verib. Sadəcə, onların icrası ləngiyir. Dövlət strukturları prezidentin fərman və sərəncamlarından irəli gələn məsələlərin icrasını sürətləndirməlidirlər. Struktur islahatlara ehtiyac var.

Ayxan