Vüqar Bayramov: "Nazirlik bu təklifi bəyəndi"
Azərbaycanda ailədə ikinci qız uşağı üçün dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi məsələsi son günlər aktuallaşıb.
İqtisadçı ekspert Vüqar Bayramov “Azərbaycan Respublikası əhali sakinliqi və demoqrafik inkişaf” üzrə dövlət proqram layihəsinin müzakirəsi zamanı belə təkliflərin irəli sürüldüyünü bildirib.
Hadı Rəcəbli: "Necə ola bilər ki, məbləği qıza vermək olar, oğlana yox"
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli isə məsələni təkzib edərək, gündəlikdə belə bir məsələnin olmadığını bildirib.
“Azərbaycanda ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılacağı və onların hesabına 10 min manat vəsaitin köçürüləcəyi ilə bağlı yayılan xəbərlər əsassızdır. Bunlar boş söhbətdir və sosial informasiyadır. Necə ola bilər ki, məbləği qıza vermək olar, oğlana olmaz?, - deyə H.Rəcəbli APA-ya deyib.
Dünyada başqa bir təcrübənin olduğunu da bildirən komitə sədri vurğulayıb ki, demoqrafik təhlükəsi olan bəzi ölkələrdə problemi aradan qaldırmaq üçün iki uşağı olan ailələrə üçüncü uşaq olduqda əlavə vəsait verirlər: “Azərbaycanda isə uşaqların orta sayı artır. İldə təbii artım 125-130 mindir. 18 ildən sonra ona yer, ev, iş tapmalıyıq, yemək verməliyik. Bunun əlavə həvəsləndirməsi də olsa kasıbın, imkansızın, əlilin uşağı daha çox olacaq. Əslində isə biz deməliyik ki, kimin pulu varsa, onun uşağı çox olsun. Evdə 4 it saxlayır, amma 1 uşağı var. Belə hallar ayıbdır”.
Vüqar Bayramov: "Depozitlərin məhz qızlara verilməsi başadüşüləndir"
V.Bayramov isə məsələyə aydınlıq gətirərək qeyd edib ki, 2-ci qız uşağı olanlara 10 min manatlıq depozit hesabının açılması və vəsaitin həmin hesaba hissə-hissə köçürülməsi məsələsi otən ilin dekabrın 22-də “Azərbaycan Respublikası əhali sakinliqi və demoqrafik inkişaf” üzrə dövlət proqam layihəsinin müzakirəsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən müzakirələrdə qeyd edilmişdi. Xatırladım ki, həmin görüşdə nazirliyin bütün rəhbər əməkdaşları o cümlədən müvafiq şöbə müdirləri iştirak edirdilər. Sözügedən layihənin müzakirəsinə eyni zamanda bir sıra mətbuat orqanları da qatılmışdırlar. Həmin görüşdə rəsmi olaraq nazirlik tərəfindən bu məsələ bildirildi və hətta deyildi ki, əgər ideya təsdiq olunarsa o zaman maliyyə çətinliyi olmayacaq çünki vəsait hissə-hissə hesaba köçürüləcək. Niyə oğlan deyil qız uşaqlarına depoztilərin verilməsi isə başa düşüləndir. Çünki Azərbaycanda hər 100 doğulan qız uşağına 116 oğlan uşağı düşür. İkinci qız uşaqlarının əksəriyyəti nə qədər acnacaqlı olsa da ana bətnindəcə öldürülür. Məqsəddə bu hallar qarşısını almaq və demoqrafik inkişafı stimullaşdırmaqdan ibarətdir.
Dünən isə mənə hər zaman oxuduğum 1news saytından zəng edildi və bu məsələ soruşuldu. Proqram layihəsini Milli Məclis deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırladığı üçün sözügedən qurumun mövqeyi önəmlidir. Uşaqların sayı çox olan ailələrdə valdeyinlərin daha tez pensiyaya çıxması təklifini isə bir sıra digər təkliflər ilə yanaşı həmin görüşdə mən bildirdim. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri bu təklifi dəstəklədi və tapşırdı ki, müvafiq qurumlar ilə bu məsələnin müzakirəsini aparsınlar. Qeyd edim ki, proqram layihəsinin hazırlanmasına əsas məsul olan şöbə Nazirliyin Məşğulluq siyasətu və əmək bazarının tənzimlənməsi şöbəsidir.
Mən ümumiyyətlə, hər iki təklifin qəbul edilib sözügedən proqrama daxil edilməsinin tərəfdarıyam. Bu demoqrafik inkişafı balanslaşdırmaqla yanaşı bu gün hətta Ərəb dövlətlərində belə müşahidə edilməyən qız uşaqlarının ana bətnində məhv edilməsi hallarını azalda bilər".
Nazirlik: "Nazirlər Kabinetinə təkliflər veriləcək"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və əmək bazarının tənzimlənməsi şöbəsinin müdiri Vahab Məmmədov AzNews.az-a bildirib ki, 2-ci qız uşağı doğulan ailələrə müəyyən qədər vəsaiti olan depozit hesabının açılması və vəsaitin həmin hesaba hissə-hissə köçürülməsi məsələsi ilə bağlı Nazirlər Kabinetinə təklif veriləcək.
Onun sözlərinə görə, təkliflər paketi Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı çərçivəsində hazırlanıb və sözügedən məsələ barədə müzakirələrdən sonra qərar veriləcək:
“Əhali sakinliyi və demoqrafik inkişaf sahəsindəki problemi aradan qaldırmaq üçün bir sıra məsələlərə baxılacaq. Stimullaşdırıcı məsələlərin hamısı müzakirə olunacaq. Bura həmçinin 2-ci qız uşağı olan ailələrə vəsaitlərin verilməsi də daxildir. Lakin bu məsələ hələ ki, bir fikir formasındadır. Stimullaşdırıcı məsələ kimi qəbul olunarsa öz təsdiqini tapacaq. Pulun nə qədər və hansı formada verilməsi də hələ ki, dəqiq deyil. Məsələ barəsində Nazirlər Kabinetində təkliflər paketinə müvafiq qaydada baxılandan sonra dəqiq informasiya vermək olar”.
Nazirliyin şöbə müdiri bildirib ki, problemi aradan qaldırmaq üçün təklif olunan paketə maarifləndirmə işi, adminstrativ məsuliyyətlər və bir sıra məsələlər daxildir.
Ruslan