Əli Əliyev: “Kənar qüvvələrin ölkə daxilindəki hərəkətini dayandırmalıyıq”
“İkinci görüşümüz çox maraqlı oldu. Bizim belə təmas təcrübəmiz olmadığından iş prinsipi ətrafında geniş müzakirə apardıq. Bir neçə məsələ barəsində qərar qəbul etdik. Qərara aldıq ki, hər iki aydan bir belə təmaslar olsun. Görüşün formatı haqqında da qərarımız oldu. Ölkədə fəal olan partiyalar bu prosesdə iştirak edəcək. Həm də görüşlərin müzakirə mövzuları haqda razılaşma oldu. Təbii ki, istənilən məsələ bu görüşlərdə qaldırıla bilər. Yəni iştirakçı tərəflər üçün mövqe ifadəsi sərbəstdir”.
Bunu Teleqraf.com-a müsahibəsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib. Müsahibəni təqdim edirik:
- Əli bəy, Milli Şura sizin də iştirak etdiyiniz iqtidar-müxalifət görüşü barədə mövqeyini açıqlayıb, bu prosesdə iştirak edən partiyaları ciddi tənqid edib. Buna münasibətiniz necədir?
- Bunu təbii qarşılamaq lazımdır. Cəmiyyətdə bir prosesə hamının mövqeyi eyni ola bilməz. Bu, yanaşma fərqliliyindən yaranan situasiyadır. Milli Şura Azərbaycanda siyasi proseslərin inkişafını yalnız radikalizmdə görür. Bu, onların düşüncəsidir. Onlar seçki və danışıq yoluna inanmırlar. Bəlkə də, bu variant onların şəxsi maraqlarına xidmət edir. Milli Şuranın keçirdiyimiz görüşlərlə bağlı mövqeyi də burdan qaynaqlanır. Mənə elə gəlir ki, baş tutan iki görüş səmimi qiymətləndirilməlidir. Bu, son on ildə əldə edilən ilk uğurlu prosesdir. Bu günə qədər müxtəlif formatlarda hakimiyyət nümayəndələri ilə müxalifət təmsilçiləri arasında görüşlər olub. Bu təmaslar yalnız beynəlxalq güclərin, xarici ölkələrdə maraq güdən tərəflərin vasitəsi ilə baş tuturdu. İndi baş verən görüşlərin önəmi bunun Azərbaycanda olan qüvvələrin öz təşəbbüsü ilə baş tutmasındadır. Bunu yüksək qiymətləndirmək lazımdır. Mənə elə gəlir ki, görüşdə iştirak edən hər iki tərəf iradə nümayiş etdirə bilsələr, bu proses Azərbaycanda yeni siyasi dönəmin başlanğıcı ola bilər.
- Nədən görüş və dialoq təşəbbüsü ATƏT-dən gələndə Müsavatla AXCP bu prosesdə fəal olur, təşəbbüs daxildən gələndə isə iştirak etmirlər?
- Ola bilsin ki, həmin qurumlara bağlılıqdan və ya asılılıqdan irəli gələn məqamdır. Bəzən Azərbaycanda siyasi təşkilatlar ölkənin maraqlarından çox Qərbin və ya Rusiyanın maraqlarını müdafiə edir. Mən bilmirəm ki, Milli Şura bu dəfə nəyi əsas götürərək prosesə qoşulmaq istəmir. Görüş yüksək statusludur. Burada hakimiyyət nümayəndəsinin mandatı, nümayiş etdirdiyi iradə ortadadır. Əli Həsənov həm Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiridir, həm də hakim partiyanın dialoq və siyasi partiyalar üzrə komissiyasının sədridir. Özü də kifayət qədər hazırlıqlı şəxsdir, Azərbaycan siyasətinin sözçüsüdür və Prezidentin siyasi mövqeyini ifadə edən yüksək rütbəli məmurdur. Üstəlik də ilk təmas vaxtı nümayiş etdirdiyi mövqe, müzakirələrə açıqlıq, bir qədər də aşırı olan səmimi münasibət hakimiyyətin bu prosesdə maraqlı olduğunu göstərir. Kənar tərəfin bu prosesə qatılmaq istəməməsi bir müəmmadır. Biz bu prosesi ölkədə siyasi açılımın bir vasitəsi olaraq görürük. Siyasət mümkün olanın reallaşdırılması sənətidir. Bu formulu siyasət peşəsinə çoxdan veriblər. Lakin inadçılıq və inkarçılıq normal siyasi mövqe deyil. Siyasi düzəndə bu mövqeyi Şimali Koreya lideri Kim Çen İn nümayiş etdirir. Onun siyasi davranışını müşahidə edənlər bunun nə dərəcədə eybəcər və milli maraqlara uyğun olmadığının şahidi ola bilər.
- Siyasi partiyaların görüşünə qatılmayanlar özlərini siyasi təcridə aparırlar?
- Bu, açıq-aşkar özünütəcrid, inkarçılıq mövqeyidir. Hər bir şansdan istifadə etmək siyasətçilərin iradəsi ilə yanaşı vəzifəsidir. Ölkənin siyasi prosesini inkişafına aparıb çıxara biləcək istənilən imkandan istifadə etmək lazımdır. Biz belə düşünürük. Son illərin ilk belə təmas təşəbbüsünü yüksək qiymətləndiririk. Təbii ki, burada ehtiyatlılıq olmalıdır, tərəflərin hər ikisi bu prosesdən fayda görməlidir. Əks təqdirdə, bu proses uğurla nəticələnməz. Bizə elə gəlir ki, tərəflər prosesə davamlı və iradəli baş vursa, tərəflərin marağına uyğun olan nəticə və sonuc olacaq.
- Bu görüşlərdən siz nə gözləyirsiniz?
- Biz ölkədə uzun illər mövcud olan problemlərin həllini əsas olaraq götürməliyik. İştirakçı tərəf olaraq ilk növbədə həbsdə olan insanların azad olmasını gözləyirik. Artıq bir dəfə əfv fərmanı olub, müəyyən şəxslər azadlığa çıxıb. Fikrimcə, bununla kifayətlənmək olmaz. Artıq mətbuatda Novruz bayramında əfv və ya amnistiya aktının ola biləcəyi haqda informasiya gedib. Bu barədə hüquq müdafiəçilərinin fikirləri olub. Mənə elə gəlir ki, bu cür qarşılıqlı və faydalı olan addımlar cəmiyyətdə yumşalmaya xidmət edir və bu da siyasi partiyalar arasındakı görüşlərə etimadı yüksəldir. İnanıram ki, hakimiyyət güzəştə gedə biləcəyi işlərdə, bunu edə bilər. Bu həm Azərbaycanın dövləti maraqları, həm də bölgədə və dünyada yaranan vəziyyət baxımından lazımdır. Dünyada və bölgədə baş verən proseslər Azərbaycandakı siyasi qüvvələri bir qədər də sıx təmasda olmağa sövq edir. Dağlıq Qarabağ mövzusunda, müəyyən sosial-iqtisadi məsələlərdə problemlər var ki, bunları müzakirə etmək, mümkün olanını həll etmək və bu yolla ölkənin siyasi sistemini gücləndirmək mümkündür. Çünki ölkənin siyasi sistemi dövlətin bünövrəsidir. Bu siyasi sistemin güclü olması həm hakimiyyətin, həm də siyasi partiyaların maraqlarına xidmət edir. Çünki hamımız üçün müqəddəs olan dövlətdir. Biz bu dövlətin güclü olması üçün əlimizdən gələni etməliyik. Bu da ilk növbədə siyasi sistemin güclü olmasından keçir. Bu baxımdan biz prosesin özünə pozitiv yanaşırıq. İnanırıq ki, tərəflər mövqelərində iradəli olsalar, bu proses siyasi sistemin möhkəmlənməsinə gətirib çıxaracaq. Ən vacibi isə ölkəyə kənar təsir və müdaxilələrin qarşısı alınacaq. Kənar müdaxilələr Azərbaycanın ziddinədir və elə kənar maraqlara da xidmət edir. Bu baxımdan biz siyasi qüvvələr olaraq müzakirələr aparmalı, danışaraq kənar qüvvələrin ölkənin daxilindəki hərəkətini dayandırmalıyıq.
- Növbəti görüşdə hansı məsələlər müzakirə olunacaq?
- İkinci görüşümüz çox maraqlı oldu. Bizim belə təmas təcrübəmiz olmadığından iş prinsipi ətrafında geniş müzakirə apardıq. Bir neçə məsələ barəsində qərar qəbul etdik. Qərara aldıq ki, hər iki aydan bir belə təmaslar olsun. Görüşün formatı haqqında da qərarımız oldu. Ölkədə fəal olan partiyalar bu prosesdə iştirak edəcək. Həm də görüşlərin müzakirə mövzuları haqda razılaşma oldu. Təbii ki, istənilən məsələ bu görüşlərdə qaldırıla bilər. Yəni iştirakçı tərəflər üçün mövqe ifadəsi sərbəstdir. Amma daha praktik və faydalı nəticələrin əldə olunması üçün qərara gəlmişik ki, konkret mövzular ətrafında təmaslar təşkil olunsun. Müzakirə ediləcək məsələləri ortaya çıxması üçün qarşılıqlı təmaslarla bunu müəyyən edəcəyik. İştirakçı tərəflər vacib bildiyi mövzunu bu işləri koordinasiya edəcək Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinə təqdim edəcəklər. Sonra da sorğu ilə partiyalar arasında hansı mövzunun daha aktuallıq kəsb etdiyi müəyyən olunacaq. Beləcə, ümumi çoxluğun rəyi ilə görüşdə konkret mövzular üzrə müzakirələr aparılacaq.
- Qarşıdan gələn parlament seçkiləri haqqında nə düşünürsünüz?
- Hesab edirik ki, bu seçkilər böyük əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, bu parlament Azərbaycanın yüz illiyini qeyd edəcək parlament olacaq. Bu baxımdan hakimiyyət belə görüşləri təşkil etmək, siyasi iradə nümayiş etdirməklə ölkədə siyasi proseslərin inkişafına səbəb ola bilər. Fikrimcə, seçkilər siyasi sistemin inkişafı baxımından mühüm olacaq. Biz bunu görüşlər olmazdan əvvəl də qeyd edirdik. Sonra dialoq oldu. Zaman bizim haqlı olduğumuzu göstərdi. Formalaşacaq parlament ölkənin növbəti mərhələsi üçün siyasi sistemin güclənməsi baxımından əhəmiyyətli olacaq. Bu mənim subyektiv fikirlərimdir. Parlamentin tərkibini zaman və seçkilər göstərər. Ətrafımızda baş verən mürəkkəb siyasi proseslər, cəbhədə atəşkəsin aramsız pozulması, iki vətəndaşımızın Kəlbəcərə getdiyi səbəbindən əsir alınması və onların üzərində saxta məhkəmə qurulması və nəhayət enerji təhlükəsizliyi məsələsində ölkənin yüksələn əhəmiyyəti siyasi qüvvələri daha məsuliyyətli olmağa məcbur edir. Siyasətin əsas məqamı məsuliyyətdir. Azərbaycan siyasətçiləri dövlətin və vətəndaşın təhlükəsizliyi məsələsində güzəştli mövqe tutmamalıdır. Bu baxımdan mənə elə gəlir ki, qarşıdan gələn dövr xüsusi məsuliyyət tələb edən dönəmdir.
Nemət