“Amerikada iki qəbildən olan cinayət ən ağır xarakterli cinayət hesab olunur. Bunlardan biri casusluq, digəri vergidən yayınmaqdır. Amerikada bu cinayətləri törədən şəxslərin dərhal uzunmüddətli həbs edilməsi şübhəsizdir. O baxımdan biz də hər şeyə hazırıq. Çünki arxamızda qanun, haqq və ədalət durur. Ədalətli şəkildə bu məsələləri araşdıraq, görək, harada qanun pozulub, harada kimə qarşı qeyri-obyektiv yanaşma olub. Belə olan halda qrantlardan mənimsəyən siyasi partiya rəhbəri və digərləri narahat olmağa başlayıb”.

Bunu Teleqraf.com-a müsahibəsində YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. Müsahibəni təqdim edirik:

- Siyavuş müəllim, ABŞ dövlət katibinin Avrasiya və Avropa məsələləri üzrə köməkçisinin Bakı səfəri ciddi müzakirə edilir. Siz, bu səfəri necə qiymətləndirirsiniz?
- Amerika dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdə oldu, müxtəlif görüşlər keçirdi, Amerika-Azərbaycan münasibətləri ilə bağlı bəyanatlar səsləndirdi. Viktoria Nuland Azərbaycan-Amerika strateji müttəfiqliyi haqqında bir daha ictimaiyyətə mesajlar verdi və dövlətlər arasında problemlərin olmadığını, Azərbaycanın Avropa və dünyanın enerji təhlükəsizliyində oynadığı rol, ölkəmizdə aparılan islahatlar və digər məsələlərlə bağlı açıqlamalar verdi. Bəzi mətbuat orqanlarının və siyasi partiyaların Amerika ilə Azərbaycan arasında soyuqluğun olması, gərginliyin müşahidə edilməsi haqqında dediklərinin üzərindən bir xətt çəkildi. Xanım Viktoria Nuland özünün bəyanatında ayrı-ayrı ölkələrdə baş verənlərin Azərbaycana tətbiq edilməsinin yolverilməzliyini elan etdi. Bəzi media orqanları və siyasi partiyalar bunu başqa cür yozmağa çalışsalar da, xeyri olmadı. Bu, birbaşa onun dediklərinin dəqiq şəkildə ifadəsidir. Yəni buna hər hansı bir şərh verməyə, yozmağa ehtiyac qalmadı. İkinci bir tərəfdən qərara alındı ki, müəyyən məsələlər birgə araşdırılsın. Fikrimcə, bu, çox vacib məsələlərdən biridir.

- Burada söhbət nədən gedir, hansı məsələlər birgə araşdırıla bilər?
- Demokratiya və insan hüquqları, söz azadlığı adı altında bir qrup insan cinayət törədərək xaricdən qeyri-qanuni yollarla qrantlar alıb. Bunu da, söz azadlığı, demokratiyaya deyil, ayrı-ayrı məsələlərə sərf edib. Həmçinin bu qrantlardan külli miqdarda mənimsəmə və vergidən yayınma halları olub. Bu, bir qrupdur. İkinci qrupda Azərbaycan əleyhinə olan, xüsusilə erməni lobbisi tərəfindən maliyyələşdirilən təşkilatlar var ki, onlar da gizli formada Ermənistanla əlaqə saxlayır, Azərbaycanın dövlət və hərbi sirlərini Ermənistanın xüsusi xidmət orqanlarına ötürməklə məşğul olurlar. Bu qrupla bağlı bəzi partiya və mətbuat orqanı səhv fikir formalaşdırmaq istəyir. İddia edirlər ki, guya bu insanlar demokratiya və insan hüquqlarını müdafiə etdikləri və ya iqtidarla siyasi mübarizə apardığı üçün həbs edilib, istintaqa cəlb olunub. Təbii ki, qrant mənimsəyən təşkilatlar da məsələni ABŞ strukturlarına və digər təşkilatlara bu formada təqdim etməyə çalışırlar. Artıq onlar da başa düşüblər ki, ortada böyük yeyinti, casusluq məsələsi var. Bu baxımdan biz nəyə görə belə məsələlərin birgə araşdırılmasına razılıq verdik? Çünki biz özümüzə arxayınıq. Gəlsinlər, birlikdə araşdıraq. Hər birinin sənədini ortaya qoyaq. Amerikada iki qəbildən olan cinayət ən ağır xarakterli cinayət hesab olunur. Bunlardan biri casusluq, digəri vergidən yayınmaqdır. Amerikada bu cinayətləri törədən şəxslərin dərhal uzunmüddətli həbs edilməsi şübhəsizdir. O baxımdan biz də hər şeyə hazırıq. Çünki arxamızda qanun, haqq və ədalət durur. Ədalətli şəkildə bu məsələləri araşdıraq, görək, harada qanun pozulub, harada kimə qarşı qeyri-obyektiv yanaşma olub. Belə olan halda qrantlardan mənimsəyən siyasi partiya rəhbəri və digərləri narahat olmağa başlayıb. Çünki qrantdan mənimsəyərək övladlarını xaricdə oxudub, özünə villa alıblar. Bu kimi məsələlər var və ortaya çıxacaq. O zamanda görünəcək ki, kim haqdır, kim nahaq.

- Amerika istəyirmi ki, bu qrupda özünə bağlı şəxslərin də təmsil olunmasına nail olsun?
- Kimi istəyir bura daxil etsin, bunun bizim üçün fərqi yoxdur. Çünki burada söhbət qanundan, ortada olan fakt və materiallardan gedir. Əgər biri vergidən yayınıbsa, kim gəlib onun vergisini ödəyəcək? Və yaxud aldığı qrantı əsas məqsədə deyil, ayrı-ayrı ixtişaşlara yönəldirsə və bu sübut olunursa, nə deyə bilərlər? Odur ki, kim istəyir burada təmsil olunsun, bunun fərqi yoxdur. Məsələ faktlar və materiallardan ibarətdir. Bunlar sübut olunub, ortalıqdadır. Baxın, İsmayıllı hadisələrində iştirak edən şəxslərə 70 dəfə mobil telefondan zəng edilib. Bu zənglər, mobil telefonun nömrəsi, danışıqlar ortadadır. Bəyəm, bunu inkar edib deyəcəklər ki, zəng etməmişəm? Biz konkret olaraq faktlarla danışırıq.

- Siz Viktoriya Nulandın səfərini iki ölkə arasında münasibətlərin inkişafına səbəb olacağını düşünürsünüz?
- Bəli. Hesab edirəm ki, bu münasibətlər irəli gedir və bundan sonra da gedəcək.

- Diplomatın Ermənistan səfəri, orada verdiyi açıqlamaları necə şərh etmək olar?
- Onun Ermənistana səfəri normaldır. Bakıda da qeyd etdi ki, son zamanlar cəbhədə atışmaların intensivləşməsi, eləcə də, iki azərbaycanlının qeyri-qanuni məhkəməyə cəlb edilməsi və digər məsələlərlə bağlı Ermənistan hökuməti ilə danışıqlar aparmalıdır ki, bu kimi təxribatlar dayandırılsın. Çünki bütün bunlar öyrədilən təxribatlardır. Hətta cəbhədə iri çaplı silahlardan, pilotsuz təyyarələrdən, vertolyotlardan istifadə edirlər. Cənab Prezidentin Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı səsləndirdiyi bəyanatlar ABŞ Dövlət Departamentini və ayrı-ayrı qurumları silkələyərək oyatdı. Onlar başa düşdülər ki, Azərbaycanla bu cür rəftar etmək olmaz. Azərbaycana qarşı kim təxribat törətmək istəyəcəksə, qarşısı qətiyyətlə alınacaq.

- Viktoriya Nuland İrəvanda saxta erməni “soyqırımı”na ucaldılan abidəni ziyarət edib. Bunu necə izah etmək olar?
- Bu, səfərin protokoluna daxil olan məsələdir. Görürsünüz ki, bizim ölkəyə gələn diplomatlar, dövlət başçıları Şəhidlər Xiyabanını ziyarət edirlər. Fransa prezidenti, Rusiya rəhbərliyi və digər ölkələrin nümayəndələri Ermənistana gedəndə dediyiniz yeri də ziyarət edir. Ancaq bu o demək deyil ki, oranı ziyarət edənlər həmin hadisənin olduğunu qəbul edir. Buna protokol məsələsi kimi baxmaq daha doğru olardı.

- İranın xarici işlər naziri də Bakıda oldu, müxtəlif görüşlər keçirdi. Bu, paralel səfərlər deyilmi?
- Azərbaycan-İran münasibətləri normaldır. Bu baxımdan belə səfərlərə də normal yanaşmaq lazımdır. Ancaq mən İran xarici işlər nazirinin səfərini və müzakirə etdiyi məsələlər haqqında informasiyaya malik deyiləm. Odur ki, bu mövzuda danışmağım doğru olmazdı.

- Deyirsiniz ki, düşmən cəbhədə iri çaplı silahlardan, təyyarə və vertolyotlardan istifadə edərək vəziyyəti kəskinləşdirir. Buna səbəb nədir, Ermənistanın bu təxribatının arxasında başqa dövlətlər durur?
- Təbii ki, Ermənistan, erməni lobbisi bunda maraqlıdır. Bildiyiniz kimi, Azərbaycanda böyük tədbirlərin keçirilməsi planlaşdırılır. Azərbaycanda tez-tez beynəlxalq konfranslar keçirilir, tanınmış şəxslər ölkəmizdə səfərdə olur. Azərbaycan azadlıq adası, təhlükəsizlik və stabillik məkanıdır. Bu baxımdan da bəzi dairələri, kəşfiyyat orqanlarını və erməni lobbisini Azərbaycanın bu formada inkişafı, dünyanın bu qədər diqqət göstərməsi ciddi narahat edir. Dünyanın hər yerində böhran var, amma ölkəmizdə inşaat, tikinti-quruculuq işləri davam etdirilir, pensiyalar və əmək haqlarının artırılması prosesi gedir. Təbii ki, bu, bizi istəməyənləri narahat edir. Nəticədə belə təxribatlara əl atırlar ki, gərginlik yaransın. Baxın son 20 ildə atəşkəsin pozulduğu dövrləri analiz edəndə görürük ki, son 8-9 ayda atəşkəsin pozulmasının intensivliyi daha çoxdur. Hər gün 40-50 dəfə atəşkəsi pozurlar. Hətta dinc sakinlərə, fermerlərə atəş açılır, onların texnikasına və təsərrüfatına ziyan vurulur, sərhəd kəndlərində gərginlik yaşanır. Bu baxımdan bütün bunlar təxribatdır. Təbii ki, Azərbaycan Silahlı Qüvvələri arzu etdiyimiz gücə malikdir və istənilən an belə halların qarşısını alır, ermənilər də itki verərək geriyə çəkilir. İstər pilotsuz təyyarənin vurulması, istər vertolyotun zərərsizləşdirilməsi, istərsə də, təxribatçı qrupların məhv edilməsi dediklərimin göstəricisidir. Ancaq proseslər yaxınlaşdıqca, təbii ki, mütəmadi olaraq qarşı tərəf belə gərgin vəziyyəti saxlamağa çalışacaq.

- Həmsədrlər də regiondadır. Onların fəaliyyətindən nə gözləyirsiniz?
- Həmsədrlər də əslində bu işlə məşğuldur.

- Onlardan effektiv bir nəticə gözləyirsinizmi?
- Hələlik danışıqlar, müzakirələr aparırlar. Görək, sonda necə olacaq.

- Amerikalı həmsədr elan edir ki, Ukrayna və Moldova münaqişəsi Azərbaycanın münaqişəsindən fərqlidir...
- Azərbaycan torpaqlarının işğal edilməsi haqda BMT-nin dörd qətnaməsi var. Bu qətnamələrdə konkret göstərilir ki, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ və ətraf rayonları işğal edib. Bu, Azərbaycana hüquqi əsas verir ki, Ermənistan işğalçı dövlətdir. Həmçinin bu əsas yaradır ki, Azərbaycan bu qətnamələrə istinad edərək istənilən an işğal edilən ərazilərini işğaldan azad etsin. Moldovada isə Ukrayna-Moldova, Ukraynada isə Ukrayna-Rusiya münaqişəsi, eləcə də Krım məsələsi var. Həm də Rusiya bu proseslərə qarışmır və deyir ki, orada Donetski, Luqanski özünümüdafiə qüvvələridir. Onlar özləri müstəqilliyini tələb edirlər. Ancaq bizimlə bağlı məsələdə Ermənistanın torpaqlarımızı işğal etməsi BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə öz əksini tapıb. Ona görə də, Qarabağ məsələsinin onlardan fərqliliyi bundan ibarətdir.

Nemət