
David Məmmədov: "Qurğuların yenilənməsinə 1 milyarddan artıq vəsait tələb olunur"
“Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi” layihəsi çərçivəsində Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
- David müəllim, Heydər Əliyev adına Neft Emalı Zavodunun konstruksiyaları köhnəlib. Yeni zavodun tikilməsi ilə bağlı ARDNŞ-in hər hansı layihəsi varmı?
- İstənilən neft emalı zavodunun işləmə müddəti 40-50 ildir. Bizim emal zavodlarımız da köhnəlib. Bu müəssisələrin təməli hələ ötən əsrin əllinci illərinin ortalarında qoyulub. Ən gənc emaledici qurğunun 39 yaşı var. Hazırkı vəziyyətdə müasir tələblərə uyğun yeni neft emalı zavodu tikmək iqtisadi cəhətdən bizə o qədər də səmərə verməyəcək. Yeni neft emalı zavodunun tikintisi 2031-2032 -ci illərə planlaşdırılır.
- Nə üçün Neftayırma Zavodu Neft Emalı Zavoduna birləşdirildi, buna zərurət nə idi?
- Biz TANAP və TAP layihələrini qabağa saldıq. Bu, hazırki durumda ölkəmiz üçün iqtisadi cəhətdən daha səmərəlidir. Buna baxmayaraq, hazırkı neft emalı zavodunun əsaslı surətdə təmir edilməsi nəzərdə tutulur. Bu layihə çox güman ki, 2018-19 -cu illərdə gerçəkləşdiriləcək.
- Yenidənqurmadan sonra emal müəssisəsində yanacaq növlərinin keyfiyyətində hansı dəyişiklər olacaq?
- Hazırda yanacağa tələbatımız çox böyük olduğuna görə onu tam ödəyə bilmirik. Bu səbəbdən daha yüksək oktanlı benzin əldə etmək üçün hökumətə müraciət etdik. Bizim idxal etdiyimiz benzinin kükürdü aşağı, oktanı yüksəkdir. Gələcəkdə yenidənqurma və rekonturuksiya işləri başa çatana kimi premium markalı benzinin idxalına qərar verdik.
Yenidənqurmadan sonra ölkəmizin istehsal etdiyi benzin növlərinin keyfiyyəti də yaxşılaşacaq. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu əsaslı təmir edildikdən sonra bütün benzin növləri ölkəmizdə istehsal olunacaq. Xaricdən benzin idxal etməyimizə ehtiyac qalmayacaq. A92, A95 və hətta A98 benzinləri də öz zavodumuzda müasir tələblərə və standartlara uyğun şəkildə istehsal olunacaq.
- Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda qurğuların yenilənməsi ilə bağlı hansı tədbirlər nəzərdə tutulub?
- Zavodun mövcud texnoloji qurğularının modernləşdirilməsi, istehsal gücünün artırılması və ekoloji mühitin yaxşılaşdırılması məqsədilə yeni layihələrə start verilib. Əlavə olaraq qeyd edim ki, hazırda Azərbaycanda yeni neft və qaz strategiyasının reallaşması istiqamətində mühüm işlər görülür. Təkcə bu zavodda qurğuların yenilənməsinə 1.2 milyard dollar vəsait tələb olunur. Bu da yeni qurulacaq Neft Emalı Zavoduna sərf olunan məbləğin təxminən beşdə bir hissəsi qədərdir.
Buna baxmayaraq, SOCAR layihə və proqramları həyata keçirməkdə israrlıdır. Dünyada neftin qiymətlərinin ucuzlaşması nəzərdə tutulan və keçirilməsi planlaşdırılan layihələrə ciddi təsir etməyəcək.
- Gürcüstanda benzinin qiyməti aşağı olduğu halda bizdə niyə ucuzlaşma baş vermir?
- Dünya bazarında neftin qiyməti 147 dollara qədər qalxanda bizdə benzinin qiyməti bundan əvvəlki qiymətdə satılırdı. Yəni, qiymət qaldırılmamışdı. Müvafiq qərar sonradan verildi. Onu da deyim ki, qiymətlərin tənzimlənməsinə Tarif Şurası baxır və qiymətlər dəyişə bilər.
- Xəzər dənizində ekoloji vəziyyətin yaxşılaşdırılması üçün hansı işlər görülür?
- Xəzər dənizində ekoloji vəziyyət ürəyimiz istəyən kimi deyil. Amma bir tendensiya var ki, durum ildən-ilə yaxşılaşır. Təmizlənməmiş kifayət qədər böyük miqdarda maye dənizə axıdılır. Hazırda təmizlənmə ilə bağlı iş gedir. Dənizdə külli miqdarda quyular qazılıb. Elə quyular var ki, istismardan çıxarılıb, konservasiya olunub, ləğvi üzərində iş gedir. Digər tərəfdən hökümət belə bir təklif irəli sürür ki, dənizə emal olunmamış heç bir tullantı axıdılmasın.
- Qazma işləri ilə bağlı avadanlıqların əksəriyyəti idxal olunur. Bu cür avadanlıqların ölkədə istehsalı mümkündürmü?
- SSRİ dövründə bölgələr müəyyən məhsul istehsalı üzrə ixtisaslaşırdı. Məsələn, Azərbaycanın istehsal etdiyi bəzi neft avadanlıqları ilə həm özünü, həm də Qərbi Sibiri təmin edirdi. Məlum olduğu kimi, neft quyuları həm dayaz, həm də dərin qazılır. 3 min metrə qədər qazılan quyuların avadanlıqları Azərbaycan özü istehsal edirdi. Daha dərin quyuların qazılması üçün avadanlıqsa digər respublikalardan gətirilirdi. Sonradan sovet iqtisadiyyatı dağılanda bu istehsal dayandırıldı. Onun bərpası gələcəkdə mümkün ola bilər.
İlhamə ƏBÜLFƏT