Qulamhüseyn Əlibəyli: “Həmsədrlik institutunun indiki formatından imtina etmək lazımdır”

“Mən hər iki görüşdə iştirak etmişəm. Hesab edirik ki, siyasi partiyaların hakimiyyət nümayəndəsi ilə görüşməsi, öz sözlərini deməsi, cəmiyyətdə görmək istədikləri dəyişikliklərlə bağlı fikir mübadiləsi aparması daha məqsədəuyğundur, nəinki qəzet səhifələrində bu haqda danışmaq. Təbii ki, mediada çıxışlar etmək lazımdır. Ancaq təkcə bununla kifayətlənmək doğru deyil. Real olaraq üz-üzə əyləşərək fikir mübadiləsi aparmaq, bəzən ortaq mövqeyə gəlinməsə belə, məsələlərin bu formatda müzakirəsi daha yaxşıdır. Əlbəttə, dialoqda iştirak edənlərin tərkibi bir qədər də genişlənə, bu prosesə qatılmayan partiyalar da qatıla bilər”.

Bunu Teleqraf.com-a müsahibəsində Aydınlar Partiyasının sədri, Milli Şuranın üzvü Qulamhüseyn Əlibəyli bildirib. Müsahibəni təqdim edirik:

- Qulamhüseyn bəy, “Azadlıq-2015” Seçki Blokunda siz də təmsil olunursunuz. Burada məqsəd nədir?
- Blok qarşıdan gələn parlament seçkilərinə hazırlıq məqsədilə formalaşdırılıb. Təbii ki, seçki kampaniyasının təşkilində, kampaniyada birgə iştirak etmək, öz fəaliyyətimizi birləşdirmək məqsədilə yaratmışıq. Hazırda blokun seçki komissiyası formalaşdırılır. İlkin olaraq blokda seçki dairələri üzrə namizədlərin müəyyənləşdirilməsi, blokun proqramı, şüarı həll ediləcək, seçkilərdə birgə müşahidənin təşkili həyata keçiriləcək.

- Nədən 11 partiyadan səkkizi blokda birləşmək qərarı verdi, digər üç partiya isə bu prosesdə rol almaqdan imtina etdi?
- Məndə olan informasiyaya görə, Müsavat Partiyası mart ayına qədər seçkilər və bloklar mövzusunda müzakirə aparmayacaq. Yalnız martdan sonra bu məsələlərlə məşğul olacaq. “Qarabağ” Blokuna daxil olan partiyalar isə seçki blokunda təmsil olunmaq istəmədilər. Onlar son anda bunu açıqladılar. Təbii ki, siyasi partiyalar seçki bloklarında təmsil olunub-olunmayacağı məsələsində sərbəstdirlər, bu istiqamətdə müstəqil qərarlar vermək hüququna malikdirlər.

- Ancaq bizdə bloklar yaranır və sonra isə qarşılıqlı ittihamlar müşahidə olunur...
- Təbii ki, vaxtaşırı bloklar yaranır, fəaliyyət göstərir və sonra da fəaliyyətinə son qoyur. Seçki blokunun hədəfi seçkilərdir. Qarşılıqlı ittihamlar daha çox siyasi bloklar dağılanda müşahidə olunur.

- “Azadlıq-2015” Seçki Blokunun perspektivinə inanırsınız?
- İnanmasaydıq, bu blokun tərkibinə daxil olmazdıq. Parlament seçkilərində blok kimi iştirak edərək Milli Məclisdə təmsilçiliyə çalışacağıq. Ədalət naminə qeyd edim ki, parlamentdə çoxluğa iddia etmək doğru olmazdı. Ancaq söhbət orada təmsilçilikdən gedir. Məqsəd budur.

- Müxalifət düşərgəsinin seçki ilindəki ab-havası necədir?
- Hələlik ümumi ab-hava süstlükdən o yana keçmir. Ötən illə müqayisədə bir qədər fəallıq müşahidə edilir. Elə bizim blokun yaranması da, bu fəallaşmanın nəticəsidir. Ola bilsin ki, seçkilər yaxınlaşdıqca parlamentə düşməkdə iddialı olan siyasi qüvvələrin də fəallaşması müşahidə edilsin.

- Siz həm “Azadlıq-2015” Seçki Blokunda, həm də Milli Şurada təmsil olunursunuz. Bu, problem yaratmayacaq?
- Mən Milli Şuranın üzvüyəm. Ancaq Milli Şura seçki bloku deyil, siyasi təşkilat və ya qurumdur. Düzdür, Milli Şuranın fəaliyyəti son dövrlər hiss edilmir. Yalnız bu yaxınlarda bir bəyanat verdilər, qarşıdan gələn parlament seçkilərində şura olaraq iştirak etmək istəklərini ifadə etdilər. Ancaq eyni zamanda dedilər ki, mümkündür ki, hadisələrin inkişafından asılı olaraq seçkiləri boykot etsinlər.

- Milli Şura seçki blokuna çevrilsə, siz hansı addımı atacaqsınız?
- Yəqin ki, belə olan halda mən yaranacaq seçki blokunda təmsil olunmayacağam. Hələ ki, Milli Şura üzvü olsam da, başqa seçki blokunda təmsil olunuram. Eyni anda iki seçki blokunda təmsil olunmaq mümkün deyil. Odur ki, əgər Milli Şura seçki blokuna çevrilsə, mən orada iştirak edə bilməyəcəyəm.

- Müxalifət partiyalarının yenidən bir araya gəlmək ehtimalı nə qədərdir?
- Reallıqlar, elə Azərbaycan təcrübəsi də göstərir ki, müxalifət partiyalarının hamısının bir araya gəlməsi, vahid blokdan çıxış etməsi mümkün deyil. Amma ayrı-ayrı partiyaların hansısa məqamda bir araya gəlməsi mümkündür. Elə Milli Şura da bunun nəticəsidir və hansısa məqamda bir araya gəlmək istəyən qüvvələrin birliyi olub. Bir sözlə, mən ümumi müxalifətin bir araya gələcəyini gözləmirəm. Belə ehtimal yoxdur. Əgər olsaydı, bunun işartıları görünər və ya hamı bir yerdə olardı. Bir çox partiyalar Demokratiya və İnsan Hüquqları Mərkəzində əməkdaşlıq edirdi. Ancaq bəziləri seçki blokuna daxil olmadı. Bunun özü o deməkdir ki, hamının bir arada olması ehtimalı yoxdur.

- Niyə müxalifətin birlik ehtimalı yoxdur, buna səbəb nədir?
- Nəzəri cəhətdən bütün partiyaların birgə olması mümkündür. Ancaq real olaraq proseslər göstərir ki, hamının bir araya gəlməsi mümkün deyil. Çünki bir tərəfdən ideoloji müxtəliflik, digər tərəfdən partiya baxışları və maraqlarının fərqliliyi ola bilir. Bu partiyaları yalnız müxalifət mövqeyində dayanmaları ümumi birləşdirir. Ancaq bu o demək deyil ki, hamısı birləşməlidir. Yəni ümumi siyasi xətt baxımından müxalifətdə dayanmaq hələ o demək deyil ki, bu partiyalar təşkilati və mövqe baxımından birdirlər. Ona görə də, əslində ümum müxalifətin birliyi ideyası real deyil və ciddi də qəbul edilmir.

- Hansı dairədən namizədliyinizi irəli sürəcəksiniz?
- Biz blok daxilində müzakirə aparmamışıq. Partiya olaraq çalışacağıq ki, 5-10 dairədən namizəd irəli sürək. Hesab edirəm ki, biz mümkün qədər qələbə şansı olduğumuz dairələrdən namizədlər irəli sürməliyik. Məsələn, biz 100 bələdiyyə üzrə 225 namizəd irəli sürdük. Hesab etdik ki, şansımız çox olan dairələri seçməli və işləməliyik. Çalışacağıq ki, bu taktikamızı blokda da ifadə edək. Məncə, qələbə şansı yüksək olan dairələrdən namizəd vermək daha məqbuldur. Namizəd vermək xətrinə namizəd verilməməlidir. Özüm isə ötən seçkilərdə namizədliyimi irəli sürdüyüm dairədən seçkiyə getməyi düşünürəm.

- Siz iqtidar-müxalifət görüşündə iştirak etmisiniz. Bu görüş faktını, müzakirə edilən məsələləri necə qiymətləndirirsiniz?
- Mən hər iki görüşdə iştirak etmişəm. Hesab edirik ki, siyasi partiyaların hakimiyyət nümayəndəsi ilə görüşməsi, öz sözlərini deməsi, cəmiyyətdə görmək istədikləri dəyişikliklərlə bağlı fikir mübadiləsi aparması daha məqsədəuyğundur, nəinki qəzet səhifələrində bu haqda danışmaq. Təbii ki, mediada çıxışlar etmək lazımdır. Ancaq təkcə bununla kifayətlənmək doğru deyil. Real olaraq üz-üzə əyləşərək fikir mübadiləsi aparmaq, bəzən ortaq mövqeyə gəlinməsə belə, məsələlərin bu formatda müzakirəsi daha yaxşıdır. Əlbəttə, dialoqda iştirak edənlərin tərkibi bir qədər də genişlənə, bu prosesə qatılmayan partiyalar da qatıla bilər. Biz razılaşdırmışıq ki, digər partiyalar da görüşə dəvət edilsin. Həm də bundan sonra ümumi məsələlər deyil, konkret mövzular müzakirə olunacaq. Hansı məsələlər barədə razılığa gəlinirsə, onun icrası baş versin. Belə görüşlər cəmiyyət üçün çox faydalıdır.

- Ancaq görüşə qatılmayan partiyalar bu prosesdə iştirak edənləri az qala xəyanətdə ittiham edirlər.
- Kim nə deyirsə, desin. Bu, onun fikri və mövqeyidir. Mən nə zamansa ağıllı insanlardan eşitmişəm ki, sənin haqqında nə deyirlərsə, desinlər, sən doğru bildiyini elə, öz yolunla get. İndi kim nə düşünürsə, düşünsün. İnsanı məcbur etmək olmaz ki, sən də bizim kimi fikirləşməlisən. Bu yanaşma görüşün və müzakirələrin mahiyyətini bilməməkdən doğa bilər. Və ya şüurlu formada orada iştirak edənləri aşağılamaq məqsədilə deyilə bilər. Hər halda müxalifətin geniş hissəsi bu cür düşünmür. Yalnız kiçik hissə belə düşünür və bu da onların hüququdur. Ancaq öz bildiyimiz kimi hərəkət etmək də bizim hüququmuzdur. Odur ki, bu cür hallara bir qədər səbirlə yanaşmaq lazımdır.

- ABŞ-ın Bakıda səfərdə olan dövlət katibinin müavini Viktoriya Nauland dialoq prosesini dəstəkləyib. Bunu necə qiymətləndirmək olar?
- Sözsüz ki, ABŞ tərəfi bu məsələyə münasibət bildirirsə, prosesi dəstəkləyirsə, deməli, biz də cəmiyyət üçün faydalı iş görürük. Odur ki, mən bu prosesin daha intensiv şəkildə davam etdirilməsini, konkret nəticələrə nail olunmasını gözləyirəm.

- Cəbhədə atəşkəs fasiləsiz pozulur, həmsədrlər regiona səfərə gəliblər. Görünən budur ki, danışıqlar prosesini aktivləşdirmək istəyirlər. Bu haqda nə düşünürsünüz?
- Qarabağ münaqişəsinin həlli baxımdan indiki mərhələdə real addımlar gözləmirəm. Nə qədər ki Minsk Qrupunun tərkibi indiki formatdadır, xüsusi bir uğur əldə edilməyəcək. Çünki hər üç həmsədr tərəflərdən birinə daha çox yaxındır. Rusiya Ermənistanla strateji-hərbi əməkdaşlıq edir. Fransa Ermənistana yaxın dövlətdir. Amerikada isə faktiki olaraq erməni lobbisi işləyir. Üstəlik ABŞ separatçı rejimə maliyyə dəstəyi göstərir. Ən azından üç həmsədrdən ikisi neytral deyil. Bu baxımdan həmsədrlərin səfəri, bəyanatları problemin həlli deyil. Məncə həmsədrlik institutunun indiki formatından imtina etmək lazımdır.

Nemət