“Təbii ki, haqlı olaraq Qarabağ separatçılarına maliyyə yardımı edilməsini pisləyirik. Sən terrorçu və separatçı bir rejimə maliyyə yardımı edirsən. Bu, qəbuledilməzdir. Haqlı olaraq dinləmələrdə bu məsələ qaldırılıb və etiraz ifadə olunub. Onda bu məntiqdən belə çıxır ki, biz də “Əl-Qaidə”yə maliyyə yardımı edə bilərik. Onlar da ac və susuzdur. Sən burada terrorçuya pul göndərirsən, biz də oradakına göndərək? Görürsünüz, necə ironik durum yaranır. Azərbaycan artıq dünyada söz sahibinə çevrilən ölkədir. Avropanın da, elə Amerikanın da bizdən keçən işləri var”.

Bunu Teleqraf.com-a müsahibəsində millət vəkili Aqil Abbas bildirib. Müsahibəni təqdim edirik.

- Aqil bəy, Amerika Konqresində Azərbaycanla, Azərbaycan parlamentində isə Amerikadakı vəziyyətə dair dinləmələr təşkil olunur. Bu məsələni necə şərh edirsiniz?
- Amerikada müxtəlif maraqlara xidmət edən mərkəzlər və şəxslər sanki Azərbaycana qarşı səlib yürüşü keçirirlər. Onlar Azərbaycan haqqında doğru olmayan məlumatlar əsasında çıxışlar edir, bəyanatlar verir və hətta dinləmələr təşkil edirlər. Halbuki, dinləmələrdə qoyulan məsələlər ölkəmizdə o şəkildə deyil. Elə şərait yaradıblar ki, guya Azərbaycanda demokratik idarəetmə yoxdur, hüququn aliliyi ayaqlar altındadır.

- Niyə belə edirlər, səbəb nədir?
- Təbii ki, bütün bunlar Azərbaycanı nüfuzdan salmaq üçün atılan addımlardır. Düzdür, Amerika dövlət rəsmiləri qeyd edirlər ki, bu dövlətin rəsmi mövqeyi deyil, daha çox demokratik toplumda hansısa təşkilatların öz fəaliyyətidir. Ancaq həmin dinləmələrdə senator və ya konqresmen iştirak edirsə və üstəlik Azərbaycanla bağlı əsassız informasiya səsləndirirsə, bu, bir qədər başqa cür başa düşülür. Təsəvvür edin ki, mən durub Obamanın, onun siyasətinin əleyhinə kəskin danışıram, qarşı tərəf də narazılıq edəndə cavab alır ki, Azərbaycan demokratik ölkədir, Aqil Abbas da müstəqil millət vəkilidir və öz fikirlərini deyir. Ancaq nəzərə almaq lazımdır ki, mən həm də dövlətin siyasətinin içindəyəm, parlament siyasətində iştirak edirəm. Başqa sözlə, dövlətin siyasətinin içində olan şəxsin bu cür yanaşmalar ortaya qoyması düzgün deyil. Əlbəttə, bu haqda bir yazıçı, şair danışa bilər. Və bu da anlaşılar. Ancaq dövlət siyasətinin içində olan şəxsin bu cür danışması artıq başqa məqsəddən xəbər verir. Bütün bunların qarşılığı olaraq Azərbaycan da buna müdaxilə etməli və vəziyyətin necə olduğunu ifadə etməli idi. Bu mənada bizim parlamentdə olan dinləmələr normal və təbiidir. Orada əsasən siyasi partiyalar, mütəxəssislər, QHT-lər, parlamentin bu işlə məşğul olan komitəsi iştirak edib. Biz də sözümüzü deməliyik. Bizim həm Amerikada, həm də dünyada nə baş verdiyindən xəbərimiz var. Odur ki, Milli Məclisdəki dinləmələrə normal yanaşıram. Çox məntiqli və ciddi faktlara söykənən çıxışlar oldu.

- Qarşılıqlı dinləmələr münasibətləri yaxşılaşdırmağa xidmət edir, yoxsa gərginliyi artıra bilər?
- Bizdə təşkil olunan dinləmələr əslində münasibətləri yaxşılaşdırmağa xidmət edir. Amerika bizim strateji müttəfiqimizdir. Biz o mesajı verdik ki, sənin Əfqanıstandakı, İraqdakı terrorizmə qarşı mübarizəndə Azərbaycan yanında olub. İkincisi, bizim ciddi strateji müttəfiqliyimiz var, bütün sahələrdə Azərbaycan sənlə birgə olub. İndi də səndən adekvat reaksiya gözləyirik. Yəni dinləmələrin mahiyyəti bundan ibarətdir. Biz Amerikadan dost və ədalətli mövqe gözləyirik.

- ABŞ dövlət katibinin müavini Viktoria Nuland Bakıya səfərə gəlib, görüşlər keçirib, müzakirələr aparıb. Münasibətlərin indiki mərhələsində bu səfəri necə qiymətləndirmək olar?
- Xanım Nulandın səfəri münasibətlərin irəli aparılmasına xidmət edəcək. Şübhəsiz ki, səfər zamanı müəyyən məsələlərə aydınlıq gətirəcəklər. Hər halda onun səfəri müsbət addımdır.

- Qüdrət Həsənquliyev təklif edir ki, ABŞ həmsədrlikdən uzaqlaşdırılsın, çünki Qarabağ məsələsində ortaya ədalətli mövqe qoymur. Siz bu haqda nə düşünürsünüz?
- Tamamilə haqlı təklifdir. Mən bu haqda 10 il əvvəl qəzetdə məqalə ilə çıxış etmişəm, televiziya kanallarında müsahibələrimdə bunu söyləmişəm. Əslində, ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi ermənilərə lobbiçilik edən dövlətlərdir. Biri hətta “soyqırımı” tanıyır və əleyhinə çıxanları həbs edir, maliyyə cəzası tətbiq edir. Rusiyanın hansı mövqedə dayandığını hər kəs bilir. Amerikanın davranışları da gözümüzün qarşısındadır. Başqa sözlə, mən həmsədrləri qəbul etməyən insanam. Fikrimcə, onlar sadəcə bizim başımızın altına yastıq qoymaqla məşğuldurlar. Təkcə Amerika deyil, hamısı bu cürdür. Məncə həmsədrlik institutunda Türkiyə və ya Qazaxıstan iştirak etməli idi. Əgər Türkiyədən çəkinirlərsə, heç olmasa Qazaxıstan iştirak etməli idi. Ancaq bu balansı qorumurlar. Mən amerikalı həmsədr Ceyms Uorlikin çıxışına baxdım. Deyir ki, Dağlıq Qarabağ məsələsi Ukrayna məsələsində fərqlidir. Niyə fərqli məsələdir? Gəlib başqa torpağın ərazisini işğal ediblər, bir milyondan çox əhali də ev-eşiyindən olub. Sən də deyirsən ki, bunlar fərqli məsələdir. Dağlıq Qarabağda 80 min erməni yaşayır. Bu ərazilərimizdə 120-140 min erməninin yaşadığını deyənlər səhv edirlər. Mən bunu sənəd və faktlarla sübut edə bilərəm. Amerika da 80 min əhaliyə ildə 10 milyon maliyyə ötürür. Orada yaşayan erməni elə torpaqla özünün dolandırır. Çünki münbit torpaqlarımız onlarda qalıb. Təkcə Ağdamda 200 milyon ton üzüm yetişdirilirdi. Yəni Amerikanın ayırdığı maliyyə separatçıların silahlanmasına sərf edilir. Təbii ki, haqlı olaraq Qarabağ separatçılarına maliyyə yardımı edilməsini pisləyirik. Sən terrorçu və separatçı bir rejimə maliyyə yardımı edirsən. Bu, qəbuledilməzdir. Haqlı olaraq dinləmələrdə bu məsələ qaldırılıb və etiraz ifadə olunub. Onda bu məntiqdən belə çıxır ki, biz də “Əl-Qaidə”yə maliyyə yardımı edə bilərik. Onlar da ac və susuzdur. Sən burada terrorçuya pul göndərirsən, biz də oradakına göndərək? Görürsünüz, necə ironik durum yaranır. Azərbaycan artıq dünyada söz sahibinə çevrilən ölkədir. Avropanın da, elə Amerikanın da bizdən keçən işləri var. Bizimdə qələbəmiz iqtisadiyyatımızda, elmimizdə, şüurumuzdadır. Kimin iqtisadiyyatı güclüdürsə, o da qalibdir. Bu mənada bizim işlərimiz tədricən istədiyimiz istiqamətdə gedəcək.

- Həmsədrlərin regiona səfəri davam edir. Nə gözləyirsiniz?
- Onlar Bakıya gəlib yeyib-içəcək, sonra da çalışacaqlar ki, bizə yalan danışsınlar. Daha sonra İrəvana gedəcəklər, orada da məclisdə yeyib yalan danışacaqlar. Beləcə davam edəcəklər. Mən onları qəbul etmirəm və inanmıram. Artıq 20 ildən çoxdur ki, Minsk Qrupu yaranıb. İndiyə qədər nə iş görüblər, hansı uğur əldə ediblər? Hələ ATƏT-in cəbhədə vəziyyətə nəzarət edən Monitorinq Qrupu var. Deməli, bunlar Ağdamda və ya Tərtərdə təmas xəttində monitorinq keçirirlər. Sonra da elan edirlər ki, monitorinq insidentsiz başa çatdı. Mən anlamıram, bəyəm, erməni ATƏT-in nümayəndəsinə güllə atacaq? Təbii ki, onlar təmas xəttini tərk edən kimi ermənilər atmağa başlayır. Hər gün 90-100 dəfə atəşkəs pozulur. Ümumiyyətlə, ATƏT-in Monitorinq Qrupu cəbhə xəttinə buraxılmamalıdır. Çünki gəlib bizim dislokasiyanı görür, sonra da erməniyə söyləyirlər ki, filan postda filan qədər əsgər var.

- Son aylar, xüsusilə, ötən ilin yayından başlayaraq qarşı tərəf cəbhədə atəşkəsi fasiləsiz olaraq pozur. Cəbhə bölgəsindən olan deputat kimi bunu nə ilə izah etmək olar?
- Vəziyyət bir qədər gərginləşib. Atalar məsəli var, itə deyirlər niyə hürürsən, deyir qorxuduram, deyirlər quyruğunu niyə bulayırsan, deyir ki, qorxuram. Hər saat bizə göstərmək istəyirlər ki, biz burdayıq, gücümüz var. Həm də görürlər ki, Azərbaycan ATƏT-ə inanmır, cənab Prezident də açıq deyir ki, biz torpağımızın azad olunmasının yolunu bilirik və bunu da edəcəyik. Bu məsələlər var və ermənilər də bu səbəbdən göstərmək istəyirlər ki, qorxmuruq. Ancaq bütün bunlar boş şeydir.

- Siz cəbhə bölgəsini təmsil edən deputatlardan birisiniz. Cəbhə rayonlarını təmsil edən deputatlar ATƏT-ə müraciət edə, onların dəyişdirilməsini tələb edə və bunun effekti ola bilərmi?
- Azərbaycan qəti şəkildə məsələni qoya bilər ki, filan şərtlər nəzərə alınmalıdır, əks təqdirdə biz bundan imtina edəcəyik. Əgər bir işə yaramırlarsa, onları neynəyirik? Baxın, Ukrayna məsələsində Almaniya və Fransa rəhbərləri Minskdə oturub 18 saat müzakirə apardılar. Nə olub Ukrayna göydən zənbillə düşüb, biz isə yerdə qalmışıq? Təbii ki, hər şeyin kökündə xristian təəssübkeşliyi var.

- İran xarici işlər naziri Azərbaycana səfər edib. Siz fars dilini yaxşı bilirsiniz, İran mediasını oxumaq imkanlarınız var. Hazırda Azərbaycan-İran münasibətlərini necə qiymətləndirirsiniz?
- Azərbaycan İranla qonşudur. Biz mehriban yaşamalıyıq. Hazırda münasibətlər yaxşıdır. İranın yarısı azərbaycanlıdır. Bizim İranla münasibətlərimiz daima normal halda olmalıdır. İndi də, işlər normal şəkildə gedir, münasibətlər yüksək səviyyədədir. Ancaq təbii ki, İranın daxilində bizi sevməyən qüvvələr var və bəzən bu, başqa məsələlərə gətirib çıxarır. Ancaq nazirin səfərini yüksək qiymətləndirirəm, hesab edirəm ki, bu iki ölkədə münasibətlərin inkişafı üçün əlavə imkan olacaq.

- Aqil bəy, Cənub Qaz Dəhlizi ilə bağlı ciddi addımlar atılır, Prezident bununla bağlı ötən həftə paytaxta keçirilən toplantıya qatıldı. Eyni zamanda Rusiya da son zamanlar Türkiyə vasitəsilə Avropa bazarına qaz çıxarmağı hədəfləyir. Bu layihə və onun əhəmiyyəti haqda nə düşünürsünüz?
- Təbii ki, Rusiyanın öz marağı var, ancaq bizim layihəyə mane olmaq mümkün deyil. Həm də burada kimin nə qədər qaz ötürəcəyi, hansı ölkələr kimdən nə qədər mavi yanacaq alacaq məsələsi var. Hesab etmirəm ki, Rusiyanın çəkmək istədiyi qaz kəməri bizə ciddi maneə və ya alternativ olsun. Çünki Azərbaycanın və Türkmənistanın qazı məhz Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çıxarılacaq. Dünyada ən böyük qaz ehtiyatı Türkmənistandadır. Türkmənistan Moskvadan qaz ötürəsi deyil. Hər kəs çalışır ki, asan və sərfəli yolla malını bazara çıxarsın. Bizimlə Türkmənistanın arası 280 kilometrdir. Bu mənada bizi hər hansı təhlükə gözləmir. Sadəcə olaraq bu daha çox geosiyasi oyunlarla bağlıdır.

Nemət