"Yunanıstanda Avropa İttifaqının ən zəif həlqəsi kimi çox ciddi böhranlar oldu. Balaca bir Yunanıstanın xarici borcları 300 milyard avrodan yuxarı qalxdı və vəziyyətin gərginləşməsindən istifadə edən populist siyasi xadimlər hakimiyyətə gəldi. İndi hələlik onlar eyforiyadadırlar, göydən yerə düşəndə görəcəklər ki, xalqa verdikləri vədlərin heç birisini yerinə yetirə bilmirlər. Gürcüstanda da hakimiyyət dəyişəndə hansısa bir formada narazılıqlar ifadə edilirdi. Sonra gördülər ki, Azərbaycan Gürcüstan üçün nə qədər önəmlidir və bu əməkdaşlığı davam etdirmək təkcə Azərbaycanın yox, daha çox Gürcüstanın xeyrinədir".

Bunu Teleqraf.com-a müsahibəsində Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli bildirib. Müsahibəni təqdim edirik.

- Əli müəllim, "Cənub Qaz Dəhlizi" ilə bağlı iştirakçı dövlətlərin Məşvərət Şurasının ilk iclası keçirildi. Bu iclası necə dəyərləndirirsiniz?
- "Cənub Qaz Dəhlizi" bilavasitə Avropanın bir nömrəli məsələsi olan enerji təhlükəsizliyi probleminin həllində irəliyə doğru bir addım kimi nəzərdə tutulub. Həm də Avropaya qaz təchizatının şaxələndirilməsi üçün bu layihə çox vacibdir. Bu nöqteyi-nəzərdən "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsi həm Azərbaycanın önəmini artıracaq, həm də Avropaya inteqrasiyasının yeni bir mərhələsini təşkil edəcək. Bu layihə ətrafında uzun müddətdir söhbətlər gedir. Əvvəllər NABUKKO adlı layihə var idi. Qərb ölkələrindən olan iştirakçıların ləngliyi və bu məsələyə lazımi məqamlarda reaksiya verilməməsi, layihənin reallaşdırılması üçün sürətləndirməyə səy göstərilməməsi nəticəsində gündəlikdən çıxdı. Ona görə də Azərbaycan strateji müttəfiqi olan Türkiyə ilə birgə ağırlığın çox hissəsini öz üzərinə götürdü və bu layihəni həyata keçirməyə başladı. Bu TANAP layihəsidir və o cümlədən TAP layihəsinin də həyata keçirilməsi istiqamətində işlər gedir. Azərbaycan Prezidenti İlham Əliyev həm Ümumdünya İqtisadi Forumunda, həm də Almaniyadakı görüşləri zamanı bu məsələnin ilk növbədə Avropa üçün nə qədər əhəmiyyətli olmasını vurğuladı. Eyni zamanda, bu istiqamətdə olan maneələrin də aradan qaldırılmasına səy göstərməyə çağırdı. Bunun ardınca isə, layihəni təkcə sözdə deyil, əməldə də müdafiə edirik tezisini sübuta yetirməkdən ötrü bu sahədə maraqlı olan ölkələrin nümayəndələrinin iştirakı ilə vacib toplantı keçirildi. Hesab edirəm ki, keçirilən toplantı bu prosesin sürətləndirilməsinə təsir göstərəcək. Həmişə olduğu kimi, bu dəfə də "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşmasına mane olan qüvvələr yenə də hərəkətə gələcəklər. Amma Azərbaycan özünün bu sahədəki müttəfiqləri ilə birgə bu problemin də öhdəsindən gələcək və "Cənub Qaz Dəhlizi" müəyyənləşmiş zamanda tikilib təhvil veriləcək. Qeyd edim ki, xarici ölkələrdə olan zaman Azərbaycanın Avropaya inteqrasiyasında mühüm rol oynayan enerji layihələrini xatırlatmaqla yanaşı, bir məsələni də xüsusi vurğulayıram. Əgər Azərbaycan özünün bilavasitə enerji ixrac layihələrini alternativ kəmərlər vasitəsilə Avropaya çıxarmaqla bu regionun bir nömrəli məsələsi olan enerji təhlükəsizliyində fəal iştirak edirsə, onda Avropa ölkələri də, strukturları da Azərbaycanın bir nömrəli məsələsi olan Qarabağ probleminin həlli, ərazi bütövlüyünün təmin olunması istiqamətində BMT Təhlükəsizlik Şurasının məlum 5 qətnaməsinin, əlavə olaraq Avropa strukturlarının çıxardığı qətnamələrə əməl etsinlər, özlərinin imzalarına hörmət etsinlər.

- Toplantıda enerji resursları ilə yanaşı, həmçinin mənbələrin şaxələndirilməsi məsələsinə toxunulub. Burada hansı məsələlər nəzərdə tutulur?
- Avropa əsasən qazı Rusiyadan alır. Bu sahədə Rusiya monopolist bir vəziyyətdədir. Ona görə də enerji daşıyıcılığı, neft, qaz, sadəcə, iqtisadiyyat deyil, həm də böyük hərflərlə yazılmış bir siyasətdir. Son dövrlər isə daha çox geopolitikaya çevrilib. Kimin əlində o rıçaqlar varsa, həmin rıçaqlar vasitəsilə nefti, qazı istifadə edən ölkələrə təzyiq etmək imkanları olur. Bunun qarşısının alınmasının ən yaxşı yolu neft, qaz sahəsindəki təchizatın, xüsusən Avropanın qaz təchizatının şaxələndirilməsidir ki, burada çox layihələrdən söhbət gedir. Amma Prezident İlham Əliyevin də xüsusən qeyd elədiyi kimi, hələlik real layihə məhz Azərbaycanın iştirakı ilə həyata keçirilən layihədir. "Cənub Qaz Dəhlizi" layihəsi sözün həqiqi mənasında Avropanın qaz təchizatında şaxələnmənin çox bariz bir nümunəsi olacaq. Getdikcə isə Azərbaycanın Avropanın qazla təchizatındakı payı artmağa başlayacaq. Əgər Türkmənistan da bu prosesə qoşulsa, onda möhtəşəm bir layihə həyata keçirilməyə başlanacaq.

- Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şevçoviç də Avropanın qaz tədarükündə "Cənub Qaz Dəhlizi"nin önəmini diqqətə çatdırıb. Bu başqa ölkələrdən idxal asılılığının azaldılmasına bir işarədir, yoxsa..
- "Cənub Qaz Dəhlizi" bilavasitə Avropanın qazla təchizatında Rusiyanın monopolist vəziyyətinin aradan qaldırılması istiqamətində irəliyə doğru çox sanballı bir addım olacaq.

- Türkmənistanın bu layihəyə qoşulmaq niyyətinin olduğu açıqlandı, amma qeyd edilir ki, bunun üçün hüquqi və texniki məsələlər həll edilməlidir. Sizcə, bu necə həllini tapa bilər?
- Türkmənistanı stimullaşdırmaq lazımdır ki, bu layihədə böyük həvəslə iştirak eləsin. Son dövrlərdə Türkmənistan bu istiqamətdə məqsədyönlü addımlar atmağa başlayıb. Hazırda Türkmənistan öz qazını Çinə satır. Qaz ehtiyatları çox olan Türkmənistan gələcəkdə də Çinə bunu satmaqda davam edəcək, həm də qaz ehtiyatlarının bir hissəsini də Avropaya çıxaracaq.

- Yunanıstan toplantıya qatılmazdan əvvəl bu layihə ilə bağlı şərtlərinin olduğunu açıqlamışdı. Sizcə, belə mesajlar yenə olacaqmı?
- Yunanıstanda Avropa İttifaqının ən zəif həlqəsi kimi çox ciddi böhranlar oldu. Balaca bir Yunanıstanın xarici borcları 300 milyard avrodan yuxarı qalxdı və vəziyyətin gərginləşməsindən istifadə edən populist siyasi xadimlər hakimiyyətə gəldi. İndi hələlik onlar eyforiyadadırlar, göydən yerə düşəndə görəcəklər ki, xalqa verdikləri vədlərin heç birisini yerinə yetirə bilmirlər. Gürcüstanda da hakimiyyət dəyişəndə hansısa bir formada narazılıqlar ifadə edilirdi. Sonra gördülər ki, Azərbaycan Gürcüstan üçün nə qədər önəmlidir və bu əməkdaşlığı davam etdirmək təkcə Azərbaycanın yox, daha çox Gürcüstanın xeyrinədir. Bundan sonra əməkdaşlığı davam etdirməyə başladılar. İndi Yunanıstanın da populist hakimiyyəti eyforiyadan ayılandan sonra dərk edəcək ki, Azərbaycanın bu layihəsi bizdən daha çox Yunanıstana, o cümlədən onunla bir qurumda iştirak edən Avropa Birliyinə vacibdir. Əgər Yunanıstandakı yeni hökumət populizmdən praqmatizmə keçidi sürətləndirə bilsə, Azərbaycanla normal əməkdaşlığı davam etdirə biləcək.

- Yunanıstanın indiki iqtidarının özündən əvvəlki hökumət tərəfindən bağlanmış beynəlxalq müqavilələrə dəyişikliklər etməsi mümkündürmü?
- İndiki hökumətin heç bir komptensiyası yoxdur. Onlar indi müqavilələri təftiş edə bilməz, yalnız populist tələb irəli sürə bilər. Həmin beynəlxalq müqavilələr bağlanana qədər onlarla yüksək ixtisaslı mütəxəssislər işləyib, ölçüb-biçiblər və hər iki tərəfin maraqlarını nəzərə almaqla müqavilə bağlayıblar. İndi Yunanıstandakı yeni hökumət özünü hamıdan ağıllı hesab edir, amma hələlik populizmdən o yana gedə bilmir.

- ABŞ-ın "Cənub Qaz Dəhlizi" layihəsinə marağı nədən qaynaqlanır?
- ABŞ Avropanın müttəfiqidir, ona görə də Avropada gedən prosesləri çox diqqətlə izləyir. ABŞ istəyir ki, Avropa enerji təhlükəsizliyi baxımından Rusiyanın monopoliyasından çıxsın. Ona görə də ABŞ "Cənub Qaz Dəhlizi"ni birmənalı şəkildə müdafiə edəcək.

- Bu layihəyə başqa ölkələrin qatılması mümkündürmü?
- "Cənub Qaz Dəhlizi" layihəsinə istənilən ölkə qatıla bilər. Çünki açıq layihədir və hansı dövlət həvəs göstərsə, layihədə iştirakı mümkündür. Amma həvəs göstərən ölkə Ermənistan olmamalıdır. Ermənistan belə layihələrə qoşulmazdan əvvəl işğal olunmuş ərazilərimizdən çıxmalıdır.

- Dağlıq Qarabağ probleminin həll edilməməsi, müharibə şəraitinin davam etməsi belə layihələr üçün təhlükəli deyilmi?
- Münaqişənin davam etməsi təkcə "Cənub Qaz Dəhlizi" çərçivəsində çəkiləcək kəmərlərin yox, bütövlükdə Cənubi Qafqaz, eləcə də, Avropa regionu üçün də çox böyük təhlükədir. Avropada sabitliyi təmin eləmək üçün Dağlıq Qarabağ problemi, bütövlükdə Azərbaycanın ərazi bütövlüyü məsələsi mütləq beynəlxalq hüquq normaları səviyyəsində qəbul olunmuş prinsiplər əsasında ədalətli həll olunmalıdır.

- Bu layihəyə maneələr nə qədər olacaq?
- "Əsrin Müqaviləsi", Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi ilə bağlı yaradılan maneələr kimi "Cənub Qaz Dəhlizi" layihəsinə də maneələr olacaq. Amma bu maneələri aradan qaldırmaq mümkün olacaq.

Bəxtiyar Məmmədli