“Bu həftə ərzində iqtidar-müxalifət görüşü yenidən baş tutacaq. Şübhəsiz ki, həmrəylik vacibdir. Bir ölkənin insanlıqdan uzaq olan, dünyaya yalan və böhtan sırıyan erməni kimi düşməni olsun, amma daxildə birlik olmasın. Bu, doğru deyil. Ona görə də, milli birlik və vətəndaş həmrəyliyi ciddi problem, qarşımızda dayanan vəzifədir. Biz bunu həyata keçirməliyik”.

Bunu Teleqraf.com-a müsahibəsində VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib. Müsahibəni təqdim edirik.

- Sabir bəy, bu yaxınlarda Moskvada səfərdə olmusunuz. Səfər nə ilə bağlı idi?
- Moskvada Dünya Azərbaycanlıları Konqresinin Rusiya təmsilçiləri və Moskva fəalları ilə görüşdük. Eləcə də, Moskvada yaşayan tələbə gənclərlə, yüksək ixtisaslı aspirantlarla görüşlər oldu. Həmçinin Moskva nəşriyyatlarının birində kitabım çapa hazırlanır. Onunla bağlı da işlərlə maraqlandım.

- Hazırda Rusiyada ciddi böhran olduğu deyilir. Moskvada olduğunuz müddətdə şəhəri gəzdinizmi, müşahidələriniz necədir?
- Moskvada on gün qaldım. Ancaq gəzməyə zamanım olmadı. İş qrafikimdə şəhəri gəzmək nəzərdə tutulmamışdı. Təbii ki, Rusiya gərgin vəziyyətdədir. Bunu görmək üçün Moskvaya getmək və şəhəri gəzməyə ehtiyac yoxdur. Bunu şəhərin hər bir yerində görmək və müşahidə etmək mümkündür. Yalnız bir küçədə olmaq və ya oteldə qalmaqla bunu müəyyən etmək və yaşamaq olur.

- Siz, Moskvada hər hansı bir görüş keçirdinizmi, Dövlət Dumasında oldunuzmu?
- Xeyr. Səfərimiz Dünya Azərbaycanlıları Konqresinin və Moskvada fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin, eləcə də, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin tədbirləri ilə bağlı idi. Rusiyada başqa dairələrlə görüşmək niyyətim öncədən yox idi. Odur ki, səfər çərçivəsində qeyd etdiyim qurumlarda oldum, görüşlər keçirdim, onların fəaliyyəti, gündəlik işləri, ümumi durumları ilə maraqlandım. Əlbəttə, imkan daxilində şəhəri gəzmək yaxşı olardı. Ancaq təəssüf ki, buna vaxt olmadı.

- Azərbaycan kommunistləri 95 illik yubileyini qeyd edir. Buna münasibətiniz necədir?
- Kommunistlər 95 ildən sonra yenidən 95 il əvvəlki səviyyəyə düşüb. Bu, danılmaz faktdır. Mən say və ümumi gücünə görə bunu deyirəm. Əlbəttə, 95 il əvvəl kommunizm bir ideya idi və hətta bir çoxları üçün ümid yeri idi. Ancaq indi başqa reallıqlar var. Hazırda bu ideyaya ümid yoxdur. Üstəlik Kommunist Partiyasının dirçəlişinə heç bir şans qalmayıb. Odur ki, 95 illik yubileyi keçirə də, tarixlərini qeyd də edə bilərlər. Ancaq bu təşkilatın yenidən güclənməsi, önə çıxacağını düşünmürəm. Kommunist Partiyasının birinci qurultayında səhv etmirəmsə, 8 nəfər iştirak etmişdi. İndi bu partiyanın qurultayında nə qədər insanın iştirak edə biləcəyini deyə bilmərəm. Ancaq bəllidir ki, hazırda Avropa ölkələrində sosial demokratiya hərəkatı yenə də yaşayır, bəzən seçkilərdə kifayət qədər səs ala bilir. Ancaq onlardan fərqli olaraq Kommunist Partiyası küll halında zəifləyib, sıradan çıxıb. Ümumiyyətlə, kommunizm hərəkatı bir əsrdə dünyaya bütün tarix boyu yaşanmayacaq qədər faciələr, qanlar, qırğınlar gətirdi. On milyonlarla insanın həyatına son qoyandan sonra, dünyada böyük fəlakətlər törətdi. Bütün bunlardan sonra kommunist partiyası yaşamaq, yenidən insanların üzünə çıxmaq gücünü tapırsa, yenidən vədlər vermək haqqında düşünürsə, mən buna ancaq heyrət edirəm. Xüsusilə, dünyada iki cahan müharibəsi, yüz milyona yaxın insan fəlakəti, bütöv millətlərin öz yerindən qoparılıb köç etdirilməsi, dünyanın siyasi xəritəsinin və coğrafiyasının dəyişdirilməsi kimi hallar kommunist hərəkatının qanlı və acı mirasıdır.

- Ölkə parlament seçkiləri ilinə daxil olub. Hazırda siyasi partiyalar seçki blokları yaradır, əməkdaşlıq məqsədilə müzakirələr aparır. Sədri olduğunuz VHP bu barədə nə düşünür?
- Biz seçki bloklaşması olmasa da, birbaşa əlaqələrin, görüşlərin, bir çox məsələlərdə birgə münasibətin tərəfdarıyıq. Mən Azərbaycanın müstəqilliyində rolu olan bütün siyasi qüvvələrə xoş münasibətimi saxlayıram və bu münasibətimiz davam edir. Biz cəmiyyətdə həmrəyliyi vacib hesab edirik. Ancaq seçki blokları məsələsi bir qədər mürəkkəbdir. Seçki bloku yalnız görüntü xarakteri daşıyır və onun real nəticələri olmur. Mən indiyə qədər effektiv seçki bloku görməmişəm. Əlbəttə ki, siyasi partiyalar seçki blokları yarada bilərlər və bu, onların müstəsna hüququdur. Ancaq effektiv nəticə görmürəm. Həm də bizdə majoritar seçki sistemi mövcuddur. Ona görə də, yalnız müəyyən partiyaların namizədlərini ayrı-ayrı seçki dairələrində birgə müdafiə edə bilərik. Ancaq sonda çox təəssüf ki, belə olmur. Əksər hallarda siyasi partiyaların öz namizədləri olur və onlar bir-birinə güzəştə getməyi bacarmırlar. Beləliklə də, seçkiyə qədər olan dövrün bir hissəsi ayrı-ayrı namizədlərin müəyyənləşdirilməsinə sərf olunur. Nəticə etibarı ilə də arada olan konfliktlər bir qədər də dərinləşir, incikliklər yaranır. Odur ki, bütün bu məsələləri düşünmək lazımdır. Məncə, bu institut nəticə etibarı ilə partiyaya xeyir vermir. Şəxsən mən, daima konfliktlərdən, xüsusilə, yeni qarşıdurma yarada biləcək proseslərdən qaçıram və bunun xeyirli olduğunu da düşünmürəm. Mən sadəcə ümumi məsələlərdə, ölkənin gələcəyi, Azərbaycanın qarşısında duran problemlər, Dağlıq Qarabağ münaqişəsi, torpaq itkisi, 50 milyonluq xalqın bölünməsi, tarixi yerlərimizin böyük hissəsinin əlimizdən çıxması kimi məsələlərdə vahid mövqedən çıxış etməyi vacib hesab edirəm. Bütün diqqətimizi seçkidən seçkiyə yönəltmək və bunun da ciddi nəticələrə gətirib çıxarmayacağını bildiyimiz halda, buna vaxt ayırmağı real düşüncədən uzaq sayıram. Odur ki, qeyd etdiyim problemləri düşünərək siyasi partiyalar arasında müsbət əlaqələrin və xoş münasibətin olmasını istəyirik. O cümlədən ölkədə ciddi milli birliyin tərəfdarıyam.

- İqtidar-müxalifət dialoqu gözlənilirmi və bu lazımdırmı?
- Əlbəttə, lazımdır. Bu həftə ərzində iqtidar-müxalifət görüşü yenidən baş tutacaq. Şübhəsiz ki, həmrəylik vacibdir. Bir ölkənin insanlıqdan uzaq olan, dünyaya yalan və böhtan sırıyan erməni kimi düşməni olsun, amma daxildə birlik olmasın. Bu, doğru deyil. Ona görə də, milli birlik və vətəndaş həmrəyliyi ciddi problem, qarşımızda dayanan vəzifədir. Biz bunu həyata keçirməliyik. O ki qaldı iqtidar-müxalifət arasında ilk görüşün keçirilməsinə, bu sadəcə məsləhətləşmə idi və dialoq deyildi. Ancaq hər halda iqtidar-müxalifət məsələlərinin yumşalması və ümummilli məsələlərin birgə müzakirəsi baxımından ciddi addımdır. Hesab edirəm ki, bu proses davam etdirilməlidir. Mənə daxil olan informasiyaya əsasən, bu həftə içində növbəti bir görüş keçirilməlidir.

- Bu gün Türkmənçay sülh müqaviləsinin 178-ci ili tamam olur. Siz də millətimizin bölündüyünü, ayrı-ayrı ölkələrdə yaşadığını qeyd etdiniz. Bu haqda nə düşünürsünüz?
- Biz bir neçə ölkəyə sığınmamışıq. İfadələr dəqiq olmalıdır. Tarixi torpaqlarımız bir neçə ölkənin əlində qalıb. Bunu deməkdən çəkinməməliyik. Azərbaycan torpaqlarının bir hissəsi olan Dərbənd Rusiyanın nəzarətindədir. Onlar bu əraziyə I Pyotrun zamanında gəlib. Biz Dərbənd deyəndə Rusiya narahat olmasın. Nə olsun güclüdür? Həqiqətlər unudulmalı deyil. Eyni zamanda Borçalı mahalı tarixi Azərbaycan torpağıdır. Nadir şah səltənətini dörd yerə bölmüşdü və bu səltənətlərdən birinin paytaxtı da Tiflis idi. Nadir şah Tiflisə gələndə bizim tarixi torpağımız olan Borçalı Tiflisə verildi. Eləcə də, Qərbi Azərbaycan torpaqlarımızı itirmişik. İndiki Ermənistan ərazisinin əhəmiyyətli hissəsi Azərbaycan torpağıdır, orada yaşayanlar da tarixən azərbaycanlılar olub. Nadir şah oradan on minlərlə insanı İranın müxtəlif yerlərinə köçürüb ki, əhalinin sayı azalsın. Bu məsələdə Qarabağ bəylərbəyliyi ilə konflikt əsas rol oynayıb. Ancaq bu torpaqlarda tarixən azərbaycanlılar yaşayıb. İndiki Ermənistan ərazisi, İrəvan xanlığı bizim torpağımızdır. Oranın nə zaman və kimə verildiyi də bəllidir. Quzey İraqda türkmənlərin hansı faciələr yaşadığını görürük. Bura da bizim torpaqlarımızdır. İranın quzey-qərb hissəsi bizim tarixi torpağımızdır. Yaşı iki min ildən çox olan Azərbaycan torpaqlarıdır. Biz bunları unutmalı deyilik. Biz demirik ki, bu əraziləri özümüzə qataq. Bu gün dünyanın siyasi xəritəsini dəyişmək çox çətindir. Ancaq bu ərazilərdə bizim soydaşlarımızın olduğunu, bu ərazilərin Azərbaycan torpağı olduğunu gələcək nəsillər bilməlidir. Biz Dünya Azərbaycanlıları Konqresi olaraq bu məsələlərə ciddi yanaşırıq. Hesab edirik ki, Azərbaycanın quzeyində müstəqil dövlət yaranıb, bu, bizim sərvətimizdir. Heç kimə qarşı da ərazi iddiası irəli sürmürük. Ancaq tariximizi bilməliyik. Azərbaycan dövləti də dünyada yaşayan soydaşlarımızın hüquqlarını müdafiə edir və etməlidir.

Nemət