
“Avropa Şurası üçün Azərbaycan bir tərəfdaş və üzv ölkə kimi çox əhəmiyyətlidir. Düzdür, bəzən biz Avropa Şurasından tənqidlər eşidirik. Ancaq bu, Avropa Şurasının deyil, bu strukturda təmsil olunan müəyyən dairələrin mövqeyidir. Təbii ki, bu tənqidlər erməni lobbisinin təsiri altında formalaşır. Ancaq biz bu sözü təşkilatın özü haqqında deyə bilmərik. Avropa Şurası ilə əməkdaşlığımız yüksək səviyyədə həyata keçirilir, Azərbaycan bu qurum üçün mühümdür, bizim əməkdaşlığımız geniş və uğurludur”.
Bunu Teleqraf.com-a müsahibəsində millət vəkili, Azərbaycanın Avropa Şurası parlament Assambleyasında nümayəndə heyətinin sədr müavini Sevinc Fətəliyeva bildirib. Müsahibəni təqdim edirik:
- Sevinc xanım, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasından yenicə qayıtmısınız. Hansı məsələlər müzakirə edildi, ümumilikdə sessiyanın fəaliyyətini necə qiymətləndirirsiniz?
- Qış sessiyasını çox faydalı və geniş müzakirələrlə dolu sessiya adlandırmaq olar. Orada bir çox məsələlər müzakirə edildi. Azərbaycanın girov düşən iki vətəndaşı haqqında nümayəndə heyəti tərəfindən məsələ qaldırıldı. Biz bununla bağlı narahatlığımızı avropalı parlamentarilərə bildirdik. Eləcə də, media azadlığı mövzusunda müzakirələr keçirildi. Azərbaycan nümayəndə heyəti bu müzakirələrdə də aktiv iştirak etdi, ölkəmizdəki real həqiqətləri düzgün və obyektiv çatdırmaq imkanımız oldu. Biz ölkədə media ilə bağlı gedən pozitiv prosesləri Parlament Assambleyasına çatdıra bildik. Sessiya zamanı Dağlıq Qarabağ münaqişəsini gündəmimizdə saxladıq və bu məsələyə də toxunduq. Yenə də Avropadan olan həmkarlarımızı Ermənistana təzyiqlər göstərməyə dəvət etdik. Xüsusilə, sessiyada Ukraynada yaranan vəziyyət müzakirə edildi. Bununla bağlı da bəzi məsələləri diqqətə çatdırdıq.
- Mətbuatda və sosial şəbəkələrdə Azərbaycan nümayəndə heyətinin Rusiyanın tərəfini tutması, bu ölkənin lehinə səs verməsi müzakirə və tənqid edilir. Bu haqda səslənən tənqidlərə münasibətiniz necədir?
- Bəli, neçə gündür mediada Azərbaycan nümayəndə heyətinin səsvermədə iştirakına dair müzakirələr açılıb. Məsələ ondan ibarətdir ki, biz hər zaman ikili standartlara qarşı mübarizə aparırıq. Çox təəssüflər olsun ki, Avropada olan deputatların əksəriyyəti Dağlıq Qarabağ məsələsinin müzakirəsi zamanı Ermənistana təzyiqlər göstərilməsi və bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsini dəstəkləmir, başqa sözlə, bu münaqişədə günahkar axtarmaq niyyətində olmur. Düşünürəm ki, indi belə bir presedent yaradılırsa, Rusiyadan əvvəl Ermənistandan başlanmalıdır. Başqa sözlə, bu, ilk olaraq Ermənistana yönəlməlidir. Əgər təcavüzə, münaqişəyə görə, AŞ PA-da səsvermə hüququ əlindən alınırsa, bu da ilk olaraq Ermənistana qarşı olmalıdır. Məhz belə bir presedent yarandıqdan sonra biz Ukrayna məsələsinə keçə bilərik. Təbii ki, hazırda Ukraynada vəziyyət gərgindir, müharibə gedir. Ancaq biz unutmamalıyıq ki, vaxtilə Azərbaycanda da vəziyyət gərgin olub, gündə onlarla insan həyatını itirib, insanlarımız torpaqlarından qovulub. Nəticədə ərazimizin 20 faizi işğal edilib və indi də işğal altında saxlanılır. Biz bunu nəzərə alaraq mövqeyimizi ifadə etmişik. Bir daha qeyd edirəm ki, belə bir presedent yaradılırsa, bu, ilk növbədə Ermənistanla bağlı olmalıdır. Əslində isə, indi deyil, illər əvvəl Ermənistana qarşı belə bir sanksiya tətbiq edilməli idi. İndi də biz bunu tələb edirik.
- Demək istəyirsiniz ki, ikili standarta görə, Rusiya nümayəndə heyətinin səsvermə hüququnun dondurulmasına qarşı çıxmısınız?
- Bəli. Buna qədər Ermənistanın səsvermə hüququ dondurulmalı idi. İkili standart olmamaldıır. Biz, bu addımımızla Avropada olan həmkarlarımızı Dağlıq Qarabağ münaqişəsi və ona sərgilədiyi mövqelərə qaytarmaq istədik. Yenə də Dağlıq Qarabağ məsələsini gündəmdə saxlamaq məqsədi güdürük. Ukrayna-Rusiya məsələsi müzakirə ediləndə biz deyirdik ki, niyə Ermənistana qarşı deyil, indi Rusiyaya qarşı tətbiq edirsiniz. Bu gün də olsa, Ermənistanın məsələsi gündəmə gətirilməlidir.
- Avropa Şurasının sessiyalarında erməni deputatları ilə rəsmi və qeyri-rəsmi təmaslarınız olurmu?
- Mən dörd ildir ki, nümayəndə heyətimizin üzvüyəm. Bu müddətdə elə bir hal yadıma gəlmir ki, ermənilərlə təmasda olaq. Yalnız bir dəfə, AŞ PA-nın sabiq prezidentinin təşəbbüsü ilə iki nümayəndə heyətinin bir araya gətirilməsi və münaqişənin müzakirəsinə cəhd olub. Yalnız o zaman nümayəndə heyətləri görüşdü. Ancaq bəllidir ki, Ermənistan nümayəndə heyətləri bütün görüşlərdən və bu tip müzakirələrdən qaçır.
- Sessiyada Parisdə baş verən terror hadisəsi fövqəladə məsələ kimi müzakirə olunub. Müzakirələrin nəticəsində hansı qərara gəlindi?
- Əsas məqsəd Avropada və dünyada terror və ekstremizmlə mübarizədir. Söylənilən fikirlər də İslam dininə qarşı deyildi. Burada söhbət dini fikir və ideyaların terrorizmə aparılmaması haqda idi. Əsas leytmotiv ondan ibarət idi ki, dünyada tolerantlıq qorunmalı, dinlərarası dialoqun yaranması və inkişafı vacibdir.
- Sessiyada siz həm də alt komitə sədrinin müavini seçilmisiniz. Bu haqda məlumat verə bilərsinizmi?
- Sosial məsələlər üzrə səhiyyə və davamlı inkişaf komitəsinin Sosial Xartiya alt komitəsinin sədr müavini seçildim. Bu, səsvermə ilə həyata keçirilib. Yəni bu, mənim deyil, təmsil olunduğum komitənin təşəbbüsü oldu. Çünki neçə illərdir ki, biz Avropa Şurasının uşaq zorakılığına qarşı davamlı proqramını həyata keçiririk. Bu proqramın Azərbaycan üzrə əlaqələndiricisi mənəm. Biz uşaqların qorunması, onların zorakılıqla qarşılaşmaması istiqamətində işlər görürük. Həm Avropa Şurasında, həm də Azərbaycanda uşaqların sosial müdafiəsini həyata keçiririk. Mənim də namizədliyim bu nöqteyi-nəzərdən irəli sürülüb. Burada əsas məsələ xartiya çərçivəsində uşaqların sosial müdafiəsinin gücləndirilməsi olacaq. Mən komitə sədrinin müavini olaraq da bu istiqamətdə işləyəcəyəm.
- Avropa Şurasında Azərbaycana münasibət necədir?
- Avropa Şurası-Azərbaycan münasibətləri artıq on ildən çoxdur ki, formalaşıb. Düşünürəm ki, Avropa Şurası üçün Azərbaycan bir tərəfdaş və üzv ölkə kimi çox əhəmiyyətlidir. Düzdür, bəzən biz Avropa Şurasından tənqidlər eşidirik. Ancaq bu Avropa Şurasının deyil, bu strukturda təmsil olunan müəyyən dairələrin mövqeyidir. Təbii ki, bu tənqidlər erməni lobbisinin təsiri altında formalaşır. Ancaq biz bu sözü təşkilatın özü haqqında deyə bilmərik. Avropa Şurası ilə əməkdaşlığımız yüksək səviyyədə həyata keçirilir, Azərbaycan bu qurum üçün mühümdür, bizim əməkdaşlığımız geniş və uğurludur. Odur ki, Avropa Şurasının özünün Azərbaycana qərəzli olması haqqında demək olmaz.
- Bu sessiyada Azərbaycan üzrə həmməruzəçilərdən biri dəyişib. Siz yeni məruzəçinin təyin olunmasına dair aparılan müzakirələrdə iştirak etmisiniz?
- Xeyr. Bu məsələ Monitorinq Komitəsində müzakirə olunurdu. Mən Monitorinq Komitəsinin üzvü deyiləm. Bu müzakirələrdə komitə üzvləri iştirak edib. Ancaq sizə deyim ki, yeni həmməruzəçi kifayət qədər peşəkar və təcrübəli siyasətçidir. Hesab edirəm ki, onun təcrübəsi, Avropa Şurasındakı fəaliyyəti, Azərbaycanı yaxından tanıması imkan verəcək ki, məruzənin hazırlanması prosesinə yeni nəfəs və töhfə olsun. Mən onun obyektiv olacağına inanıram, düşünürəm ki, bayaq dediyim dairələrə qarşı da onun fəaliyyəti olacaq.
- Son zamanlar media və sosial şəbəkələrdə məhbus Lamiyə Quliyeva haqqında müzakirələr gedir, məqalələr yazılır. Lamiyə Quliyevanın ailəli olmamasına rəğmən, həbsxanada ana olması ciddi rezonansa səbəb olub. Sizin bu haqda mövqeyiniz necədir?
- Təbii ki, qadın millət vəkilləri qadın məhbusların vəziyyəti ilə maraqlanmalıdır. Məhbusların cinsindən asılı olmayaraq millət vəkili olaraq qanunlarımızın işləməsinə nail olmalıyıq. Təbii ki, hər yerdə olduğu kimi, cəzaçəkmə müəssisələrində də qanun pozuntusuna yol verilə bilməz. Biz Milli Məclisdə qanunvericiliklə məşğuluqsa, təbii ki, qanunların yerinə yetirilməsinə də nəzarət etməli və çalışmalıyıq ki, qadın məhbusların vəziyyəti hüququ normalara uyğun olsun. Burada hər bir millət vəkilinin iştirakı əvəzsiz olmalıdır.
- Seçiciləriniz sizə müraciət edə bilirmi, bu baxımdan, nə dərəcədə özünüzü əlçatan deputat hesab edirsiniz?
- Mən Suraxanı rayonunu təmsil edirəm. Rayonda mənim köməkçim fəaliyyət göstərir, həftədə iki dəfə qəbul günlərim olur. İmkanım və iş qrafikimdən asılı olaraq çalışıram ki, qəbulu özüm keçirim. Seçicilərimin məsələlərini və problemlərini imkan daxilində həll etməyə çalışıram. Eləcə də, rayonda keçirilən tədbirlərdə iştirak edirəm. Bəzən seçicilərim mənim telefonuma zəng edib müraciətlərini edirlər.
- Seçiciləriniz sizə daha çox hansı xarakterli müraciətlər edir?
- Əsasən, sosial problemlərlə bağlı müraciətlər olur. Yol problemi var. Təbii ki, işlər görülür və bundan sonra da görüləcək. Bəzən ailə vəziyyəti, sağlamlıqla bağlı da müraciətlər olur. Əvvəl işıq, su, qaz probleminə dair müraciətlər olurdusa, indi daha çox sosial xarakterli müraciətlər olur.
- Növbəti seçkilərdə deputatlığa namizədliyinizi irəli sürəcəksinizmi?
- Mənim namizədliyimi Yeni Azərbaycan Partiyası irəli sürüb. Partiya bu dəfə də mənə etimad göstərsə, seçkilərə qatılacağam. Bu, əlbəttə, partiyamızın seçimi olacaq. Mən özüm partiyamızın müvafiq qərarına əsasən seçkilərə qatıla və qatılmaya bilərəm.
Nemət Hüseynli