Azad İsazadə: “Cənubi Qafqazda müharibə riski çoxalıb”

“Hazırda dünyada nizamsızlıq hökm sürür. Üstəlik Rusiya-Ukrayna münasibətləri də kəskindir və faktiki olaraq Ukraynada müharibə gedir. Belə məqamda Cənubi Qafqaz regionunda yenidən alovun qalxması daha pis olardı. Bu mənada beynəlxalq təzyiqdən çox şey asılı olacaq. Həm də indiki məqamda Azərbaycan ordusunun düşmənə verdiyi cavablardan da çox şey asılıdır. İndi cəbhədə geniş miqyaslı əməliyyatların başlamamasına səbəb bizim hərbçilərin cəbhə boyunca boşluq nümayiş etdirməməsidir. Əgər erməni tərəfi boşluq tapsaydı, bundan ciddi şəkildə faydalanardı. Məsələn, erməni tərəfi onların hərəkətinə qarşılıq olaraq vurulan helikopteri hələ unutmayıb”

Bunu Teleqraf.com-a müsahibəsində hərbçi-ekspert Azad İsazadə bildirib. Müsahibəni təqdim edirik.

- Azad bəy, 2015-ci il başlayandan işğalçı erməni qüvvələri cəbhədə atəşkəsi mütəmadi olaraq pozur. Monitorinqlər göstərir ki, işğalçı ordu gün ərzində azı 50 dəfə atəşkəs rejimini pozmağa çalışır. Bu durumu necə qiymətləndirirsiniz?
- Əslində, cəbhədə gərginlik 2014-cü ilin yayında başlayıb. Həmin vaxt erməni tərəfi hansısa məqsədlərə nail olmaq istəyirdi, lakin Azərbaycan ordusu buna imkan vermədi. İndi də faktiki olaraq hər gün cəbhədə atəşkəs pozulur. Mən bunu daha çox regionda gedən proseslərlə əlaqələndirirəm. Bildiyiniz kimi, regionda son bir ildə vəziyyət mürəkkəb olaraq qalır. Rusiya-Ukrayna münasibətləri gərgin fazadadır. Demək olar ki, təhlükəsizlik sistemi pozulub, ortada olan razılaşmalara əməl edilmir. Yəni təhlükəsizlik sistemi faktiki olaraq mövcud deyil. Dünyada yazılan və yazılmayan təhlükəsizlik faktorları var idi. Bu məsələdən Ermənistan da öz aləmində yararlanmaq istəyir. Çalışır ki, regionda öz üstünlüyünü göstərsin. Azərbaycan ordusu erməni tərəfinin addımlarına münasib cavabı verdiyinə görə, genişmiqyaslı hərbi əməliyyatlar başlamayıb. Sadəcə olaraq ermənilər vəziyyəti gərginləşdirirlər ki, nəsə əldə edə bilsinlər.

- Nə qazanmaq istəyirlər?
- Hazırda Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesi var, həmsədrlər regiona səfərlər edir, müzakirələr aparırlar. Erməni tərəfi cəbhədə vəziyyəti gərginləşdirməklə danışıqlar prosesində hansısa üstünlüyə, güzəştlərə nail olmaq istəyir. İkincisi, qaynar faza baş tutsa, heç bir beynəlxalq təşkilatın imkanı olmayacaq ki, vəziyyətə müdaxilə etsin. Bu zaman Ermənistan bir növ Donetski və Luqanskidə olan şəraiti burada təkrarlamağa çalışa bilər.

- İndi Azərbaycan-Rusiya münasibətləri ən yüksək səviyyədədir. Bunu erməni tərəfi nəzərə almırmı?
- Təbii ki, münasibətlərin belə yüksək səviyyədə olması Ermənistanı ciddi narahat edir. Cəbhədə vəziyyəti gərginləşdirməklə Ermənistan həm də Rusiyanı seçim qarşısında qoyur. Əlbəttə, erməni iyrənc siyasət yeridir. Çalışır müəyyən etsin ki, Rusiya ənənəvi müttəfiqini müdafiə edəcək, yoxsa gözləmə mövqeyində duracaq.

- İndi Rusiya üçün Ermənistan əhəmiyyətlidir, yoxsa Azərbaycan?
- Şübhəsiz ki, Azərbaycan Rusiya üçün daha vacib və əhəmiyyətli ölkədir. Ancaq nəzərə almalıyıq ki, indiki vəziyyət Rusiyanın da maraqlarına uyğundur. Rusiya çalışır ki, Azərbaycan ona daha yaxın olsun. Başqa sözlə, biz problemin həllini Rusiyada axtaraq və başqa səmtə yönəlməyək. İndiki vəziyyətin nə qədər davam edəcəyini demək çətindir. Hazırda dünyada onsuz da nizamsızlıq hökm sürür. Üstəlik Rusiya-Ukrayna münasibətləri də kəskindir və faktiki olaraq Ukraynada müharibə gedir. Belə məqamda Cənubi Qafqaz regionunda yenidən alovun qalxması daha pis olardı. Bu mənada beynəlxalq təzyiqdən çox şey asılı olacaq. Həm də indiki məqamda Azərbaycan ordusunun düşmənə verdiyi cavablardan da çox şey asılıdır. Bir daha vurğulayım ki, indi cəbhədə geniş miqyaslı əməliyyatların başlamamasına səbəb bizim hərbçilərin cəbhə boyunca boşluq nümayiş etdirməməsidir. Əgər erməni tərəfi boşluq tapsaydı, bundan ciddi şəkildə faydalanardı. Məsələn, erməni tərəfi onların hərəkətinə qarşılıq olaraq vurulan helikopteri hələ unutmayıb.

- 2015-ci ildə hərbi əməliyyatlara start verilə bilərmi?
- Bunu demək çətindir. Hərbi əməliyyatların başlanması riski hər zaman var və yüksəkdir. Bu risk, 2010, 2014-cü ildə də var idi və bundan sonra da olacaq. Əlbəttə, indi riskin faizi çoxalıb. Əsasən yazda bu risk daha çox olur. Ən riskli mərhələ mart-aprel ayları olacaq. Hər ilin bu aylarında vəziyyət daha kəskinləşir. Bu il isə dediyiniz kimi qarşı tərəf cəbhədə durumun kəskinləşməsinə çalışır. Ola bilsin ki, yazda bunun faizi bir qədər də artsın. Bir daha qeyd edim ki, İrəvan çalışır ki, Rusiyanı seçim qarşısında qoysun. Ancaq Ermənistan o vəziyyətdə deyil ki, Rusiyanı seçim qarşısında qoya bilsin. Düşünürəm ki, indiki mərhələdə Rusiya müharibənin baş verməsini istəmir.

- Ancaq qəribədir ki, bəzi ekspertlər regional və geosiyasi proseslər konteksində Cənubi Qafqazda münaqişə ocaqlarının yenidən alovlana biləcəyini iddia edirlər...
- Əlbəttə, belə iddialar irəli sürürlər. Ancaq onlar daha çox Çeçenistan və ya Dağıstanın adını da çəkirlər. Sadəcə onu qeyd edə bilərəm ki, hazırda Cənubi Qafqazda müharibə riski çoxalıb. Əgər cəbhədə hər gün atəşkəs rejimini qarşı tərəf pozursa, biz riskin artdığını deyə bilərik. Lakin nəzərə almalıyıq ki, Bakı dünyada ilk dəfə Avropa Yay Olimpiya Oyunlarının keçirilməsinə ev sahibliyi edəcək. Bu mühüm və əhəmiyyətli tədbir də 2015-ci ildə baş tutacaq. Təbii ki, erməni tərəfi bunu da həzm edə bilmir. Eləcə də hesab edir ki, dünya bazarında neftin qiymətinin düşməsi Azərbaycanın iqtisadi imkanlarını zəiflədir. Bu həm də Azərbaycanın Ermənistana iqtisadi təzyiqlərini azalda bilməsi deməkdir. Yəni qarşı tərəf belə düşünə bilər. Ancaq region dövlətlərinə diqqət etdikdə bəlli olur ki, Azərbaycanın vəziyyəti Ermənistanla müqayisədə daha normaldır və yaxşıdır. Həm də perspektivlidir. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həlli hansısa hərbi addımlardan asılı olmalıdır. Real olaraq iki tərəfi də razı salacaq mexanizm yoxdur. Demək, balaca xarakterli olsa da, hansısa əməliyyat baş verməlidir ki, indiki status-kvo dəyişsin. Mən 2015-ci ildə Dağlıq Qarabağın həllini görmürəm. 2015-ci ildə cəbhədə gərginlik Azərbaycana sərf etmir. Çünki ölkədə əhəmiyyətli tədbir keçiriləcək. Bizim üçün indilikdə əməliyyat keçirib Avropa Yay Olimpiya Oyunlarına qədər vəziyyəti başa çatdırmaq vaxt baxımından mümkün deyil. Bu baxımdan Azərbaycan indilikdə çalışacaq ki, idman yarışlarına qədər danışıqlar prosesi davam etsin. Ondan sonra isə birmənalı fikir bildirmək çətindir.

- 2015-ci ildə Azərbaycan və Ermənistan prezidentlərinin BMT sessiyası zamanı görüşü nəzərdə tutulub. Bu görüşdən nə gözləmək olar?
- Mümkündür ki, bu görüşün nəticəsi olaraq cəbhədə vəziyyət bir qədər sabitləşin. Amma görüş ərəfəsində və görüş zamanı cəbhədə vəziyyət kəskinləşə bilər. Həm də unutmamalıyıq ki, ermənilər bu il saxta “soyqrımı”nın yüz illiyini qeyd edəcək. Onlar buna həddən artıq fikir verirlər. Deməli, həmin ərəfədə çalışacaqlar ki, gərginlik çoxalsın. Faktorlar çoxdur və bu amillərin təsiri altında indi konkret nəsə demək də çətindir. Amma hər şeyi tərəziyə qoyanda prinsipial dəyişikliklərin baş verəcəyi də real deyil. Bildiyiniz kimi, Azərbaycan tərəfi ordunu gücləndirir, silahlanmaya xüsusi diqqət edir. Təbii ki, Ermənistan da silahlanma proseslərini müşahidə edir və özü də çalışır ki, silahlansın. Bu da öz-özlüyündə müharibə risklərini artırır. Amma bir amili nəzərə almalıyıq ki, iki dövlətin silahlanmasının diplomatik və siyasi təsiri var. O mənadakı hansı dövlətin iqtisadiyyatı birinci olaraq çökməyə başlayacaq. Ermənistan iqtisadiyyatı isə artıq indidən çökməyə başlayıb. Bu da həmin ölkəyə olan təbii təzyiqdir. İndi vəziyyət bir növ 70-80-cı illərdə SSRİ və ABŞ-ın silahlanmasına bənzəyir. Lakin sonda SSRİ-nin iqtisadiyyatı dözmədi və çöküş baş verdi. Ermənistanda Qarabağ münaqişəsinə təsir edə biləcək faktor ölkə daxilindəki durumdur. Biz bilirik ki, onların vəziyyəti bərbaddır, sosial problemlər getdikcə çoxalır. Bu da sosial partlayışa gətirib çıxara bilər. Erməni tərəfinin sosial partlayış və ciddi etiraz aksiyaları ərəfəsində cəbhədə gərginlik yaradıb diqqəti daxildən yayındıra bilər.

- Erməni müxalifətinin durumunu necə qiymətləndirirsiniz?
- Onlarda təxminən 16 siyasi partiya mübarizə aparır. Ancaq erməni müxalifətinin daxilində birlik yoxdur. Etirazçı elektorat böyükdür. Lakin vahid qüvvə yoxdur ki, inqilabı həyata keçirsin.

- Azərbaycan Silahlı Qüvvələrinin vəziyyətini necə qiymətləndirirsiniz?
- Xeyli müsbət işlər görülüb. Üstəlik silah-sursat, hazırlıq baxımından irəliləyişlər var. Əlbəttə, Azərbaycan ordusu çox rahat halda erməni ordusu ilə bacara bilər. Sadəcə bunun üçün siyasi-diplomatik dəyişikliklərə nail olmaq lazımdır. Bunun üçün də, ən azından Rusiya və digər ölkələrin müharibə şəraitində bitərəf qalmasına nail olunmalıdır. Azərbaycan tərəfi diplomatik yollarla da mübarizəsini davam etdirir. Bütün diplomatik səylər güc mərkəzlərini neytrallaşdırmağa yönəlməlidir ki, onlar problemi həll edən zaman bizə mane olmasın. Bu istiqamətdə də məsələ düşünüldüyü kimi sadə deyil. Biz, bir güc mərkəzi ilə yaxınlaşanda, onun bitərəfliyini təmin edəndə təbii ki, digər güc mərkəzindən uzaqlaşmalı oluruq. Bu zaman onun təzyiqləri ilə rastlaşa bilərik. Yəni, bunlar sadə məsələlər deyil.

Nemət