“Ermənilər düşünürlərsə ki, bunun qarşılığında nəsə əldə edəcəklər, böyük səhv edirlər. Ola bilsin ki, barələrində yazıq görüntüsü yaratmaqla, eləcə də saxta soyqırımı qabarıq göstərməklə müəyyən qədər təzyiqlərdən sığortalana bilərlər. Bəlkə də, bunlar düşünürlər ki, bu yolla Türkiyəni Sürix protokollarını imzalamasına nail ola, Ankaranın Azərbaycanı buraxmasını saxlaya, Bakının təklənmiş vəziyyətdə qalmasına nail ola bilərlər və bu yolla Azərbaycan münaqişə ilə bağlı yumşala bilər. Ancaq ermənilərin bu istəkləri ürəklərində qalacaq”.
Bunu Teleqraf.com-a müsahibəsində sabiq dövlət müşaviri, deputat Rasim Musabəyov bildirib. Müsahibəni təqdim edirik:
- Rasim müəllim, Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü arxada qaldı. Bu görüşü necə qiymətləndirirsiniz?
- Görüşün nəticələri barədə heç bir məlumat yoxdur. Üstəlik bu görüşdən böyük gözləntilər də yoxdur. Ən yaxşı halda hansısa yeni bir danışıqlar raundu başlaya bilər. Fona baxanda da vəziyyət müsbət deyil. Məsələn, Paris görüşündən öncə Serj Sərkisiyan “The New York-Times” qəzetində yaramaz bir müsahibə ilə çıxış edib. Həmin müsahibə münasibətlərin yaxşılaşmasına deyil, gərginləşməsinə hesablanan addımdır. Üstəlik görüşqabağı erməni tərəfi qeyri-qanuni olaraq Kəlbəcərdə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı saxta məhkəmə qurublar. Əslində, bu vətəndaşlarımız girovdurlar və onlar məhkəməyə çəkilə bilməzlər. Bütün bunlar göstərir ki, ermənilərin məqsədi heç də münaqişənin həlli deyil, həllə bağlı səyləri neytrallaşdırmaqdır. Ancaq bunu elə şəkildə etmək istəyirlər ki, onların üzərinə yeriyən olmasın. Gerçək məqsədləri budur. Onlar güc-bəla ilə 2014-cü ili yola vermək istəyirlər. Həm də hesab edirlər ki, Azərbaycan 2015-ci ildə daha çox Yay Olimpiya Yarışlarını keçirəcək. Belə olan halda isə hərbə müraciət edilməyəcək. Üstəlik 2015-ci ildə qondarma erməni soyqırımının yüz illiyi gələcək və onlara da toxunan olmayacaq. Ermənilərin məqsədi budur ki, illəri yola verərək işğal edilən ərazilərimizdən çıxmasınlar. Odur ki, mənim görüşlərlə bağlı ümidim yoxdur, çünki erməni tərəfi sülhə gəlmək istəmir. Ancaq təbii ki, tərəflər arasında taktiki mübarizə gedir. Hansı tərəf bu görüşlərdən boyun qaçırırsa, istər-istəməz beynəlxalq baxışdan düzgün davranış sərgiləməyən tərəf hesab olunur. Ona görə də, belə görüşlərə gəlirlər, amma görüşlərdən nəticə əldə olunmur.
- Görüşün Fransa prezidenti Olland tərəfindən təşkil edilməsi rəsmi Parisin bu məsələdə aktivləşməsi kimi qiymətləndirmək olarmı?
- Müəyyən mənada hə. Nəzərə almaq lazımdır ki, Fransa fövqəldövlət statusunun qorunmasını istəyir. Belə təşəbbüslərlə dünyanın yadına salmaq istəyir ki, Fransa da fövqəldövlətdir. Həm də Fransa BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür, nüvə silahı var, iqtisadi baxımdan çəkisi böyükdür. Üstəlik Avropa regionunda söz sahibidir. Ancaq bu günə qədər göstərilən səylər nəticə verməyib. Sabiq prezidentlərdən Jak Şirak, Sarkozi tərəfindən də təşəbbüslər olub, lakin bu təşəbbüslər nəticəsiz qalıb. Düşünürəm ki, bu məsələdə daha çox Rusiyanın və Amerikanın təsiri daha güclü olub, nəinki Fransanın. Nəzərə alsaq ki, son iki ildə, demək olar ki, ABŞ özünü bir kənara çəkmişdi, Rusiya isə bu danışıqlarda moderator olmağa meylli görünmürdü. Prezident Putin də bu məsələyə maraq göstərmirdi. Xatırlatmaq istəyirəm ki, keçən il Putin müsahibəsi zamanı ona Qarabağla bağlı verilən suala görə üz-gözünü turşutdu və suala cavab verməyə maraqlı olmadığını nümayiş etdirdi. Ancaq bu ilin yayında cəbhədə hərbi dinamika artanda Soçi görüşü oldu, eləcə də, ABŞ dövlət katibi Con Kerri bəyan etdi ki, Vaşinqton Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səylərini artıracaq. Onlar görürlər ki, nizamlanmayan konfliktlərin partlayaraq müharibəyə çevrilmək ehtimalları artır.
- Paris görüşündə qərara gəlinib ki, prezidentlər 2015-ci ilin sentyabrında Nyu-Yorkda görüşsünlər. Bunu irəliyə doğru addım hesab etmək olarmı?
- Görüşlər, görüş naminə olmamalıdır. Hərçənd ki, erməni tərəfi bunu istəyir. Müzakirə etmək üçün ortalıqda nə bir sənəd var, nə də tərəflərin müzakirə etmək üçün qəbul etdiyi təkliflər paketi. Ermənilər hər vəchlə çalışırlar ki, işğalın davam etdiyi şəraitdə hərbi gücdən istifadə etməməklə bağlı öhdəlik götürülsün. Təbii ki, Azərbaycan bunu rədd edir. Azərbaycan deyir ki, ortalığa sülh müqaviləsi qoyulsun. Çünki müqavilə ilə yanaşı işğal edilən ərazilərdən silahlı qüvvələrin çıxarılması da nəzərdə tutulur. Erməni tərəfi də bundan boyun qaçırır. Tərəflərin mövqelərini ortaq məxrəcə gətirmək üçün danışıqlar da bu səbəbdən mümkün olmur. Ortada bir-birinə zidd olan mövqelər var. Bunun dəyişəcəyi, hansı istiqamətdə necə baş verəcəyini demək, şəxsən mənim üçün çətindir. İndi prezident Obamanın qolunu çırmalayaraq bu işlə məşğul olmağa vaxtı yoxdur. Ollandın da bu məsələ ilə məşğul olmağa imkanı və halının olub-olmayacağı bəlli deyil. Mənə elə gəlir ki, indi ümumi vəziyyətə baxmalıyıq. Gürcüstanda baş verənlər bəllidir. Moldova və Azərbaycanın münaqişəsi həll edilməyib. Ukrayna hadisələri davam edir. İstisna etmirəm ki, Avropa adından şərq məsələləri ilə daha qabarıq şəkildə məşğul olan Almaniya Rusiya ilə bir bazarlıq etsin. Bu bazarlıq zamanı qeyd etdiyim məsələlərin də gözdən keçirilməsi baş verə bilər. Almaniya xarici işlər nazirinin Bakıya gəlməsi, ortaya mövqe qoyması, fikrimcə, daha perspektivli görünür, nəinki Fransanın səyləri. Əlbəttə, Fransanın səylərini kənara qoymuram. Hər halda bu məsələdə Fransa və Almaniya birlikdə çıxış edərsə, bu səylərin çəkisi daha da arta bilər.
- Prezidentlər, xarici işlər nazirləri görüşlər keçirir, eləcə də, həmsədrlər tərəflərlə ayrı-ayrılıqda görüşürlər, amma nəticə yoxdur. Sizcə, bu münaqişə necə həll edilə bilər?
- Hər cür həll edilə bilər. 2015-ci ilin olimpiya oyunlarını başa vuraq. Eləcə də qarşı tərəfin qondarma soyqırımı keçsin. İstisna etmirəm ki, münaqişənin həllinə yönələn irəliləyiş olmadığı təqdirdə məsələ hərbi müstəviyə keçə bilər. Bu arada qeyd edim ki, Azərbaycan artıq hərbi baxımdan güclənmə layihələrini də tamamlayır.
- 2015-ci il saxta soyqırımı ilə bağlı nə baş verəcək?
- Heç nə baş verməyəcək. Təbliğati xarakterli tədbirlər istisna olmaqla hər hansı bir siyasi hadisə yaşanmayacaq. Ermənilər düşünürlərsə ki, bunun qarşılığında nəsə əldə edəcəklər, böyük səhv edirlər. Ola bilsin ki, barələrində yazıq görüntüsü yaratmaqla, eləcə də saxta soyqırımı qabarıq göstərməklə müəyyən qədər təzyiqlərdən sığortalana bilərlər. Bəlkə də, bunlar düşünürlər ki, bu yolla Türkiyəni Sürix protokollarını imzalamasına nail ola, Ankaranın Azərbaycanı buraxmasını saxlaya, Bakının təklənmiş vəziyyətdə qalmasına nail ola bilərlər və bu yolla Azərbaycan münaqişə ilə bağlı yumşala bilər. Ancaq ermənilərin bu istəkləri ürəklərində qalacaq.
- Türkiyə baş nazirin özünə erməni müşavir təyin etməsini necə qiymətləndirirsiniz?
- Əhməd Davudoğlunun iyirmi müşaviri var, onun biri də bu şəxs olacaq. Bu, lazım olmayan addım idi. Əgər Türkiyədə kimlərsə düşünürlərsə ki, belə addımlarla ermənilərin Ankaraya təşkil etdiyi təzyiqləri neytrallaşdırmaq mümkün olacaq, yanılırlar. Bu təzyiqlər necə vardısa, bundan sonra da olacaq. Əslində bu heç nəyi dəyişmir. Ancaq Türkiyə də böyük dövlətdir və çalışır ki, saxta soyqırımı ərəfəsində müəyyən addımlar atsınlar. Məsələn, deyirlər ki, ermənilərin bir qismi qırılıb, onların nəticələri gələrsə, Türkiyə onlara yaşamaq hüququ verəcək və s. Yəni təzyiqləri neytrallaşdırmaq istəyirlər. Amma Türkiyənin Azərbaycanı buraxaraq ermənilərlə münasibətini yaxşılaşdırması mümkün deyil. Bu həm Türkiyənin milli maraqlarına ziyandır, həm də belə addımı Türkiyə vətəndaşları, ordusu və müxalif siyasi institutları qəbul etmir. Hakim partiyanın daxilində də buna qarşı mənfi reaksiya olacaq.
- Regionda vəziyyəti, Azərbaycan-Türkiyə münasibətlərini necə qiymətləndirirsiniz?
- Məncə, regionda Azərbaycan-Türkiyə-Gürcüstan üçlüyü formalaşır. Bu təkcə siyasi deyil, həm də hərbi xarakter daşıyır. Mənim üçün bu daha əhəmiyyətlidir, nəinki bir erməninin müşavir təyin olunması. Bu gün müşavir təyin edirsən, sabah işdən çıxarırsan. Bu, adi haldır.
- Azərbaycan-Rusiya münasibətləri inkişaf edir. Sizcə, bunun münaqişəyə müsbət təsiri ola bilərmi?
- Hər bir halda biz anlayırıq ki, Ermənistan forpostdan da uzağa gedib. Arada deyirlər ki, gedin Qarabağ erməniləri ilə danışın. Ancaq vəziyyət elədir ki, heç ermənilərlə danışmağa ehtiyac yoxdur. Danışıqlar ermənilərin sahibi olan Rusiya ilə olsa daha yaxşıdır. Bazarlıq da onlarla olacaq. Əlbəttə, son zamanlar münasibətlərin yaxşılaşması Qarabağ münaqişəsinə müsbət təsir edir və edə də bilər. İndiki vəziyyət tərəflərin gələcək üçün planlaşdırdığı əməkdaşlığa maneə yaradacağı təqdirdə Rusiyanın bu maneələri aradan qaldırmaqla bağlı marağı artır. Tutalım ki, Rusiya istəyir, Azərbaycan Kubanda neftayırma zavoduna investisiya qoysun. Mən deyirəm ki, gəlib bura kapital qoyuram, amma sabah münaqişə həll edilməsə, istər-istəməz Ermənistanla müharibəyə başlamalı olacağam. Onda sən də gəlib mənin investisiyamı batıracaqsan? Əgər belədirsə, mən niyə Kubanda zavoda kapital qoyum? Bu cür hallar Rusiyanı narahat etməlidir. Münaqişənin müharibəyə çevrilməsi onlara da təhlükə yaradır. Biz də hesab edirik ki, təhlükələri neytrallaşdırmadan böyük layihələrdən danışmaq yersizdir. Çalışmalıyıq ki, bu maraqlar Rusiyanı vadar etsin ki, münaqişənin həlli ilə bağlı addım atsın. Rusiya Xəzərdə də bizimlə əməkdaşlıq etmək niyyətindədir. Ancaq onların bir çox sahələr üzrə bizimlə əməkdaşlıq etməsinin qarşısına sədd qoyan münaqişənin mövcudluğu və bunun həllinə doğru dəyişikliyin olmamasıdır. Bəli, Azərbaycan çalışacaq ki, Rusiyanı hərəkətə gətirsin. Rusiyada münaqişənin həllini istəməsə də, müəyyən irəliləyişin olmasını istəyir. İndi görək ermənilər necə davranacaq, Rusiya bunun üçün hansı addımlar atacaq. Bunu isə praktiki görmək lazımdır, nəzəri baxımdan nələrsə demək doğru olmazdı.
Nemət