BAKI, 24 may. TELEQRAF
Şabran rayonunda 1981-ci il təvəllüdlü Telman ailə münaqişəsi zəminində həyat yoldaşı Günelə (adlar şərtidir – red.) xəsarət yetirib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Şabran şəhəri, H.Əliyev prospektində yerləşən evlərdən birində baş verib.
Şabran rayon sakini Telman sərxoş vəziyyətdə diz nahiyəsi ilə arvadı Günelin sifətinə vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Telmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Telman bildirib ki, 2010-cu ildə Bakı şəhər sakininin avtomobilini qaçıraraq aşırdığına görə barəsində cinayət işi aparılıb və 6 il müddətinə həbs edilib: “Sonra oğurluq etdiyimə görə 7 ay müddətinə həbs olundum. Sonuncu dəfə yenə də Bakı şəhərində oğurluğa görə mənə azadlığın məhdudlaşdırılması cəzası verildi. Hazırda azadlığın məhdudlaşdırılması cəzası aldığıma görə ayağımda elektron qolbaq var”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Günellə 7 ildir ailəlidir, lakin övladları yoxdur: “Birlikdə anamın evində birinci mərtəbədə yaşamışıq. Spirtli içkiyə meyilliyəm. İçəndən sonra hərəkətlərimə nəzarət edə bilmirəm. Hadisə günü saat 21 radələrində marketdən 0,7 litrlik araq alıb evə getdim. Saat 23 radələrində evdə yemək yeyən zaman içkinin hamısını təkbaşına içdim.
Daha sonra Günellə mübahisə etdim, valideyinlərinin bizim evimizə gəlmələrinə etirazımı bildirdim. Günelin cavab qaytarmasından əsəbləşdim, onun saçından tutaraq dizimlə sifət nahiyəsinə zərbə endirdim, evin servantını aşıraraq içərisindəki qab-qacağı sındırdım. Səs-küyə gələn anam Mətanət sərxoş olduğumu və arvadımı döydüyümü gördü, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etdi.
Polisin gələcəyini bilib evdən getdim. Ertəsi gün, səhər saatlarında evə qayıdan zaman polis əməkdaşları məni saxladılar”.
Bu cinayət işinə Şabran Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Telman 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb.
Təqsirləndirilən şəxsin üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, H.Əliyev prospektindəki evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulub.