BAKI, 11 aprel. TELEQRAF

Bakının Xəzər rayonunda 1987-ci il təvəllüdlü Ceyhun arvadı ilə intim münasibətdə olan qonşusu Toğrula (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə 25 iyul 2024-cü ildə Xəzər rayonunda, Qala yolunun kənarında baş verib.

Ceyhun qonşusu Toğrulun onun arvadı Fəridə ilə münasibətdə olmasından şübhələndiyi üçün mübahisə edib. Avtomobilində saxladığı bıçaqla Toğrulun döş qəfəsinə zərbə vurub.

İstintaq orqanı tərəfindən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Fəridə ilə 2008-ci ildə ailə qurub, iki uşaqları var: “İcarəyə götürdüyüm “Kia Rio” markalı avtomobillə Qala qəsəbəsində taksiçilik edirəm. Arvadım isə Yeni Qala qəsəbəsində yaşadığımız evin həyətyanı sahəsində qadın salonu açıb, orada saç ustası işləyir”.

“Arvadımla münasibətindən şübhələndim”

Təqsirləndirilən şəxs bildirib ki, son 3 il ərzində arvadı Fəridə ilə münasibətləri soyuduğundan boşanmaq istəyib: “Amma iki azyaşlı övladım olduğu üçün ayrılmaq istəmədim.

Toğrul Qala qəsəbəsində bizimlə qonşuluqda yaşayır. Əvvəllər aramızda heç bir düşmənçilik və ya ədavət olmayıb. 2024-cü ilin təxminən iyun ayında evə gedərkən Toğrulun arvadımın dalınca düşdüyünü gördüm. İyunun 29-da arvadımın əmisi nəvəsinin toyunda Toğrul da iştirak edirdi. Onun dəfələrlə arvadıma baxdığını, gözünü çəkmədiyini gördüm. Arvadımla Toğrulun münasibəti olmasından şübhələndim”.

Ceyhun qeyd edib ki, iyunun 30-da Eldar adlı qonşusundan Toğrulun mobil nömrəsini öyrənib: “Nömrəni arvadımın mobil telefonunda yoxladım. Gördüm, Toğrulun nömrəsi arvadımın telefonunda qadın adı ilə qeyd olunub. Buna görə arvadımla aramızda mübahisə düşdü.

Arvadım mənə qonşumuz Toğrulla telefonda danışdığını, aralarında heç bir şey olmadığını bildirdi. Toğrula zəng vurdum. “Utanmırsan, mənim arvadımla danışırsan, qonşuyuq, mən sənin qardaşını tayıram. Arvadımın qardaşı və əmisi oğlu ilə dostsan, bu nə hərəkətdir, edirsən?” dedim.

Toğrul Fəridənin mənim arvadım olduğunu bilmədiyini dedi, daha arvadıma yazmayacağını söylədi. Ona xəbərdarlıq etdim ki, bundan sonra qarşıma çıxma, əgər çıxsan, səni vuracam”.

“Ürəyi arvadımı istədiyini bildirdi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, axşam saatlarında arvadı Fəridənin vatsapından Toğrula yazıb: “Toğrul yazanın Fəridə olduğunu fikirləşdi, başqa telefon götürüb danışacağını dedi.

Mən yenidən Toğrula zəng vurdum,“bu nə hərəkətdir?” deyə soruşdum. Ona yazmayacağına söz verdiyini bildirdim. Toğrul da cavab olaraq ürəyi arvadımı istədiyini bildirdi, onsuz qala bilmədiyini dedi. Bundan sonra mən yenə ona qarşıma çıxmaması üçün yalvardım, əks təqdirdə onu vuracağımı dedim”.

Ceyhun qeyd edib ki, Toğrulun qardaşı Fərmanla yaşadığı evin yaxınlığında görüşüb, qardaşının onun arvadına yazdığını deyib: “Fərman qardaşının əvəzinə məndən üzr istədi, belə bir halın təkrarlanmayacağına söz verdi. Ona da Toğrul qarşıma çıxaçağı halda vuracağımı bildirdim.

İyulun 25-də saat 17 radələrində Qala yolunda maşınımla durduğum vaxt Toğrulu köşkün yaxınlığında gördüm. Mən olan tərəfə fasiləsiz baxması mənə pis təsir etdiyi üçün avtomobillə ona yaxınlaşdım. Maşına oturmasını təklif etdim, əyləşmədi. Qatlanan bıçağı götürüb yerə düşdüm. Qolundan tutaraq avtomobilə əyləşdirmək istəyəndə yumruqla məni vurmaq istədi. Əlimdəki qatlanan bıçağı açdım, Toğrulun bədənindən bir dəfə vurdum. Həyəcanlı olduğumdan bıçağın hara dəydiyini bilmədim. Oradakılar bizi araladı.

Yaşadığım evə getdim. Qayınanam və arvadıma Toğrulu bıçaqla vurduğumu dedim. Polis əməkdaşları zəng etdi, məni hadisənin baş verdiyi yerə dəvət elədilər. Hadisə yerində Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin əməkdaşlarına olanları danışdım, məni polis idarəsinə apardılar”.

Təqsirləndirilən şəxs bildirib ki, Fəridə hələ Toğrulla olan münasibətlərinin üstünün açılmasından əvvəl evdən getmək istədiyini ona deyib:

“Toğrulla münasibətlərinin üstü açıldıqdan sonra isə Fəridə özünü öldürəcəyini söyləyirdi. Toğrulun arvadımı narahat etməsi ilə bağlı polisə müraciət etməmişəm, qarşılığında ondan heç nə istəməmişəm. Toğrulun yaşadığı evlə bizim evin arasında 1 kilometrə qədər məsafə var. Hadisə törədilənə qədər Toğrulu görməmişəm. Hadisə günü isə onu vurmaq fikrim yox idi.

Toğrul mənə tərs-tərs baxır, təkrar-təkrar mən tərəfə boylanırdı. Onun bu hərəkəti hissiyyatıma toxundu. Törətdiyim əməldən səmimi peşman olmuşam”.

“Ailəli olduğunu bilmirdim”

İş üzrə zərərçəkmiş Toğrulun sözlərinə görə, Fəridəni hadisədən təxminən 2-3 ay əvvəl tanıyıb: “Fəridə yaşadığı evin həyətyani sahəsində qadın gözəllik salonu açıb, orada saç ustası işləyib. Onu neçə dəfə görmüşdüm. Xoşuma gəldiyi üçün istifadə etdiyi mobil nömrəsini tapdım, ona mesaj yazmağa başladım. Lakin kimliyini, ailəli, ya subay olduğunu bilməmişəm.

Həmin ərazidə hadisədən iki il əvvəl yaşamağa başlamışam”.

Zərərçəkmiş qeyd edib ki, Fəridə ilə bir neçə dəfə mesajlaşdıqdan sonra adını sonradan bildiyi Ceyhun onun mobil nömrəsinə zəng vurub:

“Fəridə ilə olan münasibətimə görə irad bildirdi. “Biz qonşuyuq, mən sənin qardaşını tayıram, bu nə hərəkətdir edirsən?” deyə soruşdu. Məhz həmin vaxt Ceyhunun Fəridənin əri olduğunu bildim. Telefonla söhbət zamanı bilmədən etdiyimi dedim, bir daha arvadına yazmayacağıma söz verdim, üzr istədim.

Ceyhun birinci dəfə zəng edəndə məni təhdid etdi, bildirdi ki, Fəridə mənə xəyanət edibsə, sənə də edəcək. Ceyhun arvadının əvvəllər də ona xəyanət etdiyini bildirdi”.

“Mənimlə iyrənc söhbətlər etdi”

Toğrul qeyd edib ki, Ceyhun onunla iyrənc söhbətlər aparıb, Fəridədən boşanması müqabilində 30 min manat pul istəyib: “Daha sonra boşanmayacağını dedi, onunla əlaqəni kəsməyimi tələb etdi.

Fəridə ilə aramızda olan münasibətin üstü iyun ayının 28-29-da açıldı. Hadisə isə 25-26 gün sonra, iyulun 25-də baş verdi. Bu müddətdə mən işə gedib-gəlmişəm. Hətta Ceyhunla rastlaşdığım vaxtlar da olub. Lakin heç bir hadisə baş verməyib.

Ceyhun mənimlə arvadı arasında olan münasibətlə bağlı hətta polisə də məlumat vermişdi. Mən sahə müvəkkili tərəfindən dəvət alaraq polisə getdim. Mənimlə maarifləndirici söhbətlər aparıldı.

Polis məsələsindən sonra Ceyhunla telefon danışığımız da oldu. O məni gördüyü yerdə vuracağını bildirdi. Bundan sonra Fəridə ilə münasibətimiz tamamilə bitdi”.

“Sinəmdən qan gəldiyini gördüm”

Toğrulun ifadəsinə görə, 25 iyul 2024-cü ildə, saat 17 radələrində sinif yoldaşı ilə birlikdə yaşadıqları məhəllədən çıxıb və siqaret almaq üçün “Qala yolu” adlanan yolun kənarında olan köşkə gedib: “Sinif yoldaşım siqaret almaq üçün köşkə yaxınlaşdı. Mən də bir az aralıda onu gözləməyə başladım.

Ceyhunun avtomaşından düşərək iti yerişlə mənə tərəf gəldiyini gördüm. Çatan kimi əli ilə sinəmə vurdu. Sinif yoldaşım dərhal yaxınlaşaraq Ceyhunu arxadan qucaqladı və məndən araladı.

Ceyhun aralanarkən əlində bıçaq olduğunu, sinəmə baxdıqda isə qan gəldiyini gördüm. O, maşına minərək getdi. Vəziyyətim ağırlaşdığı üçün sinif yoldaşım yolun kənarında dayanan Dövlət Yol Polisi əməkdaşlarına məni təcili tibbi yardıma aparmasında köməklik etməkləri üçün yaxınlaşdı.

Məni yol polisinin avtomobilinə oturdular və Mərdəkan qəsəbəsində yerləşən 26 saylı xəstəxanaya apardılar. Oradan isə təcili tibbi yardımla 3 saylı Sabunçu xəstəxanasına çatdırıldım”.

Toğrul qeyd edib ki, Fəridə ilə hadisədən təxminən iki ay əvvəl tanış olublar, heç vaxt təklikdə görüşməyiblər: “Atamla Fəridənin atasının həmyerli olduqlarını, Fəridənin əmisi ilə atamın dostluq münasibəti saxladıqlarını sonradan öyrəndim.

Fəridənin evli olduğunu bildikdən sonra təqribən 20 gün danışdıq. Ona bağlandım, ondan ayrıla bilmədim. Hətta sonradan mənə mesaj da gəldi. Mesaj yazanın Fəridə yox, Ceyhun olduğunu sonradan bilmişəm”.

“Sevgi münasibətlərimiz olmayıb”

İş üzrə şahid qismində ifadə verən Fəridənin sözlərinə görə, Toğrul onların qonşuluğunda yaşayıb, əri Ceyhunla da qonşu kimi münasibətləri olub: “Ərimdən gizli bir neçə dəfə telefonda onunla mesajlaşmışam. Ərim mobil telefonumu götürəndə şübhələnməsin deyə adını qadın adı kimi qeyd etmişəm. Yaxın münasibətlərim olmayıb, görüşməmişik və sevgi münasibətlərimiz də olmayıb”.

Fəridə qeyd edib ki, 2024-cü ilin təqribən iyun ayında Ceyhun Toğrulun mobil nömrəsinin qadın adı ilə telefonuna qeyd olunduğunu görüb: “Buna görə aramızda mübahisə düşdü. Mübahisə zamanı Toğrulla danışdığımı, lakin aramızda heç bir ciddi münasibət olmadığını bildirdim. Ceyhun da sakitləşdi.

Hadisə gününədək Ceyhunla Toğrul arasında söz-söhbətin olub-olmamasını, görüşüb-görüşməmələrini bilməmişəm. Toğrul da mənimlə əlaqə saxlamayıb”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ceyhunun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.