BAKI, 13 mart. TELEQRAF

Cəlilabad rayonunda 1992-ci il təvəllüdlü Nadir ailə münaqişəsi zəminində mübahisə zamanı həyat yoldaşı Elmiraya (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Nadir 2024-cü ilin iyun ayında saat 18 radələrində Cəlilabad rayonunun kəndində yaşadığı evin yataq otağında həyat yoldaşı Elmira ilə mübahisə edib.

O, Elmiranın sifət nahiyəsinə yumruqla zərbə vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş zərər yetirib.

İstintaq orqanı tərəfindən Nadirin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Nadir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Cəlilabad rayonunun kəndində yaşayır, zərərçəkmiş Elmira həyat yoldaşıdır, onun atası evi qonşuluqdadır:

“2016-cı ildə Elmira ilə ailə qurduq, birgə ailə həyatımızdan 3 övladımız var. Biri qız, ikisi oğlan uşağıdır. Elmira bizim evimizə gəlin köçəndən sonra anası Zahidə qızının ailə həyatına tez-tez müdaxilə etməyə başladı. Hər dəfə qızını öyrədirdi ki, bizdən ayrılsın, ona ayrıca ev inşa edək. Bizim isə yeni ev tikməyə imkanlarımız olmadığı səbəbindən Elmira ilə aramızda tez-tez mübahisə olurdu”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə 2024-cü ilin təxminən iyun ayında axşam saatlarında sahədən evə gəlib: “Anam Validə həyətdə işləyirdi, evə qalxanda aynabənd hissədə həyat yoldaşım Elmiranı gördüm. Anama nəyə görə köməklik etmədiyini soruşdum. Anamın ünvanına nalayiq söyüş söydü, ”canı çıxsın anan özü işləsin” deyəndən daha sonra yorğun olduğunu bildirdi, mənə kobud cavab verdiyi üçün aramızda mübahisə yarandı.

Səs-küyə atam-anam gəlib, məni sakitləşdirdilər. Hadisənin üstündən təxminən 4-5 gün keçəndən sonra Elmira azyaşlı uşaqları evdə saxlayaraq bizdən xəbərsiz atası evinə getdi. Həmin gündən etibarən özüm, anam və atam dəfələrlə onu gətirmək üçün atası evinə getdik, evə qayıtmasını xahiş etdik. Lakin Elmiranın valideyinləri bizi evə buraxmadılar. Hətta qaynanam atamı həyətdən qovdu”.

Nadirin ifadəsinə görə, bundan başqa dayısı Samir, qardaşı Xəlil, ailənin dostu Vüsal dəfələrlə onun qayınatası Sabirin qapısına gedib, azyaşlı uşaqların anasız qala bilmədiklərini bildirib və həyat yoldaşı Elmiranın evə qayıtmasını xahiş ediblər: “Lakin qayınatam Sabir dedi ki, onlara küçük lazım deyil... O vaxtdan bəri həyat yoldaşım Elmira azyaşlı uşaqları üstümə ataraq atası evində yaşayır, onun qayıtmasına valideyinləri icazə vermirlər. Elmira uşaqları ilə maraqlanmır, onlara anam baxır.

Elmiranın evdən yenicə getdiyi vaxt evlərinin yanından keçərkən həyətdə onun geri qayıtmaq istədiyini, atası Sabirin isə onu buraxmamasının təsadüfən şahidi olmuşam”.

Nadir qeyd edib ki, Elmira atası evində ola-ola hadisədən 5 ay sonra döyülməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etdiyi üçün onun 8 ay qabaq uşaqları ataraq evdən getməsi barədə özü də 102-yə şikayət edib: "Elmira gəlin köçən vaxtdan evdə ona hamı hörmətlə yanaşıb. Onu bizim ailəmizə qarşı qərəzli şəkildə ata-anası öyrədir.

Kənd yerində yaşadığımız üçün təsərrüfatda mal-qara və sair görüləsi işlər olur. Həmin işləri mən özüm, anam, atam birgə görürük. Ehtiyac olanda Elmira bu işlərdə bizə kömək edib. Evdə gəlin olduğu üçün inəkləri sağıb, tövləni təmizləyib. Azyaşlı uşaqlara isə ümumiyyətlə anam baxıb. Mənim ikinci dəfə evlənmək fikrim olmayıb.

Elmira evdə yaşadığım müddət ərzində burnunda sınıq olduğunu bilməmişəm, onun burnunda sınıq olmasını Elmira şikayət etdikdən 5-6 ay sonra bilmişəm”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Elmiranın sözlərinə görə, Cəlilabad rayonunun kəndində yaşayır, həmkəndlisi Nadir həyat yoldaşıdır, təxminən 9 il əvvəl evləniblər, 3 övladları var: “Gəlin köçəndən sonra Nadirin atası evində yaşamışıq. Qayınatam və qaynanam bizimlə bir evdə qalıblar.

Evliliyimizin ilk günləri yaxşı olsa da, təxminən 1 həftə sonradan Nadir valideyinləri ilə birlikdə məni evdə, həyət-bacada, təsərrüfatda nökər kimi işlədiblər, yəni səhər sübh namazı vaxtı məni yerindən oyadıb həyətə düşürərək mal-qara tövləsinə göndəriblər, heyvanların tövləsini mənə təmizlətdiriblər, daha sonra başqa işlər tapşırıblar, səhərdən axşamadək məni işlədib, istirahət etməyə imkan verməyiblər”.

Zərərçəkmiş qeyd edib ki, 2024-cü ilin iyun ayında axşam saatlarında evin aynabəndində Nadir irad tutub ki, nəyə görə onun əvəzinə anası həyətdə işləyir:

“Mən isə “uşaqları yedizdirmək vaxtıdır, canım yorulub, işləyə bilmirəm, qoy anan işləsin” sözlərini dedim. Sonra aynabənddən yataq otağına keçdim. Nadir mənim ardımca gəldi, yay günlərində uşaqlar həyətdə oynadıqları üçün onların evdə olmadıqlarını gördü.

Yataq otağında ikimiz olarkən, işləmək etirazıma əsəbləşən Nadir məni nalayiq söyüşlərlə söyüb təhqir etdi. Mübahisə zamanı yumruqla sifət nahiyəmdən vurdu. Yumruq burun hissəmi tutdu, zərbədən sağ qabırğam üstə yerə yıxılaraq əzildim. Burnum isə qanayaraq şişdi. Qayınatamla qaynanam həyətdə idilər.

Səs-küyə gələn qayınatam-qaynanam burnumun şişib qızarmasını görsələr də, oğlanlarının tərəfini saxladlar, ona haqq qazandıraraq məni günahkar çıxardılar. Həyat yoldaşım məni döymüş olsa da, ailəm dağılmasın deyə heç yerə getmədim, şikayət etmədim.

Burnumun sındığını isti-isti hiss etmədim. Evdə qalaraq özüm-özümü müalicə etdim. Ağrılara evdə dözdüm. Lakin Nadirin üzürxahlıq etmədiyi, onun valideyinlərinin mənə qarşı münasibəti dəyişmədiyi üçün atam evinə getmək qərarına gəldim. Bu hadisədən 4-5 gün sonra, günorta saatlarında ərim və qaynanam evdə istirahət etdikləri, qayınatam isə həyətdə çardağın altında olduğu zaman azyaşlı uşağlarımı evdə saxladım, özüm tək həyətə düşdüm, tövlənin arxasından yola çıxdım və qonşuluqda yaşayan atamın evinə getdim.

Atam mənim sifətimin şişdiyini, burnumun qızardığını gördü, nə baş verdiyini soruşdu. Hadisəni olduğu kimi atama danışdım, məni evə qəbul etməyini xahiş etdim. Bir neçə dəqiqə sonra ərim, daha sonra ata-anası gələrək məni aparmaq istədilər. Lakin onların evinə qayıtmadım. O vaxtdan bəri atamın evində yaşayıram, ər evinə bir daha qayıtmaq fikrim yoxdur.

Bu müddət ərzində gözlədim ki, qayınatam və qaynanam bizə gəlsinlər, Nadirin məni döydüyünə görə valideyinlərimdən üzürxahlıq etsinlər. Bu səbəbdən hadisə barədə polisə, yaxud digər orqanlara şikayət, müalicə olunmaq üçün isə xəstəxanaya müraciət etmədim, ev şəraitində sağaldım.

Lakin hadisədən 5 ay sonra Nadir ikinci dəfə ailə qurmaq üçün digər kəndə elçi göndərməsi xəbəri bizə çatdıqda onun əməlləri barədə şikayət etmək qərarına gəldim. Döyülməyim barədə gec də olsa, 27 noyabr 2024-cü ildə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdik”.

Bu cinayət işinə Cəlilabad Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nadir 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 06:00-dək yaşadığı Cəlilabad rayonunun kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılıb.