BAKI, 19 fevral. TELEQRAF

Tərtər rayonunda 1981-ci il təvəllüdlü Vüsal mübahisə zamanı həmyerlisi Orxana (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə 27 iyun 2023-cü ildə Tərtər rayonunun kəndində baş verib.

Vüsal kənd sakini Ceyhunun həyətində əsgər yığıncağı keçirilən mağarda insanlara əhəmiyyət verməyib, ictimai qaydanı kobud surətdə pozub. O, mərhum bacısı Lalənin Orxanla onun arvadı Sevinc arasında intim münasibət olması barədə dediklərini bəhanə edib, Orxanı bıçaqlayıb.

İstintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlı törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, 2011-2012-ci illərdə bacısı Lalə Orxanla onun arvadı Sevincin münasibəti olması barədə söz-söhbət gəzdiyini deyib: “Lalə 2014-cü ildə vəfat etdi. Həmin vaxtdan bacımın sözü məndə şübhə kimi qaldı. Sevincdən bu barədə soruşdum. O da Orxanla münasibətinin olmadığını bildirdi, amma mən bununla qane olmadım. Ötən müddətdə Orxanla rastlaşmamaq üçün ondan uzaq durmağa çalışdım, qarşılaşanda yolumu dəyişdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 27 iyun 2023-cü ildə ailəsi ilə birlikdə bibisi nəvəsi Ceyhunun övladının əsgər yığıncağına gedib: “Məclis mağarda Ceyhunun evinin həyətində təşkil olunmuşdu. Mən mağarda bir neçə dəqiqə əyləşdikdən sonra bayıra çıxdım. Qayıdanda əyləşdiyim oturacaqda başqasının oturduğunu gördüm, yan tərəfdəki masaya keçdim. Bu vaxt Orxanın mağarın qapısına yaxın masada əyləşdiyini gördüm.

Bir qədər sonra Orxan mənim oturduğum masaya gəldi, sağ tərəfimdə olan oturacaqda əyləşdi. Bizim aramızda tanımadığım bir şəxs oturmuşdu. Bacım Lalənin dediyi söz-söhbəti xatırlayaraq əsəbiləşdım. Cibimdən açılıb-bağlanan bıçağı çıxardım və ayağa qalxaraq Orxanın sifətinə, boynuna və kürəyinin sol tərəfinə zərbə vurdum.

Orxana xəsarət yetirdikdən sonra onun məni vura biləcəyindən qorxdum və mağardan çıxdım. Bıçağı cibimə qoydum, ailə üzvlərimlə evimə getdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, evdə olan zaman Orxanın dayısı Əli onlara gəlib və onu söyüb təhqir edib: “Əlini sakitləşdirərək geri qaytardıq. Özümü müdafiə etmək məqsədilə atamdan yadigar qalmış, içərisində patron olmayan ov silahını götürdüm. Çünki Orxanın qohumlarının mənə və ailə üzvlərimə xəsarət yetirəcəyindən ehtiyatlandım. Kimsə gələrsə, silahla qorxuda biləcəyimi düşündüm.

Ara sakitləşdikdən sonra ailəmlə birlikdə qayınatam Tahirin evinə getdik. Orxana xəsarət yetirdiyim bıçağı qayınatamın evinin hasarının üstündə gizlətdim.

Qayınatamgildə olanda polis əməkdaşları zəng etdi. Olduğum yeri onlara dedim. Polis əməkdaşları gələndə odlu silahı təqdim edib, onlarla birlikdə polis şöbəsinə getdim”.

Təqsirləndirilən şəxs bildirib ki, bacısı Lalə ona təxminən 2011-2012-ci ildə bulaq ətrafında arvadı Sevillə Orxan arasında xoşagəlməz münasibət olması barədə söz-söhbət gəzdiyini deyib: “Amma bacım bu barədə konkret kimin söz-söhbət gəzdirdiyini mənə söyləmədi. Sevildən soruşanda, o da belə bir şeyin olmadığını dedi.

Həmkəndlim Orxandan heç vaxt bu mövzuda nəsə soruşmamışam. Əksinə, bacım vasitəsi ilə Orxana məndən uzaq durması barədə xəbər göndərmişəm.

Qonaqlıqda Orxanın mənim əyləşdiyim masaya gəlməsinin səbəbini bilmədim. Hadisə vaxtı içkili deyildim. Orxan məndən bir nəfər aralıda əyləşmişdi və məclis vaxtı mənə bir kəlmə də söz demədi. Mən sadəcə bacımın sözünü yadıma salaraq qəfildən əsəbiləşdim, özümdən asılı olmadan bıçaqla Orxanı vurdum”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Orxanın sözlərinə görə, 27 iyun 2023-cü ildə günorta saatlarında həmkəndlisi Ceyhunun övladının əsgər yığıncağına gedib: “Mən əvvəlcə girişin sol tərəfində həmkəndlim Nəsirin yanında əyləşdim. Amma masadakılar məndən kiçik olduqları üçün iki masa kənarda Fazilgilə yaxınlaşdım və onlarla oturdum. Masada Vüsal və məndən əlavə Baba, Fazil və digər şəxslər də vardı.

Bir qədər sonra Vüsal masadan uzaqlaşdı. Mən söhbət edib yemək yeyərkən qəfil dəmir əşya ilə vurulduğumu hiss etdim. Əvvəl bunun qulluq edənlərin podnosu olduğunu fikirləşdim. Amma bədənimdən qan axdığını hiss etdim. Arxaya baxdıqda Vüsalın əlində bıçaq məni vurduğunu gördüm. O, bıçaqla kürəyimin sol arxa tərəfinə vuranda ayağa durdum. Ondan nə səbəbə məni vurduğunu soruşdum.

Vüsal ayağa qalxdığımı gördü və uzaqlaşaraq mağardan çıxdı. Fazil və Baba məni tanımadığım şəxsin avtomobilinə əyləşdirərək xəstəxanaya apardılar”.

Orxan qeyd edib ki, Vüsalın arvadı ilə onun arasında hər hansı münasibət olmayıb: “Vüsal da heç vaxtı mənə söz-söhbət barəsində heç nə deməyib. Vüsalı kənddə hərdənbir görəndə salamlaşırdım. Hadisə günü yığıncaqdan əvvəl Vüsalı görməmişəm. Çünki Bakıdan bir gün əvvəl qayıtmışdım.

Vüsal ümumilikdə mənə 6 bıçaq zərbəsi vurdu. Zərbələrdən üçü kürək, biri boğaz, biri üz, biri isə başımın arxa nahiyəsinə dəydi. Mən əvvəlcə bıçaq dəydiyini başa düşmədim. Kürək nahiyəmə bıçaq girəndə anladım. Xəsarətlərdən birindən başqa hamısı oturaq vəziyyətdə olanda yetirilib. Mən ayağa qalxanda Vüsal birini də kürək nahiyəmdən vuraraq qaçdı.

Hadisə vaxtı nə özüm, nə də kənardan heç kim davaya müdaxilə edə bilmədi. Çünki hər şey bir anda baş verdi. Bıçaq zərbəsi vurmamışdan əvvəl də Vüsal mənə heç nə deməmişdi”.

İş üzrə şahid qismində ifadə verən Sevilin sözlərinə görə, Orxanla hər hansı münasibəti olmayıb: “Barəmdə söz-söhbəti ərimin qohumları yayıb. Ərim məndən Orxanla münasibətimizin olub-olmadığını xeyli müddət əvvəl soruşmuşdu. Mən də bunun yalan olduğunu bildirmişdim. Ərimin beynini qohumları yalandan doldurub.

Hadisənin necə baş verdiyini görməmişəm. Çünki məclisdə üzü əks tərəfə oturmuşdum. Vüsal isə arxamda əyləşmişdi”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsal 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini istəyib.

Təqsirləndirilən şəxsin şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxsin şikayəti qismən təmin edilib və onun cəzası 7 ilə endirilib.

Qərardan narazı qalan təqsirləndirilən şəxs kasasiya şikayəti verib. Ali Məhkəmədə işə baxan hakimlər heyəti şikayəti təmin etməyiblər.