ZƏNGİLAN, 16 aprel. TELEQRAF

"Azərbaycan regionda yaranmış mürəkkəb vəziyyətə baxmayaraq, Rusiya ilə tərəfdaşlığın ardıcıl inkişafına sadiqliyini nümayiş etdirir".

Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bu gün Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

Baş nazirin müavini qeyd edib ki, regional çağırışlar fonunda Azərbaycan tərəfdaşlıq ruhuna uyğun olaraq operativ addımlar atır.

O, xüsusilə Rusiya vətəndaşlarının İrandan təxliyəsi prosesində Azərbaycanın göstərdiyi yardımı və humanitar əməkdaşlığı diqqətə çatdırıb.

Ş.Mustafayev deyib ki, Rusiya tərəfindən İrana göndərilən humanitar yüklərin Azərbaycan ərazisi vasitəsilə çatdırılmasına dəstək davam etdirilir:

"Cari ilin martın 27-də humanitar yardımın ikinci böyük partiyası İran-Azərbaycan sərhədində, Astara keçid məntəqəsində qarşı tərəfə təhvil verilib. Bu, ölkələrimiz arasında qarşılıqlı yardımın və koordinasiyalı fəaliyyətin göstəricisidir”.

O, həmçinin "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin strateji əhəmiyyətini vurğulayıb:

“Hazırkı çətin şəraitdə bu dəhliz fasiləsiz yükdaşımaları təmin etməklə öz həyat qabiliyyətini və rəqabətədavamlılığını praktikada sübut edib”.