Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən çıxarılmasına çağırıb.
Trend-in məlumatına görə, bu barədə noyabrın 5-də AŞPA-nın Demokratiya və Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Valterin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı hesabat əsasında bu komitədə qəbul olunan qətnamə layihəsində deyilir.
AŞPA, həmçinin Minsk prosesi çərçivəsində həmin ərazilər üzərində Azərbaycanın tam suverenliyini tanımağa çağırıb.
Komitə etimad tədbirlərinin möhkəmləndirilməsinə, eləcə də Naxçıvana çıxış üçün dəhlizin yaradılmasına çağırıb.
Təmas xəttinə yaxın mülki yaşayış məntəqələrinə qarşı bilərəkdən edilən hərəkətləri qətiyyətlə pisləyən komitə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin digər bir sıra beynəlxalq böhranlar sırasına daxil olmasına görə təəssüflənir. Qətnamə layihəsində deyilir: “Bundan sonra da təxirə salma 2014-cü ilin əvvəlindən 100-dən artıq insan ölümü ilə nəticələnən və Avropa Şurasının iki üzv dövləti arasında əsl müharibəyə çevrilə bilən bu “dondurulmamış” münaqişənin nizamlanmasını yalnız çətinləşdirir”.
Ermənistan və Azərbaycanın 2001-ci ildə Avropa Şurasına daxil olarkən Dağlıq Qarabağ regionunda münaqişənin nizamlanması üçün yalnız sülh vasitələrindən istifadə edəcəklərinə dair öhdəlik götürdüklərini xatırladan komitə hər iki ölkə rəhbərliyini silahlı qüvvələrin istifadəsindən çəkinməyə çağırıb.
Komitə, həmçinin Dağlıq Qarabağda və digər işğal edilmiş ərazilərdə təhlükəsizliyin dəstəklənməsi, yerini dəyişmiş insanların təhlükəsiz qayıdışını və köçürülməsini təmin etmək üçün ATƏT-in beynəlxlq sülhməramlı qüvvələrinin yaradılmasına, eləcə də atəşkəs rejiminin pozulmasının araşdırılması və dayandırılması mexanizmlərinin yaradılmasına çağırıb.
Politoloq Arzu Nağıyevin sözlərinə görə, hesabatın 2016-cı ilin yanvar sessiyasında assambleyanın iclasında müzakirə olunacağı nəzərdə tutulur: “Hesabatda Madrid prinsipləri çərçivəsində ərazi bütövlüyü də öz əksini tapıb və ATƏT-in sülhməramlı qüvvələrinin regiona gətirilməsindən də söhbət gedir. Bu, artıq Avropa və ümumiyyətlə, Qərbin münaqişəyə başqa bir prizmadan baxmasına bir eyhamdır və yaxşı bir haldır”.
Politoloq bildirib ki, ermənilər son vaxtlar ATƏT-in bütün qərarlarını rədd edərək, dövlət başçıları səviyyəsində Dağlıq Qarabağı öz əraziləri kimi göstərirdilər: “Yəqin ki, bu hesabatdan sonra daha fərqli düşünməlidirlər. Bu, baş verməsə də, artıq buna məcburdurlar. Yəqin ki, bir sıra Avropa və Qərb dövlətləri qondarma quruma münasibətlərini dəyişəcəklər. Ermənilərin ən xoşuna gəlməyən məqam isə hesabatda əksini tapan ”Ermənistan silahlı qüvvələri və digər qanunsuz silahlı dəstələr Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılmalı və ATƏT-in Minsk qrupu prosesi çərçivəsində Azərbaycanın bu ərazilərdə tam suverenliyini bərpa edilməlidir" məsələsidir.
Hesabatda Azərbaycanın digər ərazisindən Naxçıvana çıxışın təmin olunması prinsipial məsələ kimi qoyulur ki, ermənilər bunun əleyhinə çıxacaqlar və bəhanə kimi Laçın koridoru məsələsini ortaya qoyacaqlar. Bu da sənəddə öz əksini tapıb. Yəqin ki, bütün bunları etməmək üçün öz diasporalarını hərəkətə gətirəcək, mütəmadi olaraq atəşkəsi pozmağasalışacaq və havadarlarının hesabına təxribatları genişləndirəcəklər".
Bəxtiyar