BAKI, 2 iyun. TELEQRAF
“Moldova Avropa İttifaqına (Aİ) üzvlüyünün gecikməsi halında Rumıniya ilə birləşməyi nəzərdən keçirir”.
Teleqraf xəbər verir ki, bunu Moldova baş nazirinin müavini Yevgeni Osmoçesku deyib.
O bildirib ki, Moldovanın əsas məqsədi hələ də Aİ-yə qoşulmaqdır, hökumət 2028-ci ilin sonuna qədər üzvlük müqaviləsini imzalamağı ümid edir, amma bu proses dayansa, Kişinyov başqa yolları nəzərdən keçirməyə başlayacaq.
“Bu, B planıdır”, - Osmoçesku əlavə edib.
Baş nazirin müavini qeyd edib ki, Moldovanın Rusiyanın hibrid təzyiqi fonunda Aİ-dən açıq siqnallar alması vacibdir. Osmoçesku həmçinin vurğulayıb ki, Aİ-nin genişlənməsi namizəd ölkələrin uğurlarına əsaslanmalıdır. Amma onun sözlərinə görə, Moldovanın Ukrayna ilə eyni hərbi imkanları yoxdur.
“Biz ukraynalılar qədər dözümlü deyilik. Ölkənin inkişaf etmiş hərbi sənayesi və Ukrayna ordusu ilə müqayisə edilə bilən silahlı qüvvələri yoxdur”, - Moldova rəsmisi vurğulayıb.
Yevgeni Osmoçeskunun fikrincə, Brüssellə danışıqların birinci mərhələsinin başlanması həm ölkə əhalisi, həm də Avropa İttifaqına inteqrasiya prosesi üçün mühüm siyasi siqnal olacaq: “Danışıqlar iyunda başlasa, bu, aydın siqnal olacaq, bunun üçün çalışırıq”.
Rumıniya ilə mümkün birləşmədən danışan ölkə rəsmisi qeyd edib ki, Moldova və Rumıniya xalqları arasında sıx mədəni, dil və ailə əlaqələri var: “Moldovada əhalinin təxminən 40 faizi birləşmə ideyasını dəstəkləyir, Rumıniyada isə bu rəqəm təxminən 70 faizə çatır”.