BAKI, 18 may. TELEQRAF

Almaniya Kansleri Fridrix Merts Berlinə səfəri çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidanı qəbul edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hakan Fidan mayın 18-də Berlində Almaniya xarici işlər naziri Yohann Vadefull birlikdə Türkiyə-Almaniya Strateji Dialoq Mexanizminin üçüncü iclasını keçirəcək. O, həmçinin Almaniya Kansleri Fridrix Merts və Şimali Reyn-Vestfaliya əyalətinin nazir-prezidenti Hendrik Vüst ilə görüşəcək.

Xarici işlər naziri Berlinə səfəri zamanı Almaniya ilə müdafiə sektorunda əməkdaşlıq, ticari-iqtisadi əlaqələrin gücləndirilməsi, Türkiyə ilə Avropa İttifaqı və Almaniyadakı türk icması arasında qarşılıqlı əlaqə məsələləri də daxil olmaqla, geniş ikitərəfli mövzuları müzakirə etmək niyyətindədir.

Hakan Fidan həmçinin Avropanı Türkiyə vasitəsilə Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə birləşdirən və əməkdaşlıq üçün əhəmiyyətli potensial təklif edən layihələri müzakirə edəcək. Xüsusilə Hörmüz boğazında naviqasiya azadlığının təmin edilməsi üçün çoxtərəfli səylərin əhəmiyyətinə və İranla ABŞ arasında müharibənin dayandırılması səylərinə dəstəyə diqqət yetiriləcək.

Türkiyə xarici işlər naziri səfəri zamanı onu da vurğulayacaq ki, müharibənin ədalətli və davamlı şəkildə başa çatması üçün Ukrayna ilə Rusiya arasında birbaşa danışıqlar böyük əhəmiyyət kəsb edir və Ankara Kiyev-Moskva dialoqunu bərpa etmək üçün bütün tərəflərlə əlaqələndirilmiş şəkildə işləməyə davam edəcək.