BAKI, 17 fevral. TELEQRAF
“NATO ölkələri Baltik dənizində onun gəmilərini bloklayarsa, Rusiya hərbi əməliyyatlara əl ata bilər”.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev deyib.
Rusiya rəsmisi “kölgə donanması” anlayışını “hüquqi fiksiya” adlandırıb və belə ticarəti əngəlləməyə yönələn bütün cəhdləri beynəlxalq hüquq baxımından tamamilə qanunsuz sayır:
“Avropalılar dəniz blokadası proqramını həyata keçirərək, qəsdən hərbi eskalasiya ssenarisini reallaşdırır, səbrimizin sərhədlərini sınağa çəkir, aktiv şəkildə cavab tədbirlərinə təhrik edirlər. Əgər bu vəziyyəti sülh yolu ilə tənzimləmək mümkün olmasa, blokada yarılacaq və dəniz donanmasını yox edəcək”.
Patruşev əlavə edib ki, dənizdə Avropa bayraqları altında çoxsaylı gəmilər üzür, Rusiya üçün onların nə daşıdıqları və hara getdikləri də maraqlı ola bilər.
Prezidentin köməkçisi Baltik bölgəsindəki durumu “sadə olmayan” kimi xarakterizə edib və qeyd edib ki, NATO faktiki olaraq hücum əməliyyatları, Kalininqrad bölgəsinin blokadası, ticarət gəmilərinin ələ keçirilməsi və sualtı rabitə xətlərinə diversiyalara fokuslanan çoxmillətli qruplaşma yaradır.
Patruşev digər su hövzələrində Rusiya bayrağı altında üzən gəmilərin saxlanılmasına diqqət çəkərək vurğulayıb ki, bu cür hücumları güclənəcək, ona görə də Rusiya cavab tədbirləri hazırlayır:
“Qərbli rəqiblər Rusiya iqtisadiyyatının əsas sahələrindən birinə - xarici ticarətə zərbə vurmaq qərarına gəlib, onu iflic etmək istəyirlər. Əgər sərt cavab verməsək, yaxın zamanda ingilislər, fransızlar və hətta Baltikyanı dövlətlər (Latviya, Litva və Estoniya) ən azı Atlantik hövzəsində ölkəmizin dənizlərə çıxışını tamamilə bloklamağa cəhd edəcəklər”.