BAKI, 23 dekabr. TELEQRAF

Avropa İttifaqının (Aİ) bir ölkəsində təhlükəsizlik məsələləri yenidən diqqət mərkəzindədir. Bu, Rusiyanın Avropa ölkələrinə yönəlik riskli fəaliyyətləri ilə bağlı müzakirələr fonunda baş verir.

Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Nəşr yazıb ki, dünya səviyyəsində geosiyasi gərginliyin artması fonunda, xüsusilə Rusiyadan gələn təhdidlər qarşısında Avropanın müdafiə sisteminin zəif tərəflərini göstərən fikirlər getdikcə daha çox səslənir.

Hərbi mütəxəssislər təhdidləri aşkarlama və neytrallaşdırma qabiliyyəti olmayan dövlətlərdən narahatdırlar.

İrlandiyalı senator və təqaüddə olan ordu kapitanı Tom Klonan bildirib ki, onun ölkəsi Avropada təhlükəsizlik, müdafiə və kəşfiyyat baxımından ən zəif halqadır: “İrlandiya müasir avadanlıqlara malik deyil və onu dayandıra biləcək silahları yoxdur. Bu, ölkəni tamamilə müdafiəsiz və provovativ şəkildə zəif vəziyyətdə qoyur”.

“Telegraph”ın məlumatına görə, İrlandiya üçün potensial risklər əsasən birbaşa hərbi müdaxilə ilə deyil, “boz zona” təhdidləri ilə bağlıdır. Söhbət qonşu sularda çəkilmiş sualtı kabellər və qaz boru xətləri şəbəkəsindən gedir. Analitiklərin sözlərinə görə, əsas Transatlantik kabellərin təxminən üçdə biri İrlandiya sərhədləri və ya onların yaxınlığından keçir.

Qəzet xatırladır ki, keçən ilin noyabrında Rusiyanın kəşfiyyat gəmisi “Microsoft” və “Google”un istifadə etdiyi, Avropadakı mərkəzləri İrlandiyada yerləşən kabellərin yaxınlığında müşahidə olunub. Bundan başqa, ölkədə müasir radar və hidroakustik sistemlər yoxdur və Rusiyanın fəaliyyətləri haqqında məlumatı tez-tez yalnız beynəlxalq təşkilatlar, xüsusilə Böyük Britaniyadan alırlar.

2023-cü ilin dekabrında Böyük Britaniyanın hərbi gəmisi və helikopteri Rusiyanın sualtı gəmisini Kork limanından çıxarmışdı. Ukrayna Prezidenti Volodimir Zelenskinin İrlandiyaya səfəri zamanı da ölkənin hava məkanında Rusiya PUA-ları müşahidə olunmuşdu. Amma bunlara baxmayaraq, İrlandiya hakimiyyəti ölkənin müdafiə durumu və müdafiə siyasətinə yenidən baxılması barədə açıqlama verməyib.