BAKI, 8 dekabr. TELEQRAF
“Moskva yenidən Odessa vilayətini işğal etmək təhdidi səsləndirir, amma Ukrayna Hərbi Dəniz Qüvvələrinin (HDQ) rəyinə görə, hazırda Rusiya üçün bu plan həyata keçirilə bilməz”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna HDQ-nin sözçüsü Dmitri Pletençuk deyib.
Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın cənubunu, o cümlədən Odessa və Nikolayev vilayətlərini desant əməliyyatı vasitəsilə ələ keçirmək təhdidləri barədə suala o, belə cavab verib:
“Desant əməliyyatı intihar deməkdir. İkinci Dünya müharibəsindən bəri belə bir uğurlu əməliyyatın keçirilməsini xatırlamıram”.
Pletençuk izah edib ki, dəniz-desant kampaniyası yalnız ümumihərbi əməliyyat çərçivəsində ola bilər. Yəni desant əməliyyatının həyata keçirilməsi üçün müvafiq şərait olmalıdır: irəliləyən əsas qoşunların mövcudluğu, sahilə yaxınlaşmaq imkanı və sair.
“Bunu 2022-ci ildə etmək mümkün olmayıbsa, o zaman rusların Qara dənizdə azı 5 böyük desant gəmisi vardı, indi niyə mümkün olsun? Üstəlik, o vaxtdan bəri sahil mühafizə sistemlərimiz də əhəmiyyətli dərəcədə güclənib, məsələn, “Neptun” raketləri Rusiyanın Taqanroqdakı strateji aviasiyasına “salam” göndərir. Ona görə də hazırda bu, Rusiya diktatorunun növbəti ritorikası kimi görünür”.
O həmçinin qeyd edib ki, Ukraynanın cənubunda Rusiyanın qarşısında üç su maneəsi var: Dnepr, Pivdenniy Buq və Tilqul limanı.
Ukrayna KİV-in yazdığına görə, Vladimir Putin Odessanı ələ keçirmək planı hazırlayır. İddiaya görə, Rusiya Ukraynanı Qara dənizdən ayırmaq və Kreml üçün strateji əhəmiyyətə malik Dnestryanı bölgəyə (Moldova) çıxmaq istəyir.
Vladimir Putin Odessanı “tarixi rus şəhəri” hesab edir. Qərb mənbələrinə görə, Kreml sahibi üçün bu şəhəri ələ keçirmək Ukraynaya qarşı müharibənin əsas məqsədidir.