BAKI, 29 oktyabr. TELEQRAF

Rusiya Ukraynanın Donetsk vilayətinin Pokrovsk aqlomerasiyasını mühasirəyə almaq üçün şəhər ətrafında 11 minlik qüvvə yerləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 7-ci Çevik Reaksiya Korpusu məlumat yayıb.

“Düşmən Pokrovsk aqlomerasiyasının mühasirəyə alınması planını həyata keçirmək üçün 11 minə yaxın hərbçini şəhər ətrafında yerləşdirib. Şəhərə soxulmağa nail olan düşmən qrupları Pokrovskun şimal-qərb və şimalına doğru irəliləmək niyyətindədir”, - məlumatda deyilir.

Qeyd olunur ki, ümumilikdə Ukrayna ordusunun 7-ci Korpusunun cavabdehlik zonasında Rusiya 27 minlik şəxsi heyət, 100-ə yaxın tank, 260-a qədər zirehli döyüş maşını və 160-a qədər müxtəlif tipli silah və minaatan toplayıb.

Ukrayna ordusu Pokrovskda müdafiə əməliyyatını davam etdirdiyini və Rusiya qüvvələrini məhv etdiklərini bəyan edib.