BAKI, 18 avqust. TELEQRAF

Avqustun 18-nə keçən gecə Rusiya ordusunun Ukraynanın Odessa vilayətinə irimiqyaslı PUA zərbəsi Azərbaycanın SOCAR şirkətinin obyektlərinin alovlanmasına səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Bölgədə gecə saatlarında hava xəbərdarlığı elan edilib. Ukrayna mənbələri bildiriblər ki, Rusiya ordusu Odessanı Qara dəniz üzərindən İran istehsalı “Şahid” tipli PUA-larla hədəfə alıb.

Hücumdan sonra Odessa şəhərinin sakinləri silsilə partlayış səsləri eşidiblər.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin regional qərargahının mətbuat xidmətindən verilən məlumata görə, zərbələr nəticəsində yanacaq-energetika infrastrukturu obyektində genişmiqyaslı yanğın baş verib.

Odessa vilayət Prokurorluğunun mətbuat xidmətinin məlumatına əsasən, Rusiyanın hücumu nəticəsində kanalizasiya nasos stansiyası dağıdılıb. Yerli sakinlər və müəssisələrin işçiləri xəsarət almayıb. Artıq hərbi cinayətlər faktları üzrə (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 1-ci hissəsi) ibtidai istintaqa başlanılıb.

Yerli mənbələr hücum nəticəsində Azərbaycanın neft şirkəti SOCAR-ın terminalları və “Novaya Poşta”nın binasının yanması barədə məlumat yayıblar.

Hüquq-mühafizə orqanlarındakı mənbə bu məlumatı UNIAN-a təsdiqləyib: “Bəli, neft şirkətinin obyektlərinə və “Nova Poşta”nın binasına ziyan dəyib”.