BAKI, 18 iyul. TELEQRAF
Ukrayna xarici silah istehsalçılarına ən yeni silahlarını Rusiyaya qarşı müharibədə birbaşa döyüş meydanında sınamağa imkan verəcək.
Teleqraf “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın dövlət tərəfindən maliyyələşdirilən “Brave1” platforması məlumat yayıb.
Belə ki, yeni start verilən “Ukraynada sınaqlar” adlı sxem çərçivəsində şirkətlər öz məhsullarını Ukraynaya göndərə, onların istifadəsi üzrə onlayn təlimlər keçirə və daha sonra bu silahların birbaşa döyüş meydanında istifadəsi haqqında hesabatlar əldə edə bilər.
“Bu bizə texnologiyaların əlçatanlığını, şirkətlərə isə ön xətdə həqiqətən nəyin işə yaradığını anlamağa imkan verir”, - agentliyə müsahibəsində “Brave1”in nümayəndəsi Artyom Moroz bildirib.
Onun sözlərinə görə, bu sxem böyük maraq doğurur. Lakin o, layihədə iştirak etməyə razılıq verən şirkətlərin adlarını, eləcə də sxemin fəaliyyəti haqqında təfərrüatları açıqlamaqdan imtina edib.
Bununla yanaşı, Moroz əlavə edib ki, “Brave1” platforması sınamaq istədiyi hərbi texnologiyaların siyahısını tərtib edib. Prioritetlərdən biri hava hücumundan müdafiə vasitələridir.
“Bizim prioritetlər siyahımız var. Onlardan biri hava hücumundan müdafiədir: yeni hava hücumundan müdafiə vasitələri, PUA-lara qarşı vasitələr, süni intellektli sistemlər, sürüşən bombalara qarşı bütün həllər”, - o izah edib.
Bildirilib ki, Ukraynanın prioritetləri arasında yerdə elektron profilləmə sistemləri, qabaqcıl atəş idarəetmə sistemləri və ya haubitsaların dəqiqliyini artırmaq üçün süni intellekt naviqasiyası da var.