
BAKI, 20 iyun. TELEQRAF
Almaniya xarici işlər naziri Yohan Vadeful İsrail-İran münaqişəsinin diqqəti Ukraynadakı müharibədən yayındırmasından narahat olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o, ölkəsinin Ukraynanı unutmadığını deyib.
“Bəli, bu, narahatedicidir. Biz Ukraynanı da unutmuruq. Eyni şey kütləvi itkilərin olduğu Sudan və Cənubi Sudan kimi digər silahlı münaqişələrə və humanitar fəlakətlərə də aiddir”, - o vurğulayıb.
Vadeful qeyd edib ki, Qərbin Rusiyaya qarşı siyasəti nə qədər ardıcıl olarsa, Kreml sahibi Vladimir Putinin danışıqlara razılıq vermə ehtimalı bir o qədər çox olar:
“Bu, o deməkdir ki, hərbi dəstəyi dayandırmamalıyıq: Kiyevə kömək etməyə davam etməliyik. Bu, azadlığımız üçün lazımdır. Avropalılar qətiyyətlidir, amma addımlarımızı ABŞ ilə yaxından əlaqələndirsək, bunlar daha təsirli olacaq. Əgər bu, uğurlu olarsa, Putin danışıqlara daha tez hazır olacaq”.
Vadeful Rusiya xarici işlər naziri Sergey Lavrovla birbaşa danışıqların mümkünlüyünü də dəyərləndirib və bunun baş verməsi üçün şərtlərin yerinə yetirilməli olduğunu vurğulayıb:
“Birincisi, biz avropalılar qərar verməliyik ki, Moskvadakı rəhbərliklə danışıqların mənası varmı? Ukrayna ilə danışıqlar üçün təklif qıtlığı yoxdur. Çatışmayan Putinin hücumlarını dayandırmaq istəməməsi ilə bağlıdır”.