BAKI, 18 may. TELEQRAF
Almaniya kansleri Fridrix Merts Ukraynaya “Taurus” qanadlı raketlərinin təchizatı mövzusunu ictimai müzakirədən çıxarmağa çalışır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova öz “Telegram” kanalında yazıb.
Zaxarovanın fikrincə, kanslerin Almaniyanın Ukrayna ordusunu uzaqmənzilli raketlərlə təchiz etmək niyyətində olmadığı barədə sözləri onların guya münaqişənin sülh yolu ilə həllinə çalışdıqlarının göstəricisi deyil.
"Əslində, Berlinin Ukraynaya neçə ədəd və nə vaxt qanadlı raket verdiyini heç kim bilməyəcək", - paylaşımda deyilir.
Zaxarova həmçinin “Taurus” raketlərinin verilməsi məsələsinin ictimai müzakirəsinin Rusiya üçün strateji üstünlük olduğu barədə Mertsin sözlərini xatırladıb. Onun sözlərinə görə, məhz bu səbəbdən Almaniya rəhbərliyi təchizat haqqında məlumatı gizlətməyə çalışır.
Rusiya XİN-in sözçüsü hesab edir ki, Berlin üçün prioritet atəşkəs deyil, "aqressiv narrativlər" və Avropanın təhlükəsizliyinə təhdid yaradan qərarların qəbulu zamanı söz azadlığının məhdudlaşdırılmasıdır.