BAKI, 18 aprel. TELEQRAF
Almaniyanın yeni seçilmiş Kansleri Fridrix Merts Kiyevə “Taurus” raketlərini tədarük edəcəyi təqdirdə ölkəni birbaşa Rusiya-Ukrayna müharibəsinin tərəfinə çevirəcək.
Teleqraf xəbər verir ki, bunu amerikalı analitik Gilbert Dokrou deyib.
“Almaniya Ukraynaya “Taurus” tədarük etməyə başlaya və onu idarə etmək üçün mütəxəssislər göndərə bilər. Başqa sözlə, Merts Almaniyanı müharibənin birbaşa tərəfinə və legitim hədəfə çevirməyə hazırdır”, - ekspert vurğulayıb.
Dokrou qeyd edib ki, Ukrayna bu raketlə Krım körpüsünü vura bilər: “Almaniya belə bir addıma cavab verməyə hazırdırmı?”
Amerikalı ekspert əlavə edib ki, Krım körpüsü Ukraynanın işğal edilmiş əraziləri ilə Rusiya arasında quru əlaqəsini təmin edən yeganə yoldur. Rusiya dəfələrlə körpünün vurulmaması barədə Ukrayna və avropalı tərəfdaşlarına xəbərdarlıq edib. Ukrayna üçillik müharibədə körpünü vurmaqdan çəkinib.
Xatırladaq ki, Almaniyanın hazırkı Kansleri Olaf Şolts müharibənin başlamasından bəri sözügedən raketlərin Ukraynaya tədarükündən imtina edir. Şoltsun xələfi Merts isə ötən gün vəzifəsinin icrasına başladıqdan sonra Ukraynaya “Taurus”ların tədarükünə başlanıla biləcəyini açıqlayıb. Həmin gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, Ukrayna gələcəkdə bu raketlərlə federasiya ərazilərinə zərbələr endirsə, Moskva Almaniyanı müharibədə tərəf kimi qəbul edəcək.
Almaniyanın yeni kansleri vəzifəsinin icrasına mayın 6-da başlayacaq.