BAKI, 14 aprel. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin müharibədə 100 min hərbçi itirdiyini deməyib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

Nikiforov qeyd edib ki, dövlət başçısı ABŞ-nin “CBS News” telekanalına müsahibəsi zamanı 100 minlik itkidən danışmayıb. Onun sözlərinə görə, telekanal bu rəqəmi onunla müsahibədən sonra açıqlayıb.

“Qeyd edək ki, süjetdəki səsli mətndə 100 min rəqəmi eşidilir. Müsahibədə isə bu barədə danışılmır”, - Nikiforov vurğulayıb.

Prezidentin mətbuat katibi insanlara Zelenskinin müsahibəsini dinləməyi və oxumağı tövsiyə edib.

Xatırladaq ki, “CBS News” bundan əvvəl Volodimir Zelenskinin Ukraynanın Rusiya ilə müharibədə 100 min hərbçi, 13 min mülki insan itirdiyini açıqladığını iddia etmişdi.

Ukrayna prezidenti son olaraq ötən ilin payızında təxminən 43 000 hərbçinin müharibədə həlak olduğunu açıqlamışdı.