BAKI, 18 mart. TELEQRAF

NATO üzvləri Polşa, Litva, Latviya və Estoniya Rusiyadan artan hərbi təhlükə fonunda piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxmaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə dörd ölkənin müdafiə nazirləri bu gün yaydıqları birgə bəyanatda bildiriblər.

“Rusiya və Belarusla həmsərhəd olan NATO-ya üzv dövlətlərə qarşı hərbi təhdidlər ciddi şəkildə artıb”, - bəyanatda deyilir.

Müdafiə nazirləri alyansın həssas şərq cinahı və sərhədlərinin müdafiəsi baxımından yeni silah sistemlərinin mümkün istifadəsi və qərarların qəbul edilməsinin önəminə diqqət çəkiblər.​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​

Xatırladaq ki, piyada əleyhinə minaların istifadəsini, saxlanılmasını, istehsalını və ötürülməsini qadağan edən Ottava Müqaviləsi 1997-ci ildə 160-dan çox ölkə tərəfindən qəbul edilib. Rusiya bura daxil deyil.

Bəyanatda qeyd olunur ki, konvensiya Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən təzyiqlərə məruz qalıb. Nazirlərin birgə bəyanatında açıqlanan tövsiyə bu dövlətlərin konvensiyadan çıxacaqları anlamına gəlir. Bu addım sayəsində Polşa və üç Baltikyanı ölkə sərhədlərində piyada əleyhinə minalardan istifadəni bərpa edə biləcək.

“Bu qərarla açıq bir siqnal göndəririk ki, ölkələrimiz təhlükəsizliklərini qorumaq üçün bütün zəruri vasitələrdən istifadə etməyə hazırdır və buna qadirdir”, - bəyanatda vurğulanır.​

“Reuters”in məlumatına görə, Litvanın konvensiyadan çıxacağı barədə ölkənin müdafiə naziri Dovil Sakaliyen ayrıca bəyanat verib. Onun sözlərinə görə, regionun sərhədlərinin effektiv mühafizəsini təmin etmək üçün planlı iş lazımdır. Bundan əlavə, dekabr ayında NATO-ya yeni üzv olan Finlandiya da Rusiyanın Ukraynada piyada əleyhinə minalardan istifadə etdiyinə görə sazişdən çıxmağı nəzərdən keçirdiyini açıqlayıb.