BAKI, 31 avqust. TELEQRAF

Abşeron rayonunda fəaliyyət göstərən mebel sexi cərimə olunub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ərazisində yerləşən “Filiz mebel” adlı sahibkarlıq obyektinin fasadında müvafiq icazə olmadan 5,48 kvadrat metr reklam yerləşdirilməsi müəyyən olunub.

Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi tərəfindən sahibkarlıq obyektinin barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə protokol tərtib olunub.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə sahibkar 1500 manat məbləğində cərimə olunub.

Qərardan narazı qalan “Filiz mebel” adlı sahibkarlıq obyektinin sahibi tərəfindən apellyasiya şikayəti verilib.

Şikayətçi qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini istəyib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.