BAKI. 30 iyul. TELEQRAF

İyulun 27-də axşam saat 23:00-da Şabran rayonunun Uzunboyad kəndində dava baş verib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, kənd sakini Zöhrab Sədrəddin oğlu Əliyev icarə əsasında işlətdiyi “Ruslanın kafesi”ndə digər kənd sakini Nurlan Dadaş oğlu Dadaşov ilə söyüş üstündə mübahisə edib.

Onların mübahisəsi dava ilə nəticələnib. Həmin vaxt kafedə digər sakinlərlə yanaşı, N. Dadaşovun qohumları da olub.

Mübahisə zamanı N.Dadaşov Z. Əliyevə bıçaq xəsarətləri yetirib. Yaralı qolundan, qarın nahiyəsindən və əlindən bıçaq zərbələri alıb.

Z.Əliyev dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun həyatına təhlükə yoxdur.

Hadisə ilə bağlı ekspertiza təyin olunub.

Qeyd olunub ki, Z.Əliyevə N.Dadaşov dərəcəsi müəyyən edilməyən xəsarət yetirib.

Ekspertizanın rəyindən sonra məsələyə hüquqi qiymət veriləcək.

Hazırda faktla bağlı araşdırma aparılır.