MİNGƏÇEVİR, 25 may. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat yayıb.

Teleqraf xəbər verir ki, məlumatda dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunduğu bildirilir.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "T-140" markalı traktorun "QAZ- 24" markalı minik avtomobilini yedəyə alıb sərt yamacı qalxan zaman hər iki nəqliyyat vasitəsinin aşdığı və vətəndaşların köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən aşmış traktorun altında qalmış sürücü - 1993-cü il təvəllüdlü Mustafayev Firdovsi İlqar oğlunun meyiti və traktorda olan müxtəlif dərəcəli bədən xəsarətləri almış sərnişin - 1988-ci il təvəllüdlü Bəkirov Nicat Səfər oğlu aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

20.41

Mingəçevir ərazisində, balıq vətəgəsi yaxınlığında "Qaz 31" markalı avtomobil gölməçədə batıb.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, köməyə traktor çağırılıb.

Gənc Mingəçevir sakini Firdovsi Mustafayev idarə etdiyi traktorla "Qaz 31"-i qoşquya salıb aparıb. Traktorun təkəri çökəyə düşüb və hər iki nəqliyyat vasitəsi aşıb.

Sürücü yıxılaraq traktorun altına düşüb və hadisə yerində keçinib.

1988-ci il təvəllüdlü yaralı Bəkirov Nicat Səfər oğlu isə təcili xəstəxanaya çatdırılıb.

Yaralı cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

18.42

Mingəçevirdə traktorun aşması insan ölümü ilə nəticələnib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə "vaqon-şəhərcik" deyilən ərazidə baş verib.

İlkin məlumata görə, traktorda olan iki kişidən biri traktorun altında qalaraq ölüb. Digər kişi isə yaralı halda xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.