BAKI, 7 aprel. TELEQRAF

Şəmkir rayonu ərazisində 3 nəfərin sürücüyə zor tətbiq edərək avtomobildə olan 332 min manatdan çox pulu ələ keçirilməsinin təfərrüatları məlum olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Sabirkənd kəndinin yaxınlığında çöllük ərazidə baş verib.

Məlumata görə, Bakı-Qazax marşrutu üzrə taksi fəaliyyəti ilə məşğul olan Famil Balacanov mütəmadi qaydada vətəndaş S.Əhmədova məxsus böyük məbləğdə xarici valyutanı Azərbaycan-Gürcüstan sərhədinə apararaq, orada dollara çevirib və Bakıda sahibinə təhvil verib.

F.Balacanovun tanışı - taksi sürücüsü Rasim Cəfərov bundan xəbər tutub. R.Cəfərov bu barədə özünün tanışları İsrapıl Baljanov və İsrafil Tağıyevi məlumatlandırıb. Sonuncu 3 nəfər F.Balacanovun aparıb-gətirdiyi böyük məbləğdə pulu ələ keçirmək üçün plan qurublar. Bunun üçün vatsap tətbiqi və sosial şəbəkə vasitəsilə müzakirələr aparıblar.

Hadisəyə görə, həbs olunan İsrapıl Baljanov Gürcüstan vətəndaşıdır. Bakı şəhərində yaşayır. Rasim Cəfərov isə Qazax rayonunun Daş Salahlı kənd sakinidir və orada yaşayır.

Hadisəni törədənlərdən biri - 39 yaşlı İsrafil Tağıyev əslən gədəbəylidir. Uzun illərdir Rusiyada yaşayır və ticarətlə məşğul olur. Dörd uşaq atası olan İ.Tağıyev son 15 ildə Azərbaycana gəlməyib. Onun bu qədər fasilədən sonra vətənə dönüşü də məhz həmin quldurluq hadisəsi ilə bağlı olub.

Bütün məsələləri öz aralarında razılaşdırdıqdan sonra İ.Tağıyev təyyarə vasitəsilə Bakıya gəlib və İsrapıl Baljanovla görüşüb.

Famil Balacanov növbəti dəfə Bakıdan Qazaxa Novruz bayramı tətili günlərində - mart ayının 22-də gecə saatlarında gedib. Bu dəfə S.Əhmədov ona dollara dəyişmək üçün 16 milyon rubl (332 min 800 manat) verib.

Rasim Cəfərov bundan xəbər tutub və İsrapıl Baljanovla İsrafil Tağıyevi məlumatlandırıb. Sonuncu iki nəfər Qazaxa getmək adı ilə Bakı avtovağzalına gəliblər və taksiyə oturublar. İ.Baljanov ön, İ.Tağıyev isə sürücünün arxasında olan oturacaqda əyləşib.

Plana əsasən, onlar Hacıqabul rayonu ərazisində sürücüyə hədə-qorxu gələrək avtomobilin yük yerində olan pulu almalıymışlar. Hər iki şəxs bunun üçün əvvəldən hazırlıq görüb. İsrapıl Baljanov özü ilə gözyaşardıcı qaz balonu götürüb.

Onlar pulu ələ keçirdikdən sonra Bakı şəhərinə qayıtmalı və Azərbaycanı tərk etməliymişlər. Lakin Hacıqabul ərazisində planlarını reallaşdıra bilməyiblər. Bir neçə dəfə cəhd etsələr də, uyğun şərait olmayıb. Ona görə də yollarına davam ediblər.

Yolda İ.Baljanov və İ.Tağıyev taksi sürücüsünün Azərbaycan-Gürcüstan sərhədinə qədər getdiyini dəqiqləşdirib. Şəmkirə çatanda isə artıq mənzil başına az məsafə qaldığı qənaətinə gəliblər. Ona görə də planlarını burada icra ediblər.

Onlar Şəmkrin Sabirkənd kəndi ərazisində - çöllük bir yerdə ayaqyoluna getmək adı ilə avtomobili saxladıblar. Bu zaman İsrapıl Baljanov özündə olan gözyaşardıcı qazı sürücü Famil Balacanovun üzünə sıxıb. Sürücü avtomobildən düşərək qaçıb. Quldurluq hadisəsini törədənlər qaranlıqda onun arxasınca qaçıblar, amma tuta bilməyiblər. F.Balacanov oradan Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib. Eyni zamanda vatsap vasitəsilə ərazinin dəqiq xəritəsini göndərib.

İ.Baljanov və İ.Tağıyev avtomobilin yük yerində olan 16 milyon rublu ələ keçiriblər. Lakin onlar ya ehtiyat etdiklərinə, ya da sürücü açarı özü ilə götürdüyünə görə avtomobilə əyləşməyiblər və piyada Şəmkirdə yolayrıcı deyilən yerə qədər gəliblər. Onlar Bakıya qayıtmaq planından imtina ediblər və taksi ilə Gədəbəyə - İsrafil Tağıyevgilə gediblər. Burada pulu öz aralarında bölüblər. İ.Tağıyev pulun bir qismini borclarını ödəməyə sərf edib. Onun iki övladı Gədəbəydə qohumlarının yanında qalır.

Hadisənin üstü isə cəmi iki gün sonra açılıb. Əvvəlcə İ.Baljanov və İ.Tağıyev, sonra isə onlara kömək edən Rasim Cəfərov saxlanılıb. Məhkəmənin qərarı ilə şübhəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir.