Göyçay rayonunda 1999-cu il təvəllüdlü Mahir şəxsi münasibətlər zəminində yaranan münaqişə nəticəsində tanışı Emini (adlar şərti verilib – red.) bıçaqlayıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 2020-ci ilin noybarın 27-də Göyçay rayonu, Heydər Əliyev prospektində baş verib.
İstintaq orqanı tərəfindən Mahirin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, onların yaşadığı dalanda yüngül həyat tərzi keçirən Mahirə və digər xanımlar yaşayır: “Həmin ünvana daim yad adamlar gəlir, həmin evdə həmişə səs-küy olur. Əyləncələr keçirilir ki, bu hal qonşular arasında, eləcə də məndə narazılıq yaradıb. Dəfələrlə bu barədə Mahirəyə bildirsəm də, o, buna əhəmiyyət verməyib”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkmiş Emini uşaqlıqdan tanıyıb və onunla yaxşı münasibəti olub: “Həmin vaxt qonşular arasında gəzən şayiələrdən eşitmişdim ki, Emin də tez-tez Mahirənin evinə gəlir və həmin evdə təşkil olunan əyləncələrdə iştirak edir. Hadisə günü saat 21 radələrində yaşadığım evin yaxınlığında dalanda olan zaman Emin idarə etdiyi avtomobili ilə Mahirəni və yanında bir nəfər kirayə yaşayan Zəminə adlı qızı gətirərək onların yaşadığı evin yanında düşürtdüyünü gördüm. Emin geriyə qayıdanda dalandakı döngədə əlim ilə işarə etdim, avtomobili saxlatdım ki, ona iradımı bildirdim. Emindən yerə düşməsini xahiş etdim. Emin əksinə mənə avtomobildə söhbət etməyimizi təklif etdi. Mən isə Eminə avtomobilinə əyləşməyəcəyimi və yerdə onunla söhbət edə biləcəyimi söylədim”.
Mahir qeyd edib ki, bu zaman Emin avtomobildən yerə düşüb: “Mənə aqressiv formada “sən kimsən mənimlə söhbət edəsən, mənə nəsə öyrədəsən, mən özüm bilərəm bura kimi düşürdürəm, get işinlə məşğul ol” deyərək boyun nahiyəmdən bir dəfə yumruqla, sol ayağımdan isə təpiklə vurdu. Eminə sadəcə qohum-qonşulardan ayıb olduğunu və hamının onun bu hərəkətlərinə pis baxdığını bildirdim. Emin mənə və ailə üzvlərimin ünvanına ağır ifadələrlə nalayiq söyüşlər söydü. Məni təhqir etdi.
Artıq Eminin ağır söyüş söyməsinə dözmədim. Əsəbiləşdiyimdən gödəkçəmin cibində olan kiçik qatlanan bıçağı çıxardaraq Eminin qarnının müxtəlif yerlərindən vurdum. Bundan sonra ondan aralandım. Emin isə üzərimə yeriyəndə Mahirə yanımıza yaxınlaşdı. Bu zaman Emin dayandı. Mahirə aramıza girdi, Eminə avtomobilə əyləşməsini bildirdi. Emin də avtomobilə əyləşdi. Mən isə hadisə yerindən uzaqlaşdım. Hadisə yerindən uzaqlaşarkən Emini vurduğum bıçağı bir neçə metr aralıda yolun solunda otluq yerə atdım”.
Mahir deyib ki, Emin Mahirə ilə birlikdə öz avtomobili ilə dalandan çıxaraq uzaqlaşıb: “Bundan sonra yaşadığım evə getdim. Hadisə barədə atama danışdım. Bir az sonra isə polis əməkdaşları yaşadığım ünvana gəldilər. Mən də onlarla birlikdə polis şöbəsinə gəldim, hadisənin nə cür baş verməsi barədə izahat verdim”.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mahirin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olamaqla 3 il 29 gün müddətinə şərti cəza verilib.