Bakının Nizami rayonunda 2004-cü il təvəllüdlü Rahib mübahisə zamanı Afiqə xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il avqustun 14-də baş verib. Rahib Afiqi bıçaqla vurub.

İstintaq orqanı tərəfindən Rahibin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Rahib bildirib ki, Bərdənin Məmmədli kəndində qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır: “272 saylı orta məktəbdə oxumuşam. Hazırda heç bir yerdə işləmirəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 14-də saat 19 radələrində Nizami rayonu ərazisində yerləşən 61 saylı orta məktəbin qarşısında hərəkət edə-edə mobil telefonla “tiktok” sosial şəbəkəsində canlı yayım açıb və canlı yayıma qoşulan tanımadığı şəxslərə “ortalıqda Rahibdir” sözünü işlədib:

“Bu zaman əvvəllər 3-4 dəfə gördüyüm, məhəllədən tanıdığım, adının sonradan Afiq olduğunu bildiyim şəxs mənimlə üzbəüz gəldi. Mənim “tiktok” sosial şəbəkəsində dediyim “ortaqlıqda Rahibdir” sözünü eşitdiyi üçün Afiq dayandı. “Ortalıqda Rahibdir” sözünü öz üzərinə götürdü və mənə “indi neyniyim” sözünü dedi.

Sözün ona aidiyyəti olmadığını bildirdim, hər deyiləni öz üzərinə götürməməyi məsləhət gördüm. Afiq isə mənə ”sən indi "borzu"san, idmançısan” dedi və mənimlə mübahisə etməyə başladı. Getmək istəmədiyini görüb ondan nə istədiyini soruşdum. Mənə kənarda söhbət etməyi təklif etdi. Birlikdə piyada hərəkət edə-edə Naxçıvanski küçəsindəki “Orxan” adlanan marketin yanında, heç kimin olmadığı qarajların yanına getdik”.

Rahibin ifadəsinə görə, orada söhbət zamanı bir daha Afiqə sözü ona demədiyini, hər sözü öz üzərinə götürməklə düzgün etmədiyini qeyd edib: “Bu zaman Afiqdən onun ünvanına yox, ümumilikdə söyüş söyəcəyim təqdirdə həmin söyüşü də öz üzərinə götürüb-götürməyəcəyini soruşdum. Bu vaxt anidən, gözləmədiyim anda Afiq sağ əli ilə sifət nahiyəmdən 2 yumruq zərbəsi endirdi və məni nalayiq ifadələrlə təhqir etdi.

Zərbənin təsirindən geri çəkildim, belimdə olan cib bıçağımla Afiqin bədən nahiyəsindən iki dəfə vurdum. Həm mənim, həm də Rafiqin ortaq dostu Ayxan “Orxan” marketdən çıxdı və qışqıra-qışqıra “dalaşmayın” deyərək olduğumuz yerə gəldilər. Ayxanı görən kimi arxaya çəkildim. Afiq mənim fikrimin yayınmasından istifadə edərək yumruqla sifət nahiyəmdən yenidən vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Ayxan gələrək bizi aralaşdırdı. Mən qaçaraq getdim”.

Rahib qeyd edib ki, hadisə zamanı onun yanında heç kim olmayıb: “Mən tək olmuşam. Ayxan bizi aralaşdırdıqdan sonra getmək istədim. Bu zaman məşq yoldaşım “Şoşu” ləqəbli Şahin ora gəldi. Şahin keçmiş məşq yoldaşım olduğu üçün barəmdə heç bir məlumata malik olmayıb. Hadisə zamanı üzərimdə meyvə doğramaq üçün cib bıçağı olub. Dava zamanı bıçaq əlimdən yerə düşüb. Bıçağın sonrakı aqibəti barədə məlumatım olmayıb”.

Rahib ifadəsinin sonunda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını deyib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Afiqin sözlərinə görə, ailəsi ilə birlikdə kirayədə yaşayır: “Avqustun 14-də saat 19 radələrində dostum Ayxanın işlədiyi “Orxan” marketə gedərək görüşdüm. Bir az söhbət etdikdən sonra evə qayıdan zaman mağazanın yaxınlığında əvvəllər iki-üç dəfə gördüyüm və adının sonradan Rahib olduğunu öyrəndiyim şəxs yaxınlığımdan keçdi . Keçən zaman üzümə baxaraq dedi ki, “ortalıqda Rahibdi” dedi.

Mən də ona dedim ki, hə, indi neyniym? Bu zaman Rahib “mən sözü ortalığa atıram, sən niyə öz üstüvə götürürsən” dedi. Rahib mənə kənarda söhbət etməyi təklif etdi. “Orxan” marketin yanında heç kim olmayan kənar yerə çəkildik. Rahib mənə “mən ortalığa ayıb söz atsam, sən öz üstünə götürəsən” soruşdu. Rahibə “nə gic-gic danışırsan” deyərək sifətindən 2 yumruq vurdum. O, belindən bıçaq çıxardaraq sol kürək nahiyəmdən vurdu”.

Rahib 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib.