SUMQAYIT, 20 fevral. TELEQRAF

"Şəhidlik mərtəbəsinə ucalan xalamla qürur duyuruq. İndiyə qədər gözümüz yollarda idi, çox şükür ki, nəşi tapıldı".

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Mehriban Qarayevanın bacısı qızı Aytac Ədilova deyib.

"Xalam könüllü şəkildə tibb bacısı kimi cəbhəyə yollanıb, qəhrəmancasına döyüşüb. Mənim o zaman 12 yaşım vardı. Xalam da gənc idi, xayalları vardı. Mərhum babam onun döyüş bölgəsinə getməsini istəməyib, onun nə zamansa gələcəyinə ümid etdiyi üçün bizə hər hansı abidə qoymağa icazə vermədi. Həmişə onun yolunu gözləyirdi. Çox şükür ki, bu gün onu dəfn etdik, artıq ziyarətinə gələ biləcəyik".

Mehriban Qarayevanın xidmət yoldaşı Vidadi Əsgərov isə deyib ki, o hərbi hissəyə gələn gündən müharibədə iştirak etmək istəyib:

"Tibb bacısı kimi bizim hərbi hissəyə gəlmişdi. Çox ünsiyyətimiz olmadı. Gələn gündən elə deyirdi bir döyüş olsaydı, gedərdik. Döyüşlər də elə həmin ərəfədə başladı, əraziyə yollandıq. Mehriban xanım ora gedəndə maşındaydı, onları düşmən pusquya salıb, atəş açmağa başlayıb. Bu zaman birinci ona güllə dəyib".