BAKI, 20 fevral. TELEQRAF
"Rafiq Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun 1-ci kurs tələbəsi ikən orduya gedib".
Teleqraf xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsində itkin düşmüş Rafiq Hüseynovun dayısı Allahverdi Zeynalov şəhidin Lökbatanda yerləşən Şəhidlər Xiyabanında gerçəkləşən dəfn mərasimində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə şəhidin vətən sevgisi ali təhsilini yarımçıq qoymasına səbəb olub.
"Vətənə sevgi, vətənə qayğı onun qanında var idi. O, vətənin dar günündə dözməyib institutu yarımçıq qoyub və orduya qoşuldu. Az müddət sonra da şəhid oldu.
Valideynləri onun dərdindən rəhmətə getdi. Anası onun yolunu gözləyə-gözləyə qaldı.
Bu gün nə qədər kədərli olsa da, eyni zamanda gözəl gündür. Çünki artıq gözümüz yolda qalmayacaq", - şəhidin dayısı vurğulayıb.
Rafiq Hüseynovun bacısı Sona Hüseynova qardaşının nəşinin tapılması və dəfn olunmasına görə dövlətə təşəkkür edib.
"Artıq qardaşımızın bir məzarı var və öz vətənimizdədir. Rafiqlə sonuncu dəfə 12 yaşım olanda danışmışdım. O qaçaraq gəlib bizimlə görüşüb getmişdi, o anı heç vaxt unutmuram. Uzun müddət ondan xəbər ala bilmədik. 34 ildən sonra isə nəşi tapıldı".
Qeyd edək ki, R.Hüseynov 1974-cü ilin aprelin 16-da Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. O, 1992-ci ilin iyunun 15-də Ağdərə rayonunun Sırxavənd kəndində itkin düşüb.