BAKI, 15 yanvar. TELEQRAF

Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

"Bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da havanın yağıntılı olacağı və yağıntıların sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, minimal temperatur Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq rayonlarda 5-10, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda bəzi yollar buz bağlayacaq”, - o qeyd edib.