Bu gün Tovuz rayonunun Aşağı Quşcu kəndinin 1 nömrəli tam orta məktəbində zəhərlənməyə səbəb olan pelət sobası nədir və neçə müddətdir məktəblərdə işlədilir?

Teleqraf.com-un Qərb bürosunun əldə etdiyi məlumata görə, sözügedən yanacaq növü üç ildən artıqdır istifadə olunur.

Bu yanacaq növünün tərkibi ağac qırıntılarının preslənmiş formasıdır. Məktəb 1961-ci ildə inşa edilib, istilik sistemi quraşdırılmayıb. Son üç ilə qədər odun və dizel yanacaq sobaları ilə isidilib. Hadisə məktəbin iki sinifində baş verib. Tıxanan soba anidən tüstü verməyə başlayıb.

Kənd icra nümayəndəsi Ələsgər Əliyev Teleqraf.com-un Qərb bürosuna bildirib ki, məktəb bir müddətdir bu vasitə ilə isidilir.

"Mənşəyini biz bilmirik. Elm və Təhsil Nazirliyi daha yaxşı bilər. Onu deyim ki, məktəb köhnə olduğundan burada istilik sistemi qurulmayıb. Məndə olan məlumata görə, tüstülənmə siniflərdən başlayıb və qısa zamanda bütün məktəbə yayılıb", - deyə Ə. Əliyev bildirib.

Hadisə yerinə rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, prokurorluq nümayəndələri, polis, Tovuz-Qazax Regional Təhsil İdaresinin rəsmiləri gəlib. Elm və Təhsil Nazirliyinin özündən isə rəsmi nümayəndələr indiyədək gəlməyib. Məktəb iki növbəlidir və 351 şagird təhsil alır. Hadisədən sonra ikinci növbə üçün tədris təxirə salınıb. Buna səbəb hadisədən sonra məktəbdə iyin olması və ehtiyat tədbirləridir.

Tovuz-Qazax Regional Təhsil İdarəsindən isə Teleqraf.com-a bildirilib ki, istifadə olunan soba ekoloji cəhətdən təhlükəsiz hesab olunur.

Qeyd edək ki, zəhərlənənlərin sayı 71 nəfərə çatıb.