BAKI, 22 iyun. TELEQRAF
Ölkəmizdə uşaqların zərərli informasiyadan qorunması, onların rəqəmsal mühitdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı qanunvericilik mexanizmi mövcuddur. Azərbaycan beynəlxalq Konvensiyalara qoşulub, eyni zamanda 1998-ci ildə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunub. Bu sahədə uşaqların hüquqlarının qorunmasının daha da təkmilləşdirilməsi üçün ayrıca olaraq, 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” da qanunu qəbul edilib.
Bu sözləri Teleqraf-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Professor bildirib ki, mövcud qanun 2020-ci ildən qüvvədədir:
“İnzibati Xətalar Məcəlləsində uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması halları ilə bağlı fiziki, vəzifəli və hüquqi şəxslərə cərimə sanksiyaları tətbiq edilir. Milli Məclisin ötən payız sessiyasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa uşaqları qorumaq üçün jarqon, qeyri-əxlaqi ifadələri, narkotik vasitələri, psixotrop maddələri, alkoqolu təbliğ edən informasiya axınının qarşısını alması istiqamətində çox vacib əlavə və dəyişiklik edildi. Bu dəyişiklik yeniyetmə və gənclərin zərərli informasiyadan qorunmasının təmin edilməsinə imkan yaradır.
Hazırda müxtəlif informasiya resurslarından, o cümlədən, sosial şəbəkələrdən istifadə edirik. Bu, günümüzün reallığıdır. Lakin, internetin, müasir texnologiyaların müsbət cəhətləri ilə yanaşı, insanların davranışlarına, düşüncəsinə, xüsusi ilə, uşaqların sosial inkişafına ziyan vuran mənfi məqamları da var. Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar, internetdə və mətbuatda yayımlanan bəzi video və filmlər, televiziya verilişləri yeniyetmələrin düşüncəsinə, dünyagörüşünə mənfi təsir edir. Belə hallar yeniyetmələri təhsildən yayındırır. Onlarda başqa zərərli vərdişlərdə aludə yaradır. Bir çox hallarda aqressiv davranmalarına və nəticə etibarilə qanunazidd hərəkətlərə yol vermələrinə səbəb olur. Əfsuslar olsun ki, belə hadisələr haqqında mediada məlumatlara rast gəlirik. Buna görə də bu sahədə qanunvericiliyin daha da gücləndirilməsinə ehtiyac yaranır”.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” 27 fevral 2026-cı il tarixli sərəncamı məhz bu zərurətin təzahürüdür:
“Həmin sənədə əsasən, uşaqları rəqəmsal mühitdəki zərərli təsirlərdən qorumaq üçün sosial şəbəkələrdə yaş məhdudiyyətləri, məktəblərdə elektron cihaz istifadəsi qaydaları və kiber-təhlükəsizlik tədrisi nəzərdə tutulur. Nazirlər Kabineti və müvafiq qurumlar tərəfindən uşaqların onlayn təhlükəsizliyini təmin edən hüquqi və texnoloji mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər görülür.
Sözsüz ki, uşaqların sosial mediaya çıxışının məhdudlaşdırılıb-məhdudlaşdırılmaması 2024-2025-ci illər və elə hazırkı dövr üçün rəqəmsal siyasətdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Dünyanın hər yerində hökumətlər yetkinlik yaşına çatmayanları kibertəhdidlərdən, zorakılıqdan, zərərli məzmundan və zehni sağlamlığa mənfi təsirlərdən qorumaq üçün yaş məhdudiyyətlərindən tutmuş birbaşa qadağalara qədər müxtəlif tədbirlər həyata keçirirlər. Avropanın bir sıra ölkələrində, ABŞ-də, Çində artıq təcrübə var. Eləcə də, Türkiyə Böyük Millət Məclisi tərəfindən 15 yaşına çatmamış uşaqların sosial media şəbəkələrindən istifadəsinə rəsmən qadağa qoyulması ilə bağlı qərar qəbul edildi.
Bu məsələ ilə bağlı fikirlər və təklifləri biz müxtəlif ictimai müzakirələr zamanı, o cümlədən, Milli Məclisdə müvafiq dövlət qurumlarının, millət vəkillərinin, vətəndaş cəmiyyətinin iştirakı ilə keçirilən dinləmələrdə səsləndirmişik. Azərbaycanda uşaqların sosial şəbəkələrdəki zərərli təsirlərdən qorunması məqsədilə qanunvericiliyə, 16 və ya 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə hesab açmasının məhdudlaşdırılması mümkündür. Sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu dövrdə, uşaqların psixoloji sağlamlığı üçün nəzarətsiz istifadənin qarşısının alınması vacibdir. Bu tədbirlərin tətbiqi, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək üçün sosial şəbəkə platformaları üçün də məsuliyyət yaradır. Bu azyaşlıları kiberzorakılıq, mənfi məzmun və psixoloji fəsadlardan qorumaq üçün zəruri hesab olunur. Təhsil, rəqəmsal savadlılıq və zərərin minimuma endirilməsinə əsaslanan alternativ yanaşmalar uzunmüddətli perspektivdə daha davamlı ola bilər.
Artıq məlumdur ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuş üzrə Milli Məclisin plenar iclasında qəbul edildi. Mövcud qanunvericiliyə ediləcək əlavə və dəyişikliklərin əsas məqsədi – uşaqları qorumaq, hüquqlarını müdafiə etmək, övladlarımızın həm fiziki, həm mənəvi, həm də psixi sağlamlığına mənfi təsirlərin azaldılması və onların təhlükəsizliyini təmin etməkdir. Bu əlavə və dəyişikliklər əsasında yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulması ilə bağlı inzibatı qaydada məsuliyyət müəyyən ediləcəkdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində qanun pozuntuları üzrə müvafiq cərimələr nəzərdə tutulub. Əsasən sosial şəbəkə platformaları tərəfindən qanunvericiliyin tələblərinin yerinə yetirilməməsinə görə vəzifəli və hüquqi şəxslər üzrə müxtəlif cərimələr nəzərdə tutulur. Azərbaycanın qoşulduğu beynəlxalq konvensiya və milli qanunvericiliyə əsasən 18 yaşadək şəxslərin uşaq sayıldığını nəzərə alaraq, uşaqların sosial şəbəkə platformalarının təsirlərindən qorunması üçün 16 yaşadək və 16-18 yaş arası yanaşması seçilmişdir. 16 yaşadək uşaqların platformalarda hesab yaratmasına yol verilmir, 16-18 yaş arası uşaqlar üçün isə bunu valideyn icazəsi ilə edə bilərlər. Qanun 12 aydan sonra qüvvəyə minəcəkdir. Bu müddət ərzində yaş yoxlaması tətbiq ediləcək sosial şəbəkə platformalarının siyahısının müəyyənləşdirilməsi, maarifləndirmə, məlumatlandırma, təlimlər, texniki həllərin seçimi həyata keçiriləcəkdir”.
Hicran Hüseynova hesab edir ki, uşaqlarımızın müdafiəsi üçün hər birimiz mənəvi və sosial məsuliyyət daşıyırıq:
“Bəzən düşünürük ki, uşaq evdədir. Qonşu otaqda kompüter arxasında və ya telefonla vaxt keçirir. Ancaq bu o demək deyil ki, övladımız hansısa təsirlərdən, təhlükələrdən uzaqdır? Təhlillər də göstərir ki, ekran qarşısında, oturaq şəkildə saatlarla hərəkətsiz qalmaq, yaşına uyğun olmayan məzmunlara baxmaq uşaqlarda psixoloji gərginliyi artırır, qeyri-adi davranışa, müxtəlif cür zərərli vərdişlərə və hərəkətlərə, valideynlərinə, öz yaşıdlarına, ətrafındakı şəxslərə qarşı kobud davranışa və ya itaətkarsızlığa, hətta intihara sövq edilməsi kimi hallara gətirib çıxarır. Bu isə həm uşaqların həyatında, həm də cəmiyyətdə ciddi fəsadlar yaradır. Hazırda sual "qadağan etmək və ya etməmək" deyil. Əsas məsələ- uşaqları inkişaf, öyrənmə və sosial qarşılıqlı əlaqə üçün vacib imkanlardan məhrum etmədən real dünya təhlükələrindən qoruyan rəqəmsal mühitin necə yaradılması məsələsidir. Ona görə də, valideynlər, sosial şəbəkə platformaları uşaqları rəqəmsal mühitdəki fəaliyyətlərinə, onların zərərli təsirlərdən qorumasına məsuldurlar”.