BAKI, 24 dekabr. TELEQRAF

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclası keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Ali Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclasda Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı dövrünü yaşayır. Ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib. Sürətli və dinamik sosial-iqtisadi inkişaf, yüksək rifah, sabitlik və təhlükəsizlik Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edib. 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində tarixi torpaqlarımız olan Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoyulması ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.

Vurğulanıb ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış strategiyası, aparılan genişmiqyaslı quruculuq işləri, məskunlaşma Azərbaycan dövlətinin iqtisadi qüdrətinin daha bir göstəricisidir. Görülən işlərin tərkib hissəsi kimi reallaşan Zəngəzur dəhlizi Naxçıvan Muxtar Respublikasının ölkəmizin digər bölgələri ilə quru əlaqəsini təmin etməklə yanaşı, həm də muxtar respublikanın inkişafında yeni mərhələnin əsasını qoyacağı diqqətə çatdırılıb.

Ali Məclis sədrinin birinci müavini bildirib ki, sadalanan bu uğurlar Prezident İlham Əliyevə böyük xalq sevgisi qazandırıb. Qürurverici haldır ki, vaxtilə doğum günlərində cəbhə bölgələrində olan Müzəffər Ali Baş Komandan artıq hər il doğum gününü işğaldan azad olunmuş torpaqlarda yeni sosial obyektlərin, inzibati binaların və istehsal sahələrinin istifadəyə verilməsi ilə, ən əsası isə abad şəhər və kəndlərdə məskunlaşan sakinlərlə birgə qeyd edir.

Bəxtiyar Məmmədov Prezident İlham Əliyevi doğum günü münasibətilə Ali Məclis adından təbrik edib.

Ali Məclis sədrinin birinci müavini plenar iclasın gündəliyinə dörd məsələnin daxil edildiyini bildirib, gündəlik təsdiq olunub.

Gündəliyin birinci məsələsinin - “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev qanun layihəsi barədə məlumat verib, komitənin rəyini diqqətə çatdırıb.

Qanun layihəsi ilə əlaqədar çıxış edən Ali Məclis sədrinin müavini Arzu Abdullayev “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” qanun layihəsini ölkəmizin iqtisadi reallıqlarına və büdcə qanunvericiliyinin tələblərinə cavab verdiyini bildirib, qanun layihəsini yüksək qiymətləndirib.

Sonra qanun üçüncü oxunuşda qəbul olunub.

Daha sonra Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən maliyyə intizamının gücləndirilməsi, şəffaflıq və dayanıqlı büdcə idarəçiliyi siyasəti nəticəsində həm mərkəzi, həm də yerli büdcələrin idarə olunması yeni keyfiyyət mərhələsinə qədəm qoyub. 2026-cı il üçün Naxçıvan Muxtar Respublikasının büdcə layihəsi də bu yanaşmanın tərkib hissəsi olmaqla, sosial istiqamətlərin prioritetliyi və özünümaliyyələşdirmə potensialının genişləndirilməsi prinsiplərini əsas tutaraq hazırlanıb.

Gündəlikdəki ikinci məsələ - üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi ilə bağlı Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyevə məlumat verib, qanun səsə qoyularaq qəbul olunub.

Gündəlikdə duran üçüncü məsələ - “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirilib ki, qanun layihəsi Ali Məclisin 19 dekabr 2025-ci il tarixdə keçirilmiş plenar iclasında müzakirə edilmiş, söylənilmiş təkliflər nəzərə alınmaqla onun üzərində iş davam etdirilməklə Ali Məclisin protokol qaydasında qərarı ilə birinci oxunuşda qəbul edilib.

Qanun layihəsi barədə Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırdıqdan sonra qanun ikinci oxunuşda qəbul edilib.

Sonda Ali Məclis Aparatının İqtisadi məsələlər şöbəsinin müdiri Nihad Möhbalıyev Ali Məclisin 2026-cı il xərclər smetası haqqında məlumat verib.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-ci il üçün xərclər smetası haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Bununla da Ali Məclisin növbəti plenar iclası öz işini başa çatdırıb.