Türkiyədə fəaliyyət göstərən “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Türkiyənin yay aylarında Şimali İraqda quru əməliyyatlarına başlayacağı bildirilir. Artıq bununla bağlı İraqla anlaşma da əldə edilib. Anlaşmaya görə, Türkiyə İraqın 30-35 kilometr dərinliyinədək təhlükəsiz zona yaradacaq, bölgəni PKK terror təşkilatından tam təmizləyəcək. Gözlənilən əməliyyat nə qədər effektli olacaq və bölgədə hansı gəlişmələrə yol açacaq?
- Türkiyə 13 ildən sonra ilk dəfə olaraq İraqa getdi. Səfər maraqla qarşılandı, çünki bu, Türkiyənin İraqın şimalında planlaşdırdığı irimiqyaslı əməliyyat öncəsinə təsadüf etdi. Türkiyə bura qədər də həm İraq, həm də Suriyanın şimalında antiterror əməliyyatları aparırdı. Amma xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər və MİT başqanı İbrahim Kalının İraqa son səfərində quru əməliyyatı ilə bağlı razılaşma əldə olundu. Bu əməliyyatlar sərhədlərin təhlükəsizliyi ilə yanaşı, Ankaranın planlaşdırdığı nəqliyyat dəhlizləri ilə əlaqəli “İnkişaf Yolu” layihəsi üçün lazımdır. İllərdir iqtisadi böhranla mübarizə aparan İraq da öz rifahı üçün bu əməliyyatlarda maraqlıdır. Ankaranın bölgəyə yönəlik iqtisadi projeləri Bağdadın da maraq dairəsindədir. Amma ölkə daxilində mövcud olan terror şəbəkəsi və siyasi hərc-mərclik Bağdada imkan vermir ki, sabit iqtisadiyyat qura bilsin.

PKK İraq üçün ciddi təhlükələr yaradır. Əvvəl ölkənin ucaqlarında yerləşən PKK terrorçuları artıq mərkəzədək gəlib çıxıblar. Buna görə də, PKK-nın qarşısını almaq üçün Türkiyədən yardım istədilər və 13 ildən sonra Ərdoğanla bir masa arxasında oturdular. Birgə anlaşma çərçivəsində PKK-ya qarşı tədbir görəcəklər. Artıq 30 ildən sonra ilk dəfə olaraq İraq Türkiyə ilə sərhədlərində sərhəd qoşunlarını yerləşdirməyə başlayıb, bu da terrorçuların bölgədə manevr imkanlarını daraldacaq. İraq-Türkiyə sərhədinin terrordan təmizlənməsi prosesi gedəcək. Bölgə terrordan tam təmizləndikdən sonra Türkiyə hərbi bazaları İraq ərazisində - sərhəddə yerləşdiriləcək. İraqın şimalının təhlükəsizliyi iki ölkə tərəfindən birgə təmin olunacaq. Beləliklə, uzun illərdən sonra ilk dəfə olaraq İraq-Türkiyə sərhədində sabitlik tam bərqərar olacaq.
- Türkiyənin İraqdakı hədəflərindən biri də, PKK-nın kök saldığı Süleymaniyyə bölgəsidir ki, burada da terrorçuları İran dəstəkləyir. Maraqlıdır ki, Türkiyə düşmənlərini dəstəkləyən Tehranın məqsədi nədir? Üstəgəl, PKK-nın bir qolu olan PJAK İranda yuva salıb və molla rejimi buna da göz yumur.
- Türkiyənin güclənməsi İranı narahat edir. Türkiyənin Yaxın Şərqlə yanaşı, Cənubi Qafqazda da söz sahibi olması Tehranda təşviş yaradıb. Buna görə də, Türkiyənin ətraf bölgələri terrordan təmizləməsi İranın maraqlarına uyğun deyil. İran Türkiyəyə mane olmaq üçün əlindən gələn hər şeyi edir. Bir də ki, İran həmişə mübarizə aparmağa çalışdığı güclərlə birbaşa qarşıdurmaya getməkdən yayınır. Bunu Qəzzada davam edən İsrail-HƏMAS savaşında da gördük. İran Suriyadakı səfirliyinin vurulmasına zəif cavab verdi. Çünki çəkinir, buna görə də həmişə proksi qüvvələrindən istifadə edir. Məsələn, husilər və “Hizbullah”dan İsrailə qarşı istifadə etməyə çalışır.
İran İraqda belə bir vasitədən Türkiyəyə qarşı istifadə edir, bu da Ankaranın xoşuna gəlmir. İranın İraqda terrorçulara verdiyi dəstək indinin mövzusu deyil, bu, həmişə belə olub. PJAK-ın özü illərlə İran hərbçiləri ilə döyüşüb. Amma buna baxmayaraq, İran həmişə onlara dəstək verib. Çünki həmin terror təşkilatlarının əsas hədəfi Türkiyədir, bu da İranı onlara yaxınlaşdırır. Təkcə İran yox, ABŞ də bu mənada həmin təşkilatlara dəstək verir. Məqsəd də Türkiyəni iqtisadi cəhətdən geri salmaqdır. Türkiyə də bunları nəzərə alaraq məsələni birdəfəlik bitirməyə hazırlaşır.
- Ermənistan Baş naziri Nikol Paşinyanın qondarma erməni soyqırımını araşdıracağı barədə məlumat var. Ermənistan parlamentinin komitə sədri Andranik Köçəryanın iddiasına görə, Pasinyan “soyqırımı” iddiasına inanmır. Artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan buna dəstəyini ifadə edib. Türkiyə ilə əlaqələrini normallaşdırmaq istədiyini bəyan edən İrəvan buna gedəcəkmi?
- Paşinyan erməniləri başla salmağa çalışır ki, belə iddialar Ermənistana zərər verir, onu geri salır. Məsələn, etirazlara baxmayaraq, 4 kəndin Ermənistana məxsus olmadığını və geri verilməli olduğunu söylədi.
“Soyqırımı”na gəlincə, bu, xaricdəki erməni diasporu və lobbisinin yaratdığı bir qondarma olaydır. Diaspor və lobbi də bundan həmişə öz maraqları üçün istifadə etməyə çalışıblar. Tarixdə belə bir olay baş verməyib. Sadəcə ermənilər 1915-ci ildə Osmanlıya xəyanət etdilər. Hətta Osmanlı rəhbərliyi bu xəyanətə qədər ermənilərə “sədaqətli millət” adını vermişdi. Amma kənar güclərin əlində alət olmağa maraq göstərən ermənilər xəyanət etdilər. Hamısı yox, xəyanət edənlər barəsində də köçürülmə qərarı verildi. Bu zaman bir türk əsgəri bir erməniyə də güllə atmayıb. Çətin coğrafi və hava şərtləri, yolların kənarında yuva salmış qeyri-türk silahlı dəstələrinin açdıqları atəş nəticəsində bir neçə erməni ölmüşdü. İllər sonra bu bir neçə ermənidən “1.5 milyon” düzəltdilər. Əsl teatrdır.
Həmin vaxt ölənlərə gəlincə, bütün reallıq arxivlərdədir. Əgər 1.5 milyon insan ölübsə, hanı onların ad və soyadları? Paşinyan da bunu deyir ki, varsa, ortaya çıxaraq. Bu da ona qarşı olan qüvvələri və bu oyunu davam etdirmək istəyənləri narahat edir. Çünki arxivlər açılsa, bütün yalanları üzə çıxacaq. Ankara təklifini verib ki, arxivlər birgə açılsın. Əgər İrəvan həqiqətən də Türkiyə ilə əlaqələri normallaşdırmaq istəyirsə, buna gedəcək. Ermənilər təkcə “soyqırımı” yox, həm də Türkiyəyə qarşı ərazi iddiasındadırlar. Bu davam etdikcə, münasibətlər necə normallaşa bilər? Türkiyə normallaşmaya hazırdır, hər şey Ermənistandan asılıdır. Paşinyan siyasi iradə göstərməli və düşmənçiliyi bitirən o addımı atmalıdır.
- Avqustun 1-dək “Zvartnots” hava limanındakı (İrəvan) Rusiya sərhədçiləri çıxarılacaq. Növbəti mərhələdə Ermənistanın Türkiyə ilə sərhədindəki Rusiya sərhədçilərinin də çıxarılacağı barədə iddialar var. Belə bir gəlişmə nə qədər mümkündür?
- Rusiya hərbçiləri artıq Azərbaycan ərazisindən də çıxmağa başlayıb. Bu da müsbət hadisədir. Rusiya sərhədçiləri Ermənistandan da çıxsalar, üçüncü qüvvələrin bölgəyə müdaxilələrinin qarşısını almaq olar. Bundan sonra sərhədlər müəyyənləşsə və sülh müqaviləsi də imzalansa, bölgədə dayanıqlı sabitlik yaratmaq mümkün olacaq. Ermənistan bunun üçün təkcə Rusiya sərhədçiləri yox, Avropa Birliyinin müşahidəçilərini də ərazisindən çıxarmalıdır. Çünki istənilən üçüncü bir tərəfin ölkədəki varlığı digər müdaxilələrə yol aça bilər. Yalnız üçüncü qüvvələr bölgədən tam çıxarıldıqdan sonra Azərbaycan və Ermənistan öz sərhədlərinin mühafizəsini sərhəd qoşunlarına verəcək. Biz buna hazırıq, Ermənistan da etməlidir. Hələlik gedişat müsbət yöndədir.
Rusiya sərhədçilərinin Türkiyə sərhədindən çıxarılmasına gəlincə, indiki halda bunun baş verəcəyini düşünmürəm. Çünki danışıqlar olmalıdır, hələlik isə İrəvandan da bu yöndə rəsmi açıqlama yoxdur. Digər yandan, bölgədə hərbi qüvvə saxlamaq Rusiya üçün əlavə problemlər yaradır. Ukraynada müharibəni davam etdirən Rusiya üçün kənarda hərbi qüvvə saxlamaq əlavə xərc deməkdir, iqtisadi durum isə o qədər də yaxşı deyil. Bu, həm də Türkiyə və Ermənistan arasındakı anlaşmadan da asılıdır. Ankara və İrəvan normallaşma yönündə praktiki addımların icrasına başlasalar Rusiya sərhədçiləri də çıxarılacaq.