Zahid Oruc: "İsa Qəmbər vaxtilə yaratdığı mexanizmin girovudur"
Suallarımıza Milli Məclisin deputatı, parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc cavab verib. Müsahibimiz təmsil etdiyi komitədə hazırlanan qanun layihələri, qanunlara edilməsi gözlənilən əlavə və dəyişikliklərdən danışıb. Deputat "KİV haqqında qanun"a ediləcəyi söylənilən əlavələr, elektron media ilə bağlı son təşəbbüslər, siyasi partiyaların maliyyələşməsi haqda YAP-ın təşəbbüsü barədə danışıb, habelə hərbi sirrin yayılması, kəşfiyyat və əks-kəşfiyyat haqda, ordu haqda qanunvericiliyə də dəyişikliklərin ola biləcəyini ifadə edib. Zahid Oruc Müsavat Partiyasının qurultayı və yeni başqanın kim olacağı, İsa Qəmbərin siyasətdən gedib-getməyəcəyi haqda da fikirlərini açıqlayıb.
- Zahid bəy, üzvü olduğunuz Təhlükəsizlik və Müdafiə Komitəsində hansı məsələlər müzakirə edilib və hansı layihələr parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq?
- 15 sentyabrdan sonra komitələr səviyyəsində iş başlayır. Oktyabrın 1-dən isə parlamentin payız sessiyasına start veriləcək. Buna qədərki zamanda parlamentin müxtəlif komitələrində üzərində iş aparılan layihələrin başa çatdırılması reallaşa və plenar iclaslara təqdimatı ola bilər. Təhlükəsizlik və Müdafiə Komitəsində isə indiyə qədər hərbçilərin statusu haqqında məsələ əhəmiyyətli idi və bunun üçün zərurət də formalaşmışdı. Ümumən Azərbaycanın müdafiə sahəsi ilə əlaqəli qanunvericilik ötən illərdə qəbul edilib və onların yeni dövrün tələblərinə uyğunlaşdırılmasına ehtiyac var. Məhz bundan ötrü müxtəlif hökumət strukturunun nümayəndələrindən ibarət idarələrarası bir komissiya formalaşdırılıb. Bu qurum səviyyəsində bütün bu sferanın fəaliyyətini tənzimləyən normativ aktların hər birinin monitorinqi aparılıb. Mən indi deyə bilmərəm ki, bir sıra sənədlər vahid sənəddə birləşdiriləcək. Ancaq çox ehtimal ki, gələcəkdə bu sahədə addımlar atıla bilər. Bunun da başlıca məqsədi ordu sferasında bütün münasibətləri hüquqa tabe etdirmək, eyni zamanda, islahatları sürətləndirmək, kollegial idarəçiliyi təmin etmək, əsgər-zabit münasibətlərini tənzimləmək, beynəlxalq hərbi əlaqələri gücləndirməkdir.
- Həmkarınız Siyavuş Novruzov bildirib ki, payız sessiyasında müəyyən təkliflər qaldırılacaq, xüsusilə, elektron media ilə bağlı dəyişikliklər olacaq, sosial şəbəkələrdə və saytlarda şərh yazanlar şəxsiyyət vəsiqəsinin seriyasını da yazmağa məcbur olacaq. Sizin bu təşəbbüsdən xəbəriniz varmı?
- Mən bu haqda məlumatlıyam. Birincisi, nəzərə almalıyıq ki, indi dünyada informasiya təhlükəsizliyinə münasibət 90-cı illərin parametrləri ilə müqayisədə fərqlidir. İndi dünyada hər hansı informasiyanı ələ keçirməyin forma və metodları müasirləşib, sürətlənib, əlçatanlıq artıb. Bu gün istənilən mobil daşınan qurğunu istənilən yerə atmaq kifayətdir ki, oradan audio və video xarakterli məlumatı götürmək mümkün olsun. Müharibə dövründə isə belə şeylər daha da intensivləşir. Hörmətli Ramiz Mehdiyevin media rəhbərləri ilə keçirdiyi müşavirənin başlıca məqsədi Azərbaycanın dövlət və milli maraqlarını qorumaq idi. Əgər media vasitələri ayrı-ayrı hallarda hərbi həyatımızla bağlı nəyisə aşkarlayaraq guya cəmiyyətə çıxarmaq adı ilə mövqe tutacaqsa, bu ümumi məqsədlərimizə ziyan vuracaq. Dediyimiz bu məsələ Ağdam cəbhəsində ermənilərlə son toqquşma və bu fonda ayrı-ayrı media təmsilçilərinin fəaliyyətindən doğdu. Düşünürəm ki, ilk növbədə "Dövlət sirri haqqında" qanunun ayrı-ayrı müddəalarına yenidən baxmaq lazımdır. Qeyd edək ki, Eduard Sneyder hadisəsi, yəni ABŞ kəşfiyyatçısının Rusiyada sığınacaq qazanması ilə dünyada elektron casusluq fəaliyyətinin bütün parametrlərini açması fonunda hər kəs əmin oldu ki, sadəcə istənilən struktura planşet keçirməyi qadağan etməklə problem həll edilməyəcək. Burada başqa xarakterli tədbirlər görülməlidir ki, məsuliyyət artsın, təkcə inzibati qaydalarla deyil, vətəndaş şüuru ilə də tənzimləyə bilsin. ABŞ-da vətəndaş informasiyanı yaymağa meyllidir. Dövlət də vətəndaşı stimullaşdırır ki, xəbərləri yay. Çünki sən bununla kəşfiyyat orqanlarına köməklik edirsən, onlar da bilir ki, harada zəiflik göstəriblər. Odur ki, yüz illiklərlə dövlətçilik təcrübəsi olan ölkənin normasını və sistemini avtomatik şəkildə bizə daşımaq olmaz. Bu gün Azərbaycanda mətbuat Tovuz istiqamətində texnikanın hərəkətini, yerləşmə formasını, kənd camaatının oranı sürətlə tərk etməsi haqda xəbəri yaymaqla, doğrudanmı, dövlətə köməklik edir? Bu zaman uydurulan məlumatları gerçək informasiya kimi verəndə, həmin cinahda sanki düşmənə köməklik edirik. İndiki mərhələdə informasiya müharibəsinin real toqquşmalardan önə keçdiyini gördüyümüz halda Azərbaycan mətbuatında bizim düşmənlə savaşan generallara nə qədər ehtiyacımız olduğunu hamımız dərk etməliyik. Buna görə də, müxtəlif qanunlara dəyişiklik ola bilər. O cümlədən də həmkarım Novruzovun dediyi kimi "KİV haqda qanun"a dəyişikliklər etmək mümkündür. Lakin bunun məqsədi müxtəlif media strukturlarını əzmək, onların azadlıq dairəsini daraltmaq, fəaliyyətini ancaq hökumətdən asılı etmək kimi niyyətlər yoxdur. Və ya bundan siyasi maraqlara görə faydalanmaq məsələsi də yoxdur. Bu sırf təhlükəsizlik aspektindədir. Bu yöndə əlavə və dəyişikliklər zəruridir və deputatlar bu təşəbbüsə dəstək verə bilərlər.
- Siyasi partiyaların maliyyələşməsi haqda yeni təkliflər nədən ibarətdir?
- Mənim müşahidələrimə görə, Azərbaycanda partiyaların maliyyələşməsi partiyalaşma sisteminin fərqli istiqamətdə inkişaf etməsinə təkan verdi. Bu da həqiqətən təşkilatların bölgələrdə daha ciddi strukturlarını yaratması, seçkili təmsilçilərinin orada fəal çalışmasına səbəb olur. Bu göstərir ki, dövlətin dəstəyi partiyaların işinə yaradı. Azərbaycanda gələcəkdə 5-6 partiya quruculuğu baxımından bu olduqca önəmlidir. Büdcə sistemindən bir indikator kimi güclü formada istifadə etmək lazımdır. Bu həm də başqa bir mühüm məqsədə xidmət edir.Yəni keçmişdə siyasi partiyalar xüsusi kriminal pullardan, işbaz dairələrdən asılı idi, həmçinin bir əldən gələn vəsait partiyaların daxilindəki demokratik mühiti məhv edirdi. Məşhur ifadə ilə desək, pulu verən şəxs həm də sifarişi müəyyən edirdi. Bu gün müxalifət daxilində başqanlıq yarışına baxanda görürük ki, hakimiyyət düşərgəsində kimisə qınayanların özləri 20-25 ildir ki, bir təşkilatın rəhbərliyində təmsil olunublar. Əvəzolunmaz olurlar və alternativ namizəd sürülmədiyi şəraitdə bu partiyalara sədrlik edirlər. Odur ki, partiyaların maliyyələşməsi bu təşkilatda hər bir şəxsin mübarizəsinin, gördüyü işin maliyyə ekvivalentidir. Onlar haqq edirlər desinlər ki, seçkidə partiya uğur əldə edibsə, burada mənim payım var. Bu təkcə gələcəkdə onların işlə təmin olunmasından ibarət deyil. İndi mənfi reallıq sınmaqdadır. Partiyaların maliyyələşməsində mexanizm 40-50-10 prinsipi üzərində formalaşıb. Sonuncu proporsiya parlament seçkilərində iştirak edən və 1 faizlik səs həddini keçən partiyalar üçün həmin vəsait qoyulub. Bu isə illik 200 min manat edir. İndi Novruzov təklif edir ki, bu vəsait ölü kapital kimi qalmasın və bölüşdürülsün. Bu normal mövqedir. Ancaq düşünmürəm ki, partiyalar sona qədər ancaq büdcə hesabına yaşayacaqlarını ehtimal etməlidirlər. Hər bir təşkilat başqa qanuni mənbələr də tapmalıdır.
- Müsavat Partiyasının qurultayı keçiriləcək. Bu haqda nə düşünürsünüz?
- Müsavat ŞADP deyilən bir qurumun bazası əsasında formalaşıb. Onda İsa Qəmbər təmsil etdiyi AXC-dən və Elçibəydən öncə Ali Sovetin rəhbəri seçilmişdi. O, AXC-dən fərqli bir qüvvəni ehtiyat qüvvə kimi saxlamışdı. Əslində, Elçibəy hakimiyyətinin süqutunun bir səbəbi də çoxpartiyalı sistem adı altında daxili işlər nazirinin Bozqurd, digərlərinin də başqa qurumlar yaratması idi. Bu gün Norveçdə və İsveçdə bu model yaxşı işləyə bilər. Amma Azərbaycanda sovetizmin hökm sürdüyü və düşüncədə yaşadığı bir təqdirdə buna getmək ciddi səhv idi və nəticədə buna uyğun idi. İsa Qəmbər vaxtilə yaratdığı mexanizmin girovudur. Onlar Qəddafi və digərlərinə ömürlük rəhbər desələr də, özləri partiya Qəddafisi oldular. İsa Qəmbər 4 il qurultayı keçirməməklə başqanlıq müddətini uzatdı. İsa Qəmbər cəmiyyətin qabaqcıl hissəsini öz arxasınca aparacaq səviyyəyə gəlib çıxa bilmədi. Mən Oksfordu bitirənləri demirəm, orta reytinqli qərb universitetini bitirən tələbələrimiz Müsavatın timsalında gələcəklərini görmürlər. İsa Qəmbər ətrafında olan şəxsləri də dəyişməz olaraq saxladı. İndi başqan seçdirəcəyi və Lalə Şövkət, Etibar Məmmədov təcrübəsindən sonra liderlik adı ilə idarə edəcəyi Arif Hacılı 20 ildən çoxdur ki, təşkilat üzrə müavindir. Əgər Arif Hacılı bu 20 ildə yaxşı təşkilatçı olubsa, hakimiyyətə gəlməli idi. Yox əgər, pis müavin olubsa, İsa Qəmbər onu əvəz etdirməli idi. Demək istəyirəm ki, bu illər ərzində onlarda kadr rotasiyası da normal getməyib. Gənclər də donor kimi bu partiyanın çevrəsində daşınmır. Faktiki olaraq cəmiyyət həyatında Müsavatın gələcəyi ilə bağlı müzakirələr yoxdur. Əslində bu, layihədir. Qurultaya qədər mediada gündəm yaradacaqlar ki, partiya insanların marağını cəlb etsin. Sonra Arif Hacılını başqan elan edəcəklər. İsa Qəmbərdə kənar və gizli iplərlə idarə edəcək. Odur ki, qurultay ətrafındakı hadisələr hakimiyyətin marağında deyil. Balaca klub səviyyəsində qalıblar, ancaq onun gələcəyində xalq partiyası modelinə malik olan Müsavat mövcud deyil.
Nemət Hüseynli
"Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.