BAKI, 8 aprel. TELEQRAF
Xaçmaz rayon sakini, 1992-ci il təvəllüdlü Səfər ər-arvadı intim görüntüləri ilə şantaj etməkdə ittiham olunub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, o, zərərçəkmiş Fuadın arvadı Günellə (adlar şərti verilib – red.) 2019-cu ildən etibarən müxtəlif yerlərdə olduğu intim münasibətlər zamanı çəkdiyi çılpaq foto və videogörüntüləri telefonun yaddaşında saxlayıb.
Daha sonra görüntüləri votsap vasitəsi ilə Fuada göndərib. Foto və videogörüntüləri sosial şəbəkələrdə yayacağı, onu rüsvay edəcəyi ilə hədələyib, 2021-ci ilin dekabrın 26-da “Koroğlu” metrostansiyasının qarşısında qadından 2000 manat alıb. Videoların köçürüldüyü yaddaş kartını Fuada verib.
O, təkrarən Fuada çılpaq foto və videogörüntüləri mobil telefonun yaddaşından silmədiyini bildirib. 2022-ci il yanvarın 5-də zəng edərək həmin görüntüləri sosial şəbəkələrdə yaymaması müqabilində 10.000 manat tələb edib.
Fuadın hüquq-mühafizə orqanlarına etdiyi şikayətindən sonra keçirilən əməliyyat nəticəsində Səfər həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.
Səfər ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərib ki, Günellə “Tik-tok”da tanış olub, bir müddətdən sonra görüşməyə başlayıblar: “Günelin evli olduğunu bilməmişəm. O, özünü subay kimi təqdim etdi. Bir müddət sonra Günelin əri Fuad mənə zəng etməyə başladı. Günelin əri olduğunu, nömrəmi onun telefonunda tapdığını söylədi, Güneli haradan tanımağım barədə soruşdu. Fuada dedi ki, Günel məni necə birlikdə yaşaya-yaşaya aldadıbsa, səni də elə aldadıb. Sonra məni söydü”.
“Məni öldürəcəyini dedi”
Təqsirləndirilən şəxs qeyd edib ki, Günel zəng edərək artıq boşanmaq üçün sənədləri verdiyini, ev tutacağım halda mənimlə birlikdə yaşayacağını dedi: "Məndə olan videolar Günellə təzə tanış olduğumuz vaxtlarda o özü göndərmişdi. Mən özüm heç bir video çəkməmişəm. O məni həmişə görüşə təhrik edirdi, yaşadığı evin ünvanını özü mənə vermişdi.
Daha sonra Günel məndəki video və şəkilləri özünə göndərməyimi, əks halda məni taparaq öldürəcəyini dedi. Mən də hamısını ona göndərdim ki, əl çəksin. Daha sonra nömrəmi dəyişdim. İki nömrəm vardı, ikisini də bilirdi.
Bir müddət sonra Günel zəng edərək Ayna Sultanovanın heykəli tərəfdə şirniyyat sexində işlədiyini dedi, ev taparaq bir yerdə yaşamağımızı təklif etdi. Onun anasının bizim münasibətlərimizdən xəbəri vardı. Ev tutduqdan sonra Günel anası və uşaqları ilə həmin evə köçdü. Günelin anası qızı ilə kəbin kədirməyimiz barədə söhbət etdi. O, 3-4 gün qaldıqdan sonra getdi.
Daha sonra Günel mənə qaldığımız yerin çox uzaq olduğunu, uşaqları məktəbə apara bilməyəcəyini söylədi. Məktəbin yaxınlığında bir ev tapdım, 10 gün orada qaldıq”.
“Zəng etməmişəm, pul istəməmişəm”
Təqsirləndirilən şəxs bildirib ki, Günellə dəqiq hansı tarixdə tanış olduqlarını xatırlamır: “Əvvəl evli olduğunu bilməmişəm. O, özünü subay kimi təqdim etmişdi. Onunla görüşmüşük, amma intim video və şəkilləri mən çəkməmişəm. Onları Günel çəkib mənə göndərib. Videoları saxlamqda başqa bir niyyətim olmayıb. Videolarda mənim görüntüm olmyıb, Günelin də üzü görsənməyib.
Tutulduğum vaxta qədər Günellə bir yerdə yaşamışam. Şəxsi istifadəmdə olan mobil telefon vasitəsilə Fuada zəng etməmişəm, ondan pul istəməmişəm. Pul məsələsini Fuad özü uyudurub ki, tutulum. Ümumiyyətlə mənim pula ehtiyacım olmayıb”.
Səfər ibtidai istintaq zamanı verdiyi ifadəsində fərqli danışıb. Məhkəmədə hakimlər heyəti onun ibtidai istintaqa verdiyi ifadəsini tədqiq ediblər.
“Lüt şəkillərini sosial şəbəkələrdə yayacağını dedim”
Səfər ifadəsində göstərib ki, Güneli təxminən 2020-ci ildən tanıyır, sosial şəbəkə vasitəsi ilə olublar: “Təxminən yanvar-fevral ayları ərzində Günellə öz razılığı ilə idarə etdiyim “Opel” markalı avtomaşının salonunda gizlin bir yerdə əlaqədə olduq. Onunla intim və lüt videogörüntüləri öz telefonuma çəkərək telefonunun qaleriyasında saxladım.
Sonradan öyrəndim ki, o, ailəlidir. Buna baxmayaraq Günellə münasibətim davam etdi. Bəzən onunla olan intim vəziyyətimizi və ya onun lüt şəkillərini ona votsapda atırdım. Münasibətimiz gizlin olaraq xeyli müddət davam etdi. Sonradan aramızda narazılıqlar yarandı və mənimlə görüşmək istəmədi. Mən də qorxutmaq üçün özümdə olan lüt şəkillərini sosial şəbəkələrdə yayacağını dedim, onunla görüşdüm.
Güneli bir daha qorxutmaq üçün əri Fuadın mobil telefon nömrəsinə zəng vurdum, "Koroğlu" metrostansiyasının qarşısında görüşmək üçün razılaşdıq”.
Səfər deyib ki, 2021-ci il dekabrın 26-da Fuadla görüşüb, intim lüt videogörüntü olan kartı ona verib: “Bundan sonra Günellə münasibətim daha da sındı. Fuada mesajlar göndərərək, Günelin intim və lüt videogörüntüləri silmədiyimi deedim, ondan pul tələb etdim. Amma pulu ala bilmədim. Eşitdim ki, Fuad polisə şikayət ərizəsi yazıb, onunla əlaqəmi kəsdim”.
“Pulumun olmasından xəbərdar idi”
İş üzrə zərərçəkmiş Fuadın sözlərinə görə, 2012-ci ildə Lənkəran şəhərində Günellə ailə qurub, aralarında 9 yaş fərq var: “İki oğlumuz var. Lənkərandan Bakı şəhərinə köçdük, hazırda Masazırda yaşayıram.
Restoranda inzibatçı işləyirdim, səhər saat 9-da işə gedirdim, gecə saat 1:00-3:00 arası evə qayıdırdım. Arvadımın mənə xəyanət etdiyini heç vaxt düşünmürdüm. Günlərin birində Qara Qarayev ərazisində olan zaman telefonuma zəng gəldi, kim olduğunu soruşdum. Zəng edən şəxs dedi ki, tez evə get, evə çatanda mənə xəbər elə, Günelə heç nə demə.
Evə getdim, qapıya çatanda mobil nömrəmə yüzlərlə intim videogörüntü və şəkillər göndərildi. Şəkil və videogörüntülər Səfərin idarəyə etdiyi avtomobildə, bizim yaşadığımız evdə, həmçinin Səfərlə Günelin kirayə tutduqları evdə gizlin çəkilmişdi. Bunları görəndə sarsıldım. Amma özümü itirmədim, Günelə “səbirli ol, mən araşdıracam, görüm nə məsələdir” dedim.
Səfər videokartları mənə verməyi müqabilində 2.000 manat istədi. Mən o qədər pulum olmadığını dedim. Amma Səfər demək olar ki, Günellə bütün günü evimdə olduğundan pulum olduğunu bilirdi”.
“Üzü açıq-aydın görünürdü”
Zərərçəkmiş deyib ki, gecə saatlarında Səfərlə Bakıda metronun yaxınlığında görüşüb: “Mənə iki yaddaş kartı verdi, “bundan başqa daha heç nə yoxdur” dedi. Görüş zamanı ona 2000 manat verdim. Bir müddət keçəndən sonra istifadəmdə olan nömrəyə ayrı-ayrı nömrələrdən, eləcə də xarici nömrələrdən zənglər gəldi.
Görüşdən 10-15 gün keçəndən sonra Səfər yenidən 10.000 manat istədi, məbləği verməyəcəyim təqdirdə videogörüntüləri, şəkilləri yayacağı ilə məni hədələdi. Ona pul vermədim. Səfər mütəmadi olaraq məni görüntüləri yayacağı ilə hədələyirdi. Bundan sonra şikayət ərazisi yazdım”.
Zərərçəkmiş pulu Səfərə el-oba içində biabır olmamaq üçün verdiyini söyləyib, ona göndərilən video görüntülərdə, şəkillərdə Günelin üzünün açıq-aydın göründüyünü bildirib. Əlavə edib ki, Günellə bu söhbətlərdən sonra boşanıblar.
Şahid qismində ifadə verən Günelin sözlərinə görə, Səfərlə təsadüfən tanış olublar: “Onunla öz istəyimlə yox, məcburiyyət qarşında danışmışam. O, mənə hədə-qorxu gəlirdi. Mən də buna görə polisə müraciət etdim”.
“Ona şəkil və ya video göndərməmişəm”
Günel qeyd edib ki, “Tik-tok” sosial şəbəkəsində uşağının ad günü videosunu paylaşıb: “Səfər də həmin videonu götürərək üzüm düşən kadrı ayrı-ayrı səhifələrdə paylaşıb. Daha sonra o, məni təhdid etməyə başladı ki, ya səni görəcəm, ya da şəkilərini paylaşacam. Bununla bağlı polisə şikayət etmişəm.
Ona lüt şəkillərimi, videolarımı göndərməmişəm. Səfərin Fuaddan pul istəməyi haqqında məlumatım olmayıb. Keçmiş ərimə verdiyi videoları, şəkilləri mənə göstərmişdi. Həmin şəkilləri, videoları Səfərin özü gizlin çəkib”.
Günelin sözlərinə görə, birinci dəfə Səfər ona yazmağa başlayıb: “Mən də ona ailəli olduğumu demişdim”.
Günel ibtidai istintaqa ifadəsində göstərib ki, Səfərlə Masazır kəndində həyətdə gizlin görüşüb: “Səfər görüşən vaxtı məndən xoşu gəldiyini və cinsi əlaqədə olmaq istədiyini bildirdi. Mən isə buna razı olmadım. Səfər isə “narahat olma bunu heç kəs bilməyəcək” dedi.
Səfər günün bütün saatlarında mənə vatsapda davamlı zənglər etdi, görüşmək istədi. Onun bu hərəkətləri barədə ərim Fuada məlumat verdim. O buna əhəmiyyət vermədi”.
“Münasibətlərimin doğru olduğunu etiraf etdim”
Günelin sözlərinə görə, 2021-ci il dekabrın sonlarında Səfər ona zəng edib və görüşmək istədiyini bildirib: “Dedim ki, bunun bir sonu olmalıdır, məndən əl çək. O, bunu qəbul etmədi, telefonunda cinsi əlaqələrimizin görüntüləri olduğunu dedi.
Eşitdim ki, ərimə zəng vurub və görüşərək intim foto və videogörüntü olan kartı ona verib. Fuad evə gələndə mənimlə danışdı. Əvvəl görüşməyimizi inkar etdim. Görüntüləri göstərəndə intim münasibətlərimizin doğru olduğunu etiraf etdim”.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səfər 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ümumi rejimli müəssisədə çəkilməsi müəyyən olunub.
Təqsirləndirilən şəxsin müdafiəçisi hökmdən apellyasiya şikayəti verib, təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin olunmasını xahiş edib.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.