BAKI, 26 yanvar. TELEQRAF

Azərbaycanda qəsdən adam öldürməyə cəhddə, qaçaqmalçılıqda, külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində, dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan İran vətəndaşı, 72 yaşlı Shokat Ali Hosseinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf-ın xəbərinə görə, Shokat Ali Hossein Əhməd Bəşiri Əhməd və Həmid Salmani ilə əlbir olaraq cinayət əlaqəsinə giriblər, İranın Parsabad şəhərinə gəliblər.

Əvvəlcədən razılaşdıqları kimi oradan 30 kiloqram marixuana və ov silahı götürüblər və ötən il aprelin 8-də gecə saatlarında Azərbaycan sərhədini Biləsuvar rayonu Cəbrayıl qəsəbəsi istiqamətində qanunsuz keçiblər.

Həmin vaxt sərhədçilərin “dayan” çağırışı verməsinə, bir neçə dəfə havaya xəbərdarlıq atəşi açmalarına məhəl qoymayıblar.

Ə.Bəşiri odlu silahdan sərhəd naryadının üzvlərinə üç dəfə atəş açıb, onları öldürməyə cəhd edib. Sərhəd naryad üzvlərinin xidməti odlu silahlardan açdıqları atəş nəticəsində Əhməd Bəşiri zərərsizləşdirilib. Ali Hossein saxlanılıb, qrupun digər üzvü Həmid Salmani isə hadisə yerindən qaçıb.

İş üzrə ifadə verən verən Ali Hossein özünü qismən təqsirli bilib. O, həmin vaxt isə sərxoş olduğunu deyib:

“Yaşadığım kənd Araz çayının kənarında yerləşir, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ilə həmsərhəddir. 72 yaşım var, bu günə kimi heç vaxt sərhədi pozmamışam. Parsabad şəhərinə hadisədən iki-üç gün əvvəl əkin sahəsində işləmək üçün gəlmişdim. Həmin vaxtı sərxoş olduğum üçün hara gedəcəyimi bilməmiəm, yaşadığı evə getmək əvəzinə azaraq Azərbaycan sərhəddinə doğru getmişəm. Xəstəyəm, baş ağrıları var. Tutulandan iki saat sonra özümə gələ bilmişəm”.

İran vətəndaşı bildirib ki, iki-üç ildir yay aylarında Parsabad şəhərinə əkin sahələrində işləmək üçün gedir, qışda isə Poldəşt şəhərinə qayıdır: “Cinayət işində adları keçən 45 yaşlı Əhməd Bəşirini tanıyıram, 40 yaşlı Həmid Salmani isə həmkəndlimdir. Mən içki içsəm də, onların heç biri içən deyillər. Saxlandığım gün onları görməmişəm. Mən sərhəddə yaxınlaşanda silah səsi eşitdim. Atəş səsinin İran, ya Azərbaycan tərəfdən gəldiyini bilməmişəm. Piyada hərəkət etdiyi üçün hərbçilər məni yanına çağırdı. Haradan gəlib, hara getdiyimi soruşdular. Sərxoş idim deyə normal cavab verə bilmədim. Əhmədin ölməsini görməmişən. Həmid Səlmanini isə sonuncu dəfə tutulmamışdan 2-3 ay əvvəl görmüşəm”.

Ali Hosseinin məhkəmədəki ifadəsi ilə istintaqdakı ifadəsi arasında ziddiyyət təşkil edib. Bu səbəbdən də onun istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilib.

O, istintaqa verdiyi ifadəsində ötən il aprelin 7-də günorta saatlarında həmkəndlisi Həmid Səlmaninin Əhməd Bəşiri ilə birgə onun yaşadığı evə gəldiklərini, içərisində 30 kiloqram narkotik olan üç ədəd bağlamanı sərhəddən keçirmək üçün köməklik istədiklərini, bunun qarşılığında ona 200 dollar verəcəklərini göstərib:

“Pula ehtiyacım olduğu üçün razılaşdım. Ertəsi gün onlarla görüşmək üçün Parsabat şəhərində yerləşən Təzəkənd kəndinə yollandım. Çöllük ərazidə Həmidin və Əhmədin üç ədəd qara rəngli bağlama ilə məni gözlədiklərini gördüm. Əhmədin əlində Vinçester tipli silah və bir gecəgörmə cihazı vardı. Bağlamaları götürüb sərhədə doğru getdik. Sərhədi sərhəd buraxılış məntəqəsindən kənar ərazidə keçdik. Bizə lazım olan yerə çatmağa 1 km qalmış Azərbaycan dilində bizə komanda verərək dayanmağımız bildirildi. Milliyətçə azərbaycanlı olduğum üçün komandanı başa düşdüm. Lakin Əhməd və Həmid fərqli istiqamətlərdə qaçmağa başladılar. Əhmədin odlu silahla hərbi qulluqçulara atəş açdığını, atışma baş verdiyini, atışma nəticəsində Əhmədin vurulduğunun gördüm. Həmid isə qaçaraq həmin yerdən uzaqlaşıb İran sərhədinə keçməyə nail oldu. Mən də qaçmağa çalışsam da hərbi qulluqçular tərəfindən saxlanıldım. Mənim sərhəd naryadını, hərbiçiləri öldürmək məqsədim olmayıb.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Ali Hossein 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.