BAKI, 29 dekabr. TELEQRAF
Lənkəranda 2003-cü il təvəllüdlü Bəhram qardaşı arvadını narahat edən 2000-ci il təvəllüdlü tanışı Təhməzi (adlar şərti verilib – red.) qətlə yetirib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, Bəhram qardaşı arvadı Ləmana sosial şəbəkələrdə Təhməzin ismarıclar yazaraq narahat etdiyini, eləcə də ailə üzvlərini söydüyünü öyrənib.
O, 2024-cü ilin oktyabrın 17-də saat 22.00-da şəhər ərazisində Təhməzlə görüş təyin edib.
Lənkəranın Qala Xiyabanı küçəsində görüşərək ikisi birlikdə piyada gəzib, şahmat məktəbinin qarşısına gəliblər. Bəhram burada Təhməzdən qardaşı arvadına sataşıb-sataşmadığını soruşub. Təhməz gülümsəyərək yaxşı elədiyini deyib.
O, Təhməzin ünvanına nalayiq ifadələr işlədib. Təhməz də ona cavab qaytardıqda üzərində olan bıçaqla ona zərbələr vurub. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, yaralının həyatını xilas etmək mümkün olmayıb.
İstintaq orqanı tərəfindən Bəhramın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
“Qisas almaq niyyətim olmayıb”
İş üzrə ifadə verən Bəhram ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Təhməzi tanıyırmış, münasibətləri həmişə yaxşı olub: “Qardaşım arvadı Ləman mənə Təhməz adlı bir nəfərin onu narahat etdiyini dedi. Onun tanışım Təhməz olduğunu öyrəndim. O, qardaşım arvadına hədə-qorxu gəlib, yaxın qohumlarını öldürəcəyini bildirib.
Təhməzlə görüşməkdə məqsədim məsələni aydınlaşdırmaq idi. Hadisə günü görüşdük. Söhbət zamanı Təhməz şahmat məktəbinin yanına getməyimizi istədi. Ondan Ləmanı niyə narahat etdiyini soruşdum. O da gülərək yaxşı etdiyini bildirdi. Sonra məni itələdi və nalayiq ifadələr işlətdi. Bundan sonra onu vurdum.
Üzərimdə həmişə bıçaq gəzdirirəm. Təhməzi öldürmək, qisas almaq kimi niyyətim olmayıb. Bir yanlışlıq olduğunu düşünərək məsələni aydınlaşdırmaq üçün onunla görüşmüşəm. Hadisəni tam xatırlamıram, neçə bıçaq vurduğumu, zərərçəkmiş şəxsin hansı nahiyəsinə zərbə endirdiyim də yadımda qalmayıb. Gözlərimi açanda hər ikimiz yerdəydik.
Ayağa qalxaraq hər ikimiz hadisə yerindən getdik. Sonra “Zeytun” adlı kafenin yanına yollandım, sonra da polisə təslim oldum”.
“Şəklini mənə göstərdi”
Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, Ləman 2024-cü ilin oktyabr ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda Təhməzin zəng etdiyini, növbəti dəfə isə avtomobillə ona yaxınlaşaraq onunla birgə yaşamağı tələb etdiyini, əks təqdirdə övladı ilə birlikdə onu qaçıracağını deyib:
“Ləman qardaşıma bu barədə məlumat vermək istəmədiyini, ərinin əsəbiləşərək Təhməzə xəsarət yetirə biləcəyindən qorxduğunu söylədi. Məsələni sakit şəkildə həll etməyimi xahiş elədi.
Hadisədən əvvəl anamın doğum günüydü. Həmin gün anam, atam, qardaşım, qardaşım arvadı, yəni bütün ailə üzvlərimiz Bakı şəhərində kirayədə qaldığımız evə yığışmışdılar. Ləman mobil telefonda onu narahat edən Təhməz adlı şəxsin şəklini mənə göstərdi. Bundan sonra bildim ki, narahat edən şəxs tanışım Təhməzdir”.
Bəhramın sözlərinə görə, bundan sonra Bakıda iş yerindən öz xahişi ilə ayrılıb: “Buna səbəb mənim tez-tez Lənkərana gəlməyim və işdən buna icazə verilməməsi idi. “Xalqlar Dostluğu” metrosunun yaxınlığından xatırlamadığım mağazadan bıçaq aldım.
Ona görə qıçaq oaldım ki, Lənkəranda Təhməzlə görüşən vaxt onun artıq-əskik danışacağı təqdirdə gücüm çatmayacağını düşündüm”.
“Yaxşı etdiyini söylədi”
Bəhram deyib ki, oktyabrın 17-də saat təqribən 22 radələrində Təhməzlə görüşüb: “O, ətrafda polislər gəzidyini və sakit bir yerdə söhbət etmək lazım olduğunu bildirdi. Hiss etdim ki, Təhməz Ləmanı narahat etməsindən xəbər tutduğumu bilir. Yoxsa elə deməzdi. Biz oradan “Boranı” restoranın yanı ilə “Lux” otelə doğru piyada getdik. Yolda ancaq iş barədə danışdıq.
Otelə çatdıqdan sonra şahmat məktəbinın qarşısına gələrək orada dayandıq. Burada da bir neçə dəqiqə işdən danışdıqdan sonra Təhməzdən Ləmanla danışıb-danışmamasını soruşdum. Öncə cavab vermədi. Ləmanın bizim gəlinimiz olduğunu bilib-bilməməsi ilə maraqlandım. Təhməz gülümsəyərək yaxşı elədiyini dedi.
Mən də əsəbiləşərk arxa sağ cibimdən çıxardığım bıçaqla onun xatırlamadığım nahiyələrinə zərbələr endirdim. Daha sonra ikimiz də yerə yıxıldıq. Mən ayağa qalxaraq üzü “Zeytun” kafesinə doğru qaçdım. Qaçarkən 7-8 metr sonra bıçağı yerə atdım”.
“Birlikdə şəklini oğlumun planşetində görmüşəm”
Zərərçəkmiş Təhməzin hüquqi varisi qismində ifadə verən anası Lətafətin sözlərinə görə, müəllim işləyir: “Oğlum oboy mağazasında çalışırdı. Həyat yoldaşım olmadığından müəllim maaşı ilə 2 övladımı təkbaşına böyüdüb onlara təhsil vermişəm.
Hadisə günü Təhməz məndən toya yazdırmağa pul istədi və evdən çıxdı. Axşam saat 10 radələrində yuxudan ayıldım. Təhməzin evə gəlmədiyini gördüm və ona zəng etdim. Zəngimə cavab vermədiyi üçün bibisi oğlu Səfərə zəng etdim və oğlumla maraqlandım. Hadisə barədə mənə o, məlumat verdi.
Xəstəxanaya getdim, oğlumun meyitini də qucaqlaya bilmədim. Təhməzin Ləmanla münasibətindən xəbərim olmayıb. Onların birlikdə şəklini sonradan oğlumun planşetində görmüşəm”.
“Ona intim video atmışam”
İş üzrə şahid qismində danışan Ləmanın ifadəsinə görə, hadisə günü xəstəxanada olub və Təhməzin ölməsini evə gələndən sonra bilib:
“Təhməz mənə 2024-cü ilin mart ayından yazmağa başladı. Onun mənə yazdığı nalayiq ifadələri Bəhrama və ev sakinlərinə göstərmişəm. Hədə-qorxu gəldiyi üçün ona intim video atmışam. İntihar etməyə cəhd etməyimin səbəb Təhməzin məni hədələməsi olub”.
İşə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Bəhram 17 il azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.